fim.az

Rauf Arifoğlunun «master-klass»ı və tənbəl müxalifət…

4-02-2020, 09:58

Rauf Arifoğlunun «master-klass»ı və tənbəl müxalifət…


Bir həftə sonra-fevralın 9-da parlament seçkiləridir. VI çağırış Milli Məslisdə 125 deputat yeri uğrunda 15 dəfə çox namizəd mübarizə aparır. Kənarda dayanıb «heç nə dəyişməyəcək» deyən tənbəl boykotçulara qulaq verməyin. Onlardan soruşsan ki, yaxşı, gəl sən bir siyahını göstər görək, kimləri parlamentdə görmək istərdin? Başdan öz adların yazardılar, sonra kimi? Varmı? Təəssüf ki, yoxdur! Elə həm də bu səbəbdən seçkiyə qatılmadılar.

Həm də seçki bir yarışdı - çalışmaq, seçki komandası qurmaq, canına əziyyət vermək, görüşlər keçirmək lazımdır. Bunlar isə özləri elə tənbəlləşiblər ki, yanındakı adamlar bu lal ətalətdən qorxaraq dağılışıblar. Bu illər ərzində çoxlarını iyrəndirdilər - müxalifətçilikdən də, hətta adamlıqdan da.

Bu liderlər hələ də anlamadılar ki, daha 90-cı illərin parlament davaları, qara-qışqırıqları dövrü keçdi. Ona görə yox ki, ölkədə siyasi polemika üçün mövzu, problem qalmayıb. Var, bunu iqtidar da inkar etmir. Amma daha heç vaxt 4-cü mikrofon üstə dartışmalar olmayacaq. Populizm, özünü pəncərədən atmaq istəyənlər, parlamentin iclas zalında hərə bir siqaret yandırıb millətin dərdinə «yanmaq» zamanı geri qayıtmayacaq.

Rauf Arifoğlunun «master-klass»ı və tənbəl müxalifət…


Rauf Arifoğlunun seçicilərlə görüşü

Baxın, seçkiyə müxalifət gücü çatan qədər namizəd verib. Amma hansısa bir diqqətçəkən görüş xəbəri olmayıb. İnanmırsızsa, internetdə axtarış verin, nəticəni özünüz görün. Ölkə müxalifəti sosial bazasını əsaslı şəkildə itirib, bu cür tənbəllikləri, mənasız didişmələr, dəyişməyən siyasi taktikaları sayəsində həm də. Amma o azsaylı elektoratı da seçkidən- seçkiyə hərəkətə gətirə bilmirlərsə, nəyə ümid edirlər?
Parlamentin tərkibi dəyişməlidir, amma daha döyüş-söyüş meydanı olmamalıdır. Təəssüf ki, bəzi köhnə deputatlar yenə özünü namizəd kimi ya YAP-ın siyahısına yazdırdı, ya da qeydiyyatdan keçib mandat almaq iştahındadırlar. Onlar da elə ölkədə dəyişikliyə qarşı olan qüvvələrdən fərqli və fərli deyillər.

Rauf Arifoğlunun «master-klass»ı və tənbəl müxalifət…


Rauf Arifoğlunun seçicilərlə görüşü

Eləcə də bəzi yeni simaların hakimiyyətin dəstəyinə arxayın olub, məsələn, parlamenti ralli meydançası ilə qarışıq salmaları məyusluq yaradır. İddialı olmaq yaxşıdır, amma bağışlayın, sənin qandığın qrafa doldurmaqsa, niyə parlamentə həvəslənirsən, niyə namizəd olursan? Nə üzlə axı? Hansı siyasi və ya hüquqi baqajla? Bu demokratiya, insan huququ- filan deyil. Bu, həm də cəmiyyəti bürüyən mənəmlik xəstəliyidir, şöhrətpəstlik və xudbinlikdir.

