fim.az

Övladına sənəd ala bilməyən güneyli fəala Bakıdan rəsmi cavab gəldi

9-08-2019, 12:30

Övladına sənəd ala bilməyən güneyli fəala Bakıdan rəsmi cavab gəldi

Leyla Abdullayeva: “Səfirlikdən asılı olmayan səbəblərdən vətəndaşların bu tələbləri qısa müddətdə həllini tapa bilmir…”
Türkiyədə yaşayan güney azərbaycanlı siyasi fəal Kərim Əsgəri yeni doğulmuş oğlunun sənədlərini düzəltdirə bilmir. Cebhe.info xəbər verir ki o, bu barədə özünün facebook səhifəsində yazıb:

“Təxminən 47 gün əvvəl bir övladımız doğuldu. Ailədə 3 nəfər olduq. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır. Bu günədək oğlum Təbrizə doğum haqqında şəhadətnamə, pasport ala bilmirik. Yoldaşımın bacısına etibarnamə versək də, sənədi almaq mümkün olmur. Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə əsasən, bu sənədlər verilməlidir. Hər gün Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinə, konsulluğa, ”ASAN xidmət”ə müraciət edirik. Lakin sənədimiz düzəlmir”.

Kərim Əsgəri bildirib ki, uşağın Bakıya gətirilməsi tələb olunur: “İnsafsızlar əl boyda uşağı Bakıda görmək istəyirlər ki, o sənədləri versinlər. Soruşmaq istəyirəm: hansı insafa əsasən 50 günlük uşağı anasıyla bərabər və isti havada Azərbaycana gətizdirmək istəyirsiniz? Bəs konsulluğun işi bu kimi problemləri həll etmək deyilmi? İki ayı tamam olmamış uşağın günahı nədir? Təbrizin anası hər gün sənəd işləri üçün səfirlik və Türkiyədə başqa dövlət idarələrinə gedir, uşaq isə ac-susuz mənimlə qalır”.

Güneyli fəalın sözlərinə görə, sənəd olmadığından uşağı peyvənd etdirmək mümkün olmur.

Məsələ ilə bağlı “ASAN xidmət”dən “Yeni Müsavat”a bildirildi ki, onlar, sadəcə olaraq, xidməti təşkil edirlər. Problemin həlli və səbəbləri barəsində xidməti göstərən qurumlar məlumatlıdır.

Övladına sənəd ala bilməyən güneyli fəala Bakıdan rəsmi cavab gəldi


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə “Yeni Müsavat”a söylədi ki, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yeni doğulan övladları üçün Azərbaycanın diplomatik nümayəndəliklərində ilkin sənəd olan doğum haqqında şəhadətnamə və daha sonra isə pasport rəsmiləşdirilir: “Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, yeni doğulan uşaq üçün hazırlanmış sənədlərlə bağlı müraciət edən hər bir vətəndaşın ərizəsinə ölkəmizin səfirliyi tərəfindən sürətlə baxılır və vətəndaşa doğum haqqında şəhadətnamə, eyni zamanda tələb etdikləri halda Ölkəyə Qayıdış Şəhadətnaməsi eyni gün içində rəsmiləşdirilərək vətəndaşa təslim edilir. Yəni doğum haqqında şəhadətnamənin ən sürətli şəkildə yeni doğulan uşağın valideynlərinə təqdim edilməsində heç bir problem ola bilməz. O ki qaldı pasporta (anladığım qədər sözügedən vətəndaş məhz pasport almaq müraciəti ilə çıxış edib), doğum haqqında şəhadətnamə müraciəti əsnasında vətəndaşlar təbii olaraq bəzi hallarda Türkiyədə yaşadıqları üçün pasport da tələb edirlər, lakin səfirlikdən asılı olmayan səbəblərdən vətəndaşların bu tələbləri qısa müddətdə öz həllini tapa bilmir. Çünki mövcud mərkəzləşdirilmiş pasport qeydiyyat sisteminə ilk pasport müraciəti zamanı sistem tərəfindən fərdi identifikasiya nömrəsi tələb olunur ki, bu da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq əməliyyatlar sonunda sistemə yüklənir və bu proses bir neçə ay çəkir”.

Övladına sənəd ala bilməyən güneyli fəala Bakıdan rəsmi cavab gəldi


Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, deyilən sənədləri almaq üçün ilk növbədə uşağın doğulduğu xəstəxanadan arayış almaq gərəkdir: “Bu sənəd olduqdan sonra digər sənədlərin verilməsində problem yaşanmaz. Əgər xəstəxanadan doğumla bağlı arayış yoxdursa, konsulluq və ya digər qurumların uşağa şəhadətnamə verməsi çətinləşir. Bu halda yalnız məhkəmə yolu ilə sənəd almaq mümkündür. Belə ki, məhkəməyə uşağın doğulmasının şahidi olan ən azı iki nəfər gedir. Bu halda sənədin alınması mümkündür”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 243}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22