fim.az

“İki övladım var, böyrəyimi imkansızlıqdan, öz istəyimlə satmışam”- Bakıda orqan satışının yeni TƏFƏRRÜATI

8-04-2019, 09:21

“İki övladım var, böyrəyimi imkansızlıqdan, öz istəyimlə satmışam”- Bakıda orqan satışının yeni TƏFƏRRÜATI















Orqan alveri ilə məşğul olmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

Məhkəmədə maraqlı təfərrüatlar üzə çıxıb.

Təqsirləndirilən V.Xudadatovla bağlı ittihamda yazılır ki, o, donorların bir neçəsinə əvvəlcədən razılaşdırılmış pulun hamısını verməyib. Amma zərərçəkmişlər məhkəmədə pulu tam aldıqlarını, şikayət və tələblərinin olmadığını söyləyiblər.

Zərərçəkən Ramin Yumaqujini məhkəmədə ifadə verərkən deyib ki, onu narazı salan məsələ odur ki, böyrəyini satandan sonra V.Xudadatov ona əlillik dərəcəsilə təqaüd almasına kömək edəcəyini vəd edib, amma yerinə yetirməyib. Zərərçəkmişin dediyindən o da məlum olub ki, təqsirləndirilən şəxsin adı Vahib olsa da, vasitəçilik etdiyi adamlara özünü Sahib kimi təqdim edibmiş. Zərərçəkən böyrəyini imkansızlıqdan satdığını deyib.

R.Yamaqujin bu işə necə qoşulduğunu danışıb, deyib ki, “Birja” qəzetində körpə uşağa qan lazım olduğunu oxuyub, o nömrəyə zəng edib: “Biləcəridə görüşəndə Bu adam – adını Sahib bildiyim şəxs özünü uşağın dayısı kimi təqdim elədi, dedi ki, sabah uşağın atasıyla görüşdürəcək. Ertəsi gün görüşdük, mən yoldaşımla getmişdim. Orada bir nəfər də vardı, Əli. Sahib dedi ki, uşağa donor tapılıb, bu adamın qızına böyrək lazımdı. Mən də dedim ki, satmağa razıyam”.

Zərərçəkənin sözlərinə görə, o, maddi durumunun ağırlığına görə böyərini 9 min manata satmağa razılıq verib. Amma onun ölkədən çıxmaq üçün pasportu, hərbi bileti olmayıb. Bunları da qısa müddətdə həll eləyiblər. O, böyrəyini verdiyi Hasilə adlı qızın atasından 3 min bir, 6 min də bir olmaqla, ümumilikdə 9 min pul alıb.

Aldığı pulun 1100 manatını Sahibə verib: “Evdə bütün bunları biləndə qayınatam ona zəng eləyib pulu istədi. Dedi ki, yoxsa şikayət eləyəcəyik. Üç dəfəyə Sahib pulu qaytardı”.

Təqsirləndirilən V.Xudadatov isə deyib ki, zərərçəkən yalan danışır, özü facebook-da böyrəyini satması barədə elan vermişdi, onu oradan tapıb.

Digər zərərçəkən Göyçay sakini olan Ramin Həmidov isə ifadəsində belə deyib: “İki övladım var. İmkansızlıqdan, öz istəyimlə böyrəyimi satmışam. Gəlmişəm, Bakıda Tibb Universitetinin klinikasında qan analizi vermişəm. Sonra gedib əməliyyat olunmuşam. Məni şantaj edən olmayıb. Mənə 11 min manat da pul verilib”.

İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib.

Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülüb və qiymət məsələsi razılaşdırılıb. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana, həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanseti” klinikasında aparılırıb. Əməliyyatı Tiflisdə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tiflisdə “Lanseti”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.

Hər əməliyyatda orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.

Xudadatov isə bu işə neçə başladığını məhkəmədəki ifadəsində belə danışıb: “Övladım 2007-ci ildə xəstələnib, böyrəklərində problem yaranıb. Dializ xəstəliyindən 4 il əziyyət çəkdi. Televiziyaya çıxdıq və xeyirxah insanlara müraciət etdik. Pul yığıldı, bir nəfər də Elman Ağayev adlı şəxs zəng elədi ki, böyrəyini verə bilər. Qızım Güləri Gürcüstana apardıq. Orada böyrəyi dəyişdirildi və gəldik. 10 min dollar böyrəyini verənə, 8 min dollar həkimə, 10 min dollar da həkimə verdik.

Sonra dostum Yaşar mənə zəng elədi ki, övladının böyrəyində problem var və dəyişdirilməlidi. Məndən məsləhət aldılar ki, uşaq necədir, həkim məsləhətlidirmi? Mən də taksi sürücüsü idim və həkimi də tanıyırdım.

Sonra Rüstəm adlı şəxslə tanış olduq. Onun da övladı xəstə idi. Mən onunla uşağım dializ xəstəsi olanda rastlaşmışdım. 4 il o xəstəxanaya gedib-gəlmişəm. Bu xəstəlikdən əziyyət çəkən adamlar ora gəlirdi. Demək olar ki, hamı ilə tanış idik.

Xudadatov deyib ki, ondan böyrək donoru olmaq istəyənlərə sosial şəbəkələrdə elanlara baxmalarını məsləhət bilib.

Özünü qətiyyən təqsirli bilməyən V.Xudadatov məhkəmədə deyib ki, böyrəyini satanlar daha çox şərtləri pozurmuş: “Mən onları həkimlə tanış eləmişəm, taksi sürücüsü kimi, onları İrana, Gürcüstana aparıb-gətirmişəm. Buna görə mənə pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, mənlik bir şey olmayıb. Könüllü şəkildə satıblar, pullarını da alıblar”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı Cinayət Məcəlləsinin 137-ci (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1-ci (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 177}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22