Rauf Arifoğlunun «master-klass»ı və tənbəl müxalifət…


Rauf Arifoğlunun seçicilərlə görüşü

Təəssüf ki, hakimiyyət onun qanadları altına sığınmış bu cür namizədlərin qarşısını vaxtında ala bilmədi. Ümid qalır 9 fevralda məntəqələrə gedəcək seçicilərə. Eləcə də əqli inkişafdan qalan bir neçə namizədin bu prosesə qeyri- ciddilik qatması da üzücü mənzərədir. Oynamaq, gülmək istəyirsən, get şən güzgülərdə özünə bax gül də.. Bunu seçki kimi tale yüklü, millətin taleyinə təsiri olan seçkidə niyə edirsən? Parlamenti qəbul etməmək, deputatlara hörmət qoymamaq öz işin, axı sən burda seçicini dolayırsan. Seçici isə sənin ölkənin vətəndaşıdır.

Elə bir partiya sədrinin də xəstə adamı əsas rəqibinin adaşıdır deyə istismar etməsi ayıb iş, heç yaddan çıxmayacaq biabırçılıq idi. Bunlar əlbəttə ki, pessimist ovqat, seçkilərə müəyyən inamsızlıq yarada bilər. Amma biz gərək həm də o suala cavab tapaq ki, bizə hansı parlament, necə deputatlar lazımdır?

Rauf Arifoğlunun «master-klass»ı və tənbəl müxalifət…


Rauf Arifoğlunun seçicilərlə görüşü

Bütün ölkə 35 saylı üçüncü seçki dairəsindən namizəd Rauf Arifoğlunun nümunəvi seçki kampaniyası apardığına şahidlik edir. Rauf Arifoğlu seçki kampaniyasını necə aparmaq lazım olduğunu təkcə rəqibinə deyil, müxalifət liderlərinə də yaxşı mənada dərs (master-klass) göstərməklə sübut etdi. Ona qarşı aparılan çirkin texnologiyadan çox yazılıb deyə bir daha qayıtmağa lüzum yoxdu. Rauf Arifoğlu sübut etdi ki, o istənilən seçki dairəsində seçicini hərəkətə gətirə, onu namizədlə görüşə gətirməyə, ona inanmağa, seçkilərə itirilmiş inamı qaytarmağa qadir namizəddir. Onun yalnız seçki dövrü üçün qurduğu seçki qərargahı- «Arifoğlu partiyası» minlərlə seçicinini qapısını döyə, evlərində qonaq ola, namizədlərini təbliğ etməyə, görüş yerlərində görünməmiş izdiham yaratmağa qadirdir. Bu seçki texnologiyasından öyrənməli, həyata keçirməli çox numunələr var.

Rauf Arifoğlunun «master-klass»ı və tənbəl müxalifət…



Rauf Arifoğlunun seçicilərlə görüşü

Rauf Arifoğlu jurnalistlərin sözünün mötəbər söz olduğunu hələ mandat almamış gördükləri işlərlə sübut etdi. Əmin olun ki, Rauf bəyin parlamentdəki fəaliyyəti də təkcə böyük bir seçici ordusunun deyil, həm də jurnalistlərin xeyirinə işləyəcək. Bu seçki kampaniyası həm də onu sübut etdi ki, illərdir bədxahlarının haqqında apardığı əks təbliğat «qayadan ancaq toz aparıb». Onun təbliğatçılarına təkcə qapı açmayıblar, həm də evlərinə dəvət ediblər, namizədlərinə güvəndiklərini, Rauf Arifoğlunun onların ümidlərini doğruldacağını deyiblər. 10 min qapı! Bu seçkinin qalibi Rauf Arifoğludur. Qalır bunun rəsmiləşməsi. Əsas odur ki, seçki məntəqəsinə gedək, istədiyimiz namizədə səs verək.

Bir həftə sonra mütləq 35-saylı üçüncü seçki dairəsində deputat dəyişəcək, sonra hər şey dəyişəcək.

Nazim Sabiroğlu,
Musavat.com


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 289}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22