fim.az

Dövlətin puluna xaricdə lüks həyat yaşayan məmurlar

25-10-2018, 11:25

Dövlətin puluna xaricdə lüks həyat yaşayan məmurlar
















İqtisadçı: “Soruşmaq lazımdır ki, xərcləri deklarasiya et görək bunu hansı vəsaitlə ödəmisən…”

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlı barədə demək olar ki, hər gün yeni məlumatlar ortaya çıxır. Sabiq məmurun fantastik xərcləmələri hər kəsi təəccübləndirir. Məlumatların birində qeyd olunur ki, Rüfət Aslanlı Londonda bir hoteldə qalmağa minlərlə funt-sterlinq xərcləyib. Belə ki, 2016-cı ilin avqust-oktyabr aylarında Palata rəhbəri olaraq o, Londonun “Windzor Suite” hotelində qalmağa bir dəfə 3600, ikinci dəfə isə 4300 funt sterlinq xərcləyib. Ödənişləri isə özünün “Lloyds Bank PLC”dəki hesabından icra edib.

Azərbaycanın sabiq məmurlarının vəzifədə olduqları zaman bu kimi fantastik xərcləmələri barədə tez-tez məlumatlar yayılır. Bəs əslində məmurların səfərdə olduqları zaman xərcləri kim tərəfindən və necə qarşılanır?

Məmurların ezamiyyət xərcləri ilə bağlı Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” Qanunu var. Qanuna bu il dəyişiklik də edilib. Belə ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qaldırılıb.

İndiyə qədər daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilib. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılıb. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minib. Deməli, Rüfət Aslanlının hotelə minlərlə manat pul xərclədiyi zaman Azərbaycanda ezamiyyət xərcləri indikindən də aşağı olub.

“Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov söyləyib ki, Nazirlər Kabinetinin müvafiq sənədində bu məsələlər tam və dəqiqliklə öz əksini tapıb: “Məsələn, deyək ki, heç birinci şəxs deyil, sıradan olan bir məmur, idarə rəisi ezamiyyətə gedir. Bu zaman qeyd etdiyimiz sənədin əsasında öz nəqliyyat, yemək, hotel və digər xərclərini alır. Qeyd edilən bu kimi xərclərin hamısı normativ aktla tənzimlənir və alınır. Burada hər hansı bir kənarlaşmanın baş verməsi yalnız o halda mümkün ola bilər ki, məmur ranqından asılı olmayaraq öz şəxsi vəsaitindən xərcləsin. Məsələn, şərti deyək ki, mehmanxana üçün 100 manat nəzərdə tutulubsa və məmur da 500 manatlıq hoteldə gecələyirsə, o, yerdə qalan xərci öz cibindən ödəyir. Yəni dövlət bütün hallarda bu pulu ona ödəmir. Dövlətin çəkdiyimiz misaldakı fərqi məmura ödəməsi mümkün deyil. Çünki bu, qanunsuzdur və dövlət də heç zaman qanunsuz pul xərcləməz”.

Ekspert həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının görməli olduğu işlərdən də danışıb:

“Bu qurum ona görə yaradıldı ki, maliyyə bazarlarındakı vəziyyət nəzarət altında olsun, tənzimlənsin. 2015-ci ildə biz milli valyuta ilə bağlı gərginliklər yaşadıq. Milli valyutanın məzənnəsində dəyişikliklər baş verdi. Bunun ardınca isə bank sistemində də problemlər yaşandı. Bütövlükdə bazarda tənzimləmə nöqteyi-nəzərindən bu struktur yaradıldı. Lakin təəssüf ki, bu qurum özünü doğrultmadı. Konkret olaraq Rüfət Aslanlının işinin səmərəsi barəsində bir neçə dəfə çıxış edib, bunun heç bir tələblərə cavab vermədiyini vurğulaşmışdım. Ümumiyyətlə, təşkilatın işini nəticəsiz fəaliyyət kimi dəyərləndirmişdik. Hər bir fəaliyyətin nəticəsi olmalıdır. Nəticə olmadı və 11 bankı bağlamaq da elə bir qəhrəmanlıq deyil. Bu, xüsusi ağıl, düşüncə tələb etmir. İndi bəlli olur ki, bağlanan banklara əhalinin əmanətləri ilə bağlı sığorta ödənişlərinin edilməsində çoxlu sayda maliyyə fırıldaqlarına yol verilib. Hər halda, bu işləri hüquq-mühafizə orqanları araşdırmalıdır. Dövlət büdcəsinin talan edilməsi və qanunsuz istifadəsi ilə bağlı məqama hüquqi müstəvidə qiymət verilməlidir. Hesab edirəm ki, bu cür məmurların layiqincə cəzalandırılması bir də ona görə lazımdır ki, digərlərinə örnək olsun. Rüfət Aslanlının etdiklərini artıq bizim mətbuat geniş şəkildə işıqlandırır. Bu, sadəcə olaraq, getməklə yekunlaşacaqsa, deməli, digər məmurlara da qanunsuz əməllər üçün ”yaşıl işıq” yandırılmış olacaq. Yəni deyəcəklər ki, Rüfət Aslanlı bu qədər qanunsuz əməllərə yol verdi, ancaq ona heç nə etmədilər”.

İqtisadçı bildirib ki, xərclərin deklarasiyası olarsa, bu cür hallar baş verməz: “Yəni göstərilməlidir ki, hansı vəsait hesabına bu qədər pul xərclənib. Məsələn, 5 mərtəbəli villa tikmisən, içərisində də bahalı əşyalar var, lift quraşdırılıb və sairə. Bunu hansı pulla etmisən? Təbii ki, xərclərin deklarasiyası olduğu zaman, gəlirlərin də deklarasiyası tələb edilməlidir. Rüfət Aslanlı ilə bağlı da xeyli sayda məlumatlar yayılır ki, bahalı saatları, avtomobilləri və sairə var. Ondan soruşmaq lazımdır ki, xərcləri deklarasiya et görək bunu hansı vəsaitlə ödəmisən və bu pullar səndə haradandır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 338}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22