» » Tehran ABŞ sanksiyalarına qarşı müqavimətə hazırlaşır

Tehran ABŞ sanksiyalarına qarşı müqavimətə hazırlaşır

  • 27-11-2018, 11:19
  • dunya
  • 58
Tehran ABŞ sanksiyalarına qarşı müqavimətə hazırlaşır
















Avropa İttifaqı İrana verdiyi sözü tutacaqmı?

İrana qarşı ABŞ sanksiyalarının ikinci mərhələsinin başlamasından keçən 20 gündə iki ölkə arasında gərginlik yüksəlməkdədir. Hələlik Tehran sanksiyalara məruz qalmayan ölkələr vasitəsilə neft satışı həcmini qoruyub saxlamağa çalışır. İran rəsmiləri sanksiyalardan sonra neft satışının azalmadığını iddia edir.

Qərb mətbuatı İranda hakimiyyət içərisindəki mübarizəni gündəmə gətirib. Britaniyanın “Times” qəzeti xarici işlər naziri Cavad Zərifin mühafizəkar qanadın hücumuna məruz qaldığını yazır. Qalmaqala səbəb isə Zərifin səsləndirdiyi “xətalı” ifadə olub. Xarici işlər naziri deyib ki, iki dəfə bahalaşan dolların “qara bazar”ına nəzarət edən qruplar maliyyə şəffaflığı ilə bağlı qanun layihəsinin parlamentdən keçməməsi üçün milyonlarla dollar vəsait xərcləyib.

Ölkə Ali Məhkəməsinin sədri Sadiq Laricani deyib ki, Zərifin sözləri “ürəyə vurulmuş xəncərdir”. Ölkənin baş diplomatının bu şəkildə, hakimiyyəti zərbə altında qoyan açıqlamasına görə vəzifəsindən qovulması tələb olunur. Həsən Ruhani kabinetinin ən parlaq nümayəndələrindən olan Cavad Zərif ABŞ-da ali təhsil alıb, Qərb ölkələri ilə yaxşı əlaqələrə sahibdir və İranla “altılıq” arasında 2015-ci ildə imzalanmış nüvə müqaviləsinin əsas müəlliflərindən biri hesab olunur.



Prezident Həsən Ruhani isə bu günlərdə bildirib ki, ABŞ İrana qarşı iqtisadi müharibə başladıb. Eyni zamanda o deyib ki, sanksiyalara baxmayaraq İran neft satmağa davam edəcək. Ruhani qeyd edib ki, Vaşinqton İranın xaricə neft satışını dayandırmaq istəyir, amma Tehran neft satmaqda davam edəcək. Doğrudur, İranın hazırda böyük istehsal sahəsi var. Avtomobildən metallurgiyaya, yüngül sənayeyə qədər geniş istehsal şəbəkəsi formalaşıb. Lakin bununla yanaşı, 80 milyonluq ölkənin neft gəlirlərinə ciddi ehtiyacı var. İranın neft satışı azalarsa, nəticədə ölkə iqtisadiyyatı ağır zərbə ala bilər.

Yeri gəlmişkən, hazırda Avropa Birliyi ABŞ-ın sanksiyalarına müqavimət göstərməyə çalışır. Ancaq görünən odur ki, hələlik ABŞ sanksiyalarını dəlmək üçün Avropanın o qədər də qətiyyətli addımları yoxdur. Baxmayaraq ki, həm İran, həm də AB rəsmiləri əlaqələri qoruyub saxlamaqda maraqlıdır.

Bu arada noyabrın 26-27-də Brüsseldə AB və İran dinc məqsədli nüvə fəaliyyəti əməkdaşlığı və paralel olaraq Tehran və Brüssel arasında yüksək səviyyəli siyasi dialoq başlayıb.

İran xarici işlər nazirinin müavini Abbas Əraqçı hər iki tədbiri yüksək qiymətləndirib. Əraqçı twitter hesabında hər iki tədbiri yüksək səviyyəli tədbir adlandırıb. Məsələ ondadır ki, bu seminar ABŞ hökuməti ilə nüvə anlaşmasından sonra İran və İB-nin keçirdiyi ilk yüksək səviyyəli tədbir hesab olunur. Tədbirdə İran tərəfdən Əraqçı, AB tərəfdən isə xarici siyasət ali təmsilçisinin müavini Helqa Şmidt çıxış edəcəklər.

İran mediası isə yazır ki, hazırda İran və 3 əsas AB ölkəsi arasında iqtisadi və ticari əlaqələrin davam etdirilməsi və yeni maliyyə mexanizminin yaradılması istiqamətində müzakirələr davam edir.

Bu arada İran hərbi dəniz qüvvələri komandanlığı bəyan edib ki, İran gəmilərinin təhlükəsizliyini qorumaq üçün beynəlxalq sulara hərbi gəmi göndəriləcək. Kontr-admiral Hanzadi bildirib ki, gələn ilin martına qədər daha 3 yeni İran hərbi gəmisi istifadəyə veriləcək. “Səhənd”, “Dena” və “Dəmavənd” gəmiləri yerli istehsaldır. Admiral bildirib ki, İran hərbi gəmiləri Hind okeanı, Ədən körfəzi, Bab əl-Məndəb boğazı, Cənubi Çin Dənizi və Cəbəllütariq boğazlarına yerləşdiriləcək. Bu gəmilərin əsas vəzifəsi İrana məxsus ticarət gəmiləri və tankerlərin təhlükəsizliyini qorumaq olacaq.

Qeyd edək ki, ABŞ hökumətinin İrana qarşı elan etdiyi ikinci sanksiya paketində sanksiyalara məruz qalmış 700-dək hüquqi və fiziki şəxslər arasında onlarla İran gəmisi də var. Tehran bu gəmilərin xarici limanlarda və ya açıq dənizdə ABŞ qüvvələri tərəfindən həbs olunmasından ehtiyat edir. İndiki halda isə faktiki olaraq İran ABŞ hərbi dəniz donanması gəmiləri ilə qarşılaşma riskini gözə almış olur.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət