fim.az

Türkiyədə yumşalmadan sonra yoluxanların sayı 2 dəfə artdı

18-06-2020, 12:44

Türkiyədə yumşalmadan sonra yoluxanların sayı 2 dəfə artdı


Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca dünən karantin qaydalarının yumşalmasından sonrakı vəziyyətlə bağlı mətbuat konfransı keçirib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, ölkə üzrə koronavirusla bağlı vəziyyəti dəyərləndirən Fəxrəddin Qoca Türkiyə üzrə göstəriciləri başqa ölkələrlə müqayisə edib:

"ABŞ hər 1 milyon insana 6 673 yoluxma faktının düşməsi ilə siyahıda birinci yerdədir. İspaniyada bu rəqəm 6 233, İngiltərədə 4 393, İtaliyada 3 928, Almaniyada 2 249, Türkiyədə isə 2 151 nəfər təşkil edir". O, bir milyon nəfərə düşən ölüm sayına görə Avropa ölkələrinin ilk yerlərdə qərarlaşdığını, Türkiyənin isə 57 ölüm sayı ilə 42-ci yerdə gəldiyini bildirib.

Fəxrəddin Qoca dünya ölkələrinin COVID-19-a qarşı apardıqları mübarizədə hələ ki, bir qələbə qazana bilmədiklərini vurğulayaraq, "Epidemiya başlayandan bu günə qədər dünyada ən çox gündəlik yoluxma sayı iyunun 7-də qeydə alınıb. Dərman hələ ki, tapılmayıb, peyvənd hələ ki hazır deyil. Bu fakt, hər zaman hazır olmağımızı, vəziyyəti diqqətlə izləməyimizi və lazım gəldikdə təcili müdaxilə etməyimizi tələb edir",-deyə bildirib.

İyun ayında başladılan normallaşma prosesinə diqqət çəkən Səhiyyə naziri bu prosesin əvvəlki həyata geri qayıtmaq kimi yox, daha ehtiyatlı sosial həyata başlamaq kimi anlaşılmalı olduğunu bildirib.

"Yeni normal idarə olunan sosial həyat kimi anlaşılmalıdır. Sosial həyatın zəruri tələblərindən xəbərdarıq. İstehsal davam etməlidir. Təhsil, nəqliyyat, ticarət, turizm və bütün xidmət sahələrinin fəaliyyətinin davam etməsi cəmiyyətin gələcəyi üçün zəruridir. Həftə sonları vətəndaşlarımızı açıq havadan məhrum etdik. Şəhərlərarası nəqliyyatı məhdudlaşdırdıq. Gənclərimizdən və ağsaqqallarımızdan evdə qalmalarını istədik. Bu fədakarlığa yalnız özlərini qorumaq üçün deyil, bütün cəmiyyətin xeyri üçün getdilər. Gənclərimiz, yaşlılarımız sosial məsafəyə, maska ​​və təmizliyə diqqət yetirərək bu ictimai hərəkata güc qatdılar",-deyə nazir qeyd edib.

Nazir həmçinin məhdudiyyətlərin qaldırıldıqdan sonra son günlər yoluxma hallarında müşahidə olunan artıma da diqqət çəkərək bunun gözlənilən olduğunu qeyd edib:

"Yoluxma sayı və reanimasiyaya aparılan xəstələrin sayındakı dəyişiklik son günlərdəki dalğalanmaların təzahürüdür. Sürpriz yoxdur. Gözlənilən həddə çatırıq. Bu həddi aşmamaq sizin əlinizdədir. Vacib olmadıqca çölə çıxmayan böyüklərimiz, sahil də əl-ələ tutmayan gənclərimiz, maskasız çölə çıxmayan və məsafəni qoruyan insanlarımızın əlindədir".

Məhdudiyyətlərin götürülməsindən sonra bütün ölkələrdə yoluxma hallarında artım müşahidə olunduğunu bildirən Qoca Türkiyədə bu artımın artıq ümumi deyil, lokal xarakter aldığını, bəzi bölgələrdə artım tempinin xüsusilə sürətləndiyini bildirib.

Nazirin sözlərinə görə, bununla belə hazırda küçəyə çıxma qadağasının tətbiqi gündəmdə deyil.

Nazir bir daha bu məsələdə ən effektiv vasitələrin sosial məsafə, şəxsi gigiyena və özünütəcrid etmək olduğunu, bütün vətəndaşların bu qaydalara həssaslıqla yanaşmalı olduğunu bildirib:

"İnsandan insana yoluxan xəstəlik haqqında danışırıq. Yəni bir başqa insanın haqqına girmiş oluruq. Müəyyən bir müddət, xüsusən maska, məsafə və əl gigiyenası məsələlərində hər kəs bu qaydalara yüksək həssaslıqla yanaşmalıdır. Bu həmdə böyüklərimizin, valideynlərimizin, dostlarımızın haqqına dair bir məsələdir. Bu mənada lazımi həssaslığı göstərəcəyimizə əmin olmaq istəyirik".

Qeyd edək ki, Türkiyədə karantin məhdudiyyətlərinin götürülməsindən sonra gündəlik 800-900 arası qeydə alınan yoluxma sayı son günlərdə artaraq 1500-1600 aralığına çatıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 329}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22