fim.az

Azərbaycanda peyda olan “qara maskalılar” – aksiyadırmı…

20-12-2018, 11:09

Azərbaycanda peyda olan “qara maskalılar” – aksiyadırmı…















Bakı küçələrində ağzına qara maska taxan insanlar çoxalır

Fransada “sarı jiletlilər”in başladıqları etiraz dalğası digər bir sıra Avropa dövlətlərinə də sıçrayıb. Keçmiş postsovet məkanındakı respublikalarda hələ buna bənzər aksiyalar müşahidə edilmir.

Belə bir vaxtda diqqəti Bakı şəhərində ağzında qara maska olan insanların çoxalması cəlb edir. Son vaxtlar Bakıda qara rəngli ağız maskaları taxanların sayının artdığı müşahidə edilir. Maraqlıdır ki, hökumət orqanlarının qarşısında aksiya keçirən şəhid ailələrinin üzvləri də etiraz əlaməti olaraq ağızlarını qara maskalarla örtürlər.

Şəhərdə qara rəngli maskalarla gəzənlərin sayının artması, müşahidə olunanlar Azərbaycana “qara maska aksiyası”nın gətirilməsi proyektinin əlaməti sayıla bilərmi? Məsələn, “sarı jiletlilər” kimi?

AMİP katibi, siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, hansısa qruplar müxtəlif simvollarla etiraz aksiyaları keçirmək fikrinə düşə bilərlər. Lakin konkret olaraq şəhərdə ağzına qara maska taxmış insanların məhz belə bir proyektin tərkib hissəsi olması inandırıcı deyil: “Hazırda həmin qara maskalar apteklərdə satışdadır. İnfeksiyadan və digər müəyyən kənar təsirlərdən qorunmaq üçün istifadə olunan adi ağ maskalar ki var, bu da onların sadəcə qara rənglilərindəndir. Soyuq havalarda dişini çəkdirən, müalicə etdirən, boğaz ağrıları və ya qripi olan insanlar indi də qara rəngli maskaları taxmağa üstünlük verirlər. Bu bir yenilik olduğu üçün ilk baxışda qeyri-adi görünə və insanlarda başqa fikirlər, mülahizələr yarada bilər. Odur ki, məncə, ölkəyə ”qara maska aksiyası” gəldiyindən narahat olmağa dəyməz.

Hökumət orqanları qarşısında aksiya keçirən şəhid ailələrinin üzvlərinin də etiraz əlaməti olaraq ağızlarını qara maska ilə örtmələrinə gəlincə, bəli, bu bir etiraz formasıdır. Bu cür priyomlar etirazı daha effektli edir. Bəzən susmağa məcbur edilmək kimi halların cəmiyyətə bu formada çatdırılması diqqəti özünə cəlb etməklə yanaşı, bəzi fikirləri də çatdıra bilir. Şəhid ailəsinin üzvlərinin, ümumiyyətlə, etiraz aksiyasına vadar edilməsi hökumət və dövlət adına xoşagəlməz haldır. Bu kateqoriyadan olan insanlar dövlət qayğısı ilə hərtərəfli əhatə olunmalıdırlar. Onların haqq və hüquqları yüksək səviyyədə qorunmalıdır. Hökumət tərəfindən həlli çətin olmayan məsələ bilərəkdən belə mürəkkəbləşdirilirsə, utancverici vəziyyət aradan qaldırılmırsa, o zaman etirazın daha təsirli olmasının başqa üsullarına da əl atılacaq. İnsanlar çatdırmaq istəyir ki, onların səsini eşitmirlər, ancaq susmalarını istəyirlər”.

Ekspert qeyd etdi ki, xaricidə və daxildə təxribatçı qüvvələr ola bilər. Həmin qüvvələrə fürsət verməmək üçün sosial etirazlarla bağlı konkret və vaxtında qəti addımlar atılmalı, problemlər həll edilməli, qabaqlayıcı tədbirlər görülməlidir: “Səsləri və etirazları rahat kabinetlərdə oturan hökumət nümayəndələrinə çatmırsa, ağızlarını qara parça ilə bağlayıb ”sus” yazan şəhid ailələrinin üzvləri kimə müraciət etməlidir? Bu insanlar heç vaxt ölkəmizə qarşı hansısa layihənin tərkib hissəsi ola bilməzlər. Çünki onlar Vətən və Torpaq üçün qurbanlarını veriblər. Dövlət isə onlara öz borcunu ödəməlidir. Bunu ödəmək çox asan və mümkündür”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 557}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22