» » Paytaxt sürücüləri: “Deyəsən, Ziya Məmmədovun qoçuları təzədən peyda olub”

Paytaxt sürücüləri: “Deyəsən, Ziya Məmmədovun qoçuları təzədən peyda olub”

Paytaxt sürücüləri: “Deyəsən, Ziya Məmmədovun qoçuları təzədən peyda olub”















Bakıda sürücülər dayanma-durma ilə bağlı yerli-yersiz cərimələrin yazılmasından cana doyublar; Bakı Nəqliyyat Agentliyi sözçüsü: “Kameranı görmürlərsə, nişanı görə bilirlər”

“Dayanma-durma qaydasının pozulması ilə bağlı səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra qarışıq vəziyyət yaradılıb. Bir var dayanma, bir var durma. Məsələn, bir adamı düşürmək üçün saxlayırsan, gