fim.az

"İcra başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər" — Millət vəkili

18-05-2020, 10:15

"İcra başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər" — Millət vəkili


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əməkdaşları tərəfindən həbs olunan icra başçılarının korrupsiya və rüşvətxor əməllərinin arxasında təhsil işçilərinə qarşı hədə-qorxu gəlmə faktları da aşkarlanıb. Hətta, YAP İcra katibinin müavini Siyavuş Novruzov saytımıza açıqlamasında bunları deyib: “Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ, gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”. O zaman sual olunur. Bu qədər həbslərdən sonra icra başçılarının təhsilə müdaxiləsi sıfırlana bilərmi?
Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Etibar Əliyevin sözlərinə görə, İcra Hakimiyyəti orqanları orta təhsilin inkişafına həmişə mane olublar:

“Biz 20 ildən çoxdur deyirik ki, məktəbləri İcra hakimiyyətlərinin əsarətindən xilas etmək lazımdır. Siz gördünüzmü bütün həbs olunan İcra hakimiyyətlərinin başçıları rayon Təhsil Şöbələrindən haqq alırlarmış. Özü də böyük məbləğdə. Rayon təhsil şöbəsinin müdiri isə məktəblərə tapşırıq verir ki, aylıq müəyyən olunmuş məbləği nəyin bahasına olursa - olsun toplayıb gətirsinlər. Bunlar məktəblərdə təhsil mühitini dağıtmaqla məşul olublar”. Deputat icra başçılarının çoxunun məktəb direktorlarının normal işləməsinə imkan vermədiyini də vurğulayıb:

“Məktəb çox həssas təsisatdır. Məktəb həyatı müəllimləri, valideynləri, uşaqları birləşdirir. Hansısa neqativ hal birbaşa təhsilin keyfiyyətinə, məktəbdə mənəvi mühitin pozulmasına gətirir. Rayon İcra Hakimiyyətinin başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər. Sanki onların başının üstündən asılmış Damokl qılıncı rolunu oynayırlar. Direktorlar həmişə qorxu altında olurlar. İcra başçıları müəllimləri fiziki işlərə cəlb edir. Bu isə müəllim nüfuzuna böyük zərbə vurur. Düşünürəm ki, son həbslər İcra Hakimiyyələrinin başçıları üçün dərs olmalıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 42}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22