İndi Rusiyaya getməyək? - AKTUAL
Moskvanın “Domodedovo" hava limanında Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan tanınmış fitnes məşqçisi Kamil Zeynallı artıq azadlığa buraxılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Kamil Zeynallının saxlanılma səbəbi Ermənistanın onu beynəlxalq axtarışa verməsidir.
Erməni tərəfi iddia edir ki, guya Azərbaycanlı məşqçi İkinci Qarabağ müharibəsində dinc erməni sakinlərinə qarşı cinayət törədib.
Maraqlıdır, Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtrışa verilən erməni terrorçuları nə Rusiyada, nə də Qərb ölkələrində bu günə qədər həbs olunmayıb. Həmin şəxslər Birinci Qarabağ müharibəsində dinc azərbaycanlı əhalisinə qarşı törədilən saysız-hesabsız qətliamlarda iştirak ediblər.
Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya bildirib ki, Moskvada Kamil Zeynallın heç bir əsas olmadan saxlanılması Azərbaycana qarşı hörmətsizlikdir:
“Azərbaycan Respublikasının Baş Prokurorluğu Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızda xalqımıza qarşı qətliamlar və qırğınlar törədən, bütün bu cinayətlərin başında duran erməni terrorçularını cinayət məsuliyyətinə cəlb edib və onları beynəlxalq axtarışa verib.
Rusiyanın hüquq-mühafizə orqanlarında bu şəxslər barədə kifayət qədər məlumat var. Azərbaycan hamısını Rusiyanın müvafiq orqanlarına təqdim edib. İndiyə qədər Rusiyaya səfər edən heç bir erməni həbs olunub Azərbaycana təhvil verilməyib. Təəssüf edici hal odur ki, İkinci Qarabağ müharibəsindən sonra müəyyən müddət ərzində Azərbaycana qarşı terror aktları törədən erməni separatçıları – Araik Arutyunyan və digər şəxsləri Rusiyaya sərbəst şəkildə daxil olurdular.
Onlara heç kəs toxunmurdur. Hətta erməni separatçıların Rusiya rəsmiləri ilə gizli şəkildə görüşləri olurdu. Yəni, Rusiya Azərbaycanın təqdim etdiyi terrorçuların siyahısına məhəl qoymurdu.
Hazırda da Rusiyanın bu siyasəti davam edir. Nəinki Rusiyada, hətta Qərb ölkələrində də Azərbaycanın beynəlxalq axtarışa verdiyi erməni terrorçular barədə tədbir görülmür. Baxmayaraq ki, həmin şəxslər barədə sübutlar ortalığa qoymuşuq. İstənilən halda Rusiya və Qərb ölkələrində bu şəxslər barədə həbs qərarı çıxarılmalıdır.
O ki qaldı Azərbaycanlı məşqçi Kamil Zeynallının heç bir səbəb olmadan saxlanılmasına, bunu Azərbaycana qarşı hörmətsizlik hesab edirəm. Ölkəmizin müvafiq qurumlara Rusiyanın bu hərəkətinə qarşı ciddi münasibət sərgiləməlidir."
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti