fim.az

Təhsil Şöbəsinin qarşısında keçirilən etiraz aksiyasına açıqlama

19-02-2020, 14:47

Təhsil Şöbəsinin qarşısında keçirilən etiraz aksiyasına açıqlama


İntihar etmiş Laçın Rayon Təhsil Şöbəsinin sabiq əməkdaşı Baxışov Müqabil Baxış oğlunun ailə üzvləri adıçəkilən şöbənin qarşısında etiraz aksiyası keçiriblər.
Mərhumun ailə üzvləri M.Baxışovun Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunmasında şöbənin keçmiş rəhbərliyinin günahkar olduğunu iddia edərək ona iş verilməməsi nəticəsində intihar etdiyini deyiblər.

Məsələ ilə bağlı Bizimyol.info-nun sorğusuna Təhsil Nazirliyindən verilən cavabda bildirilib ki, Laçın Rayon Təhsil Şöbəsinin önünə toplaşaraq aksiya edən bir qrup insanın şikayətçi olduğu əsas məsələ ötən ilin sonlarında intihar etmiş mərhum Müqabil Baxışovla bağlıdır.

“İntihar hadisəsi baş verdikdən sonra bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb. Bu hadisə ilə bağlı ötən ilin sonlarında geniş təfsilatlı araşdırma yazılar dərc olunub”,-deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Laçın Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, mərhum Müqabil Baxışov 1 fevral 2008-ci il tarixindən Laçın Rayon Təhsil Şöbəsində çalışıb, lakin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 14 iyun 2011-ci il tarixində elan etdiyi müsabiqədən keçə bilmədiyinə görə iddia etdiyi vakant məsləhətçi vəzifəsini tuta bilməyib.

M.Baxışov 20 iyun 2013-cü il tarixində Laçın RTŞ-də digər vəzifəyə təyin edilib, həmin vəzifədə işlədiyi dövrdə əmək fəaliyyətində yol vermiş ciddi nöqsanlara görə Laçın Rayon Təhsil Şöbəsinin sabiq müdiri M. Vəliyevin əmrinə əsasən onunla imzalanmış əmək müqaviləsinə xitam verilib. M. Baxışova dəfələrlə ümumi təhsil müəssisəsinə ixtisası üzrə müəllim təyin olunması üçün mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməsi tövsiyə olunsa də, o, ötən illər ərzində qeyd olunan müsabiqədə iştirak etməyib. Bundan əlavə, Laçın Rayon Məhkəməsinin 2 mart 2017-ci il tarixli hökmünə əsasən, M.Baxışov Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü (dələduzluq) maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 209}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22