fim.az

"Bu nə dərəcədə qanuna uyğundur?" - GİLEY

15-09-2018, 13:58

"Bu nə dərəcədə qanuna uyğundur?" - GİLEY















Goranboy rayon Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu redaksiyasına şikayət məktubu göndərib. Ölkə rəhbərliyinə də müraciət ünvanladığını deyən oxucumuz rayon təhsilindəki durumdan narazıdır. Onun elektron ünvanımıza göndərdiyi məktubu redaktələrlə təqdim edirik:

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan, Gəncə şəhərində yerləşən 8 saylı ərazi maliyyə hesablama mərkəzindən mənim “facebook” səhifəmə məlumat göndərildi ki, 2017-ci ilin sentyabr ayından Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində qeyri-ixtisaslı Fidan Həsənli psixoloq vəzifəsində çalışır, ixtisası kitabxanaçı olduğu üçün onun əmək müqaviləsinə 30 iyun 2018-ci il tarixində xitam veriləcək. Ancaq çox təəssüflər olsun ki, yeni tədris ilində yəni 2018-ci ilin sentyabr ayından Fidan Həsənli yenə də qeyri-ixtisaslı ola-ola psixoloq vəzifəsində çalışır. Bu nə dərəcədə qanuna uyğundur?
Goranboy rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində, xüsusilə rayonun Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində və Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində kifayət qədər saxta diplomla (hətta eləsi var ki, diplomsuzdur) müəllim və digər məsul vəzifələrdə çalışanlar var.
Nə üçün bu saxta diplomla məktəbdə müəllimlər bu günə kimi vəzifələrində saxlanılırlar, Təhsil Nazirliyi, Əmək Müfəttişliyi, Maliyyə Nazirliyi buna göz yumurlar?
Məktəbdə elə müəllimlər var ki, vakant olmadığı və Təhsil Nazirliyinin təşkil etdiyi test imtahanından keçmədiyi halda məktəbə müəllim vəzifəsinə işə qəbul ediliblər. Hazırda Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə direktor vəzifəsinə 2018-ci ilin iyul ayından gətirilən Qabil Həsənov direktorların işə qəbul imtahanından və yerdəyişmə imtahanından keçməyəib, müvafiq müsabiqə balını toplamayıb, amma başqa bir kənddən Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə direktor vəzifəsinə gətirilib.

Goranboy rayon Təhsil Şöbəsində çalışan bir neçə məsləhətçi var ki, dövlət qulluğu imtahanından və Təhsil Nazirliyinin müsahibə komissiyasından keçməyərək həmin vəzifəyə yiyələniblər.
İnanıram və ümid edirəm ki, yuxarıda qeyd etdiyim qanun pozuntuları aidiyyatı qurumlar tərəfindən obyektiv araşdırılacaq”.
Qeyd edək ki, Goranboy Təhsil Şöbəsinə Səxavət Məmmədov rəhbərlik edir. Maraqlıdır ki, S.Məmmədovun adı google axtarış sistemində heç də müsbət məsələlərdə qalmayıb. S.Məmmədovun adını axtarışa verdikdə onun qadınlarla əylənməsindən tutmuş, korrupsiya əməllərinə yol verməsi haqda müxtəlif məlumatlar çıxır.
Məktub redaksiyamıza gec saatlarında daxil olduğu üçün qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı. Yazıda adları çəkilən tərəfləri dinləməyə hazırıq.

"Bu nə dərəcədə qanuna uyğundur?" - GİLEY


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 417}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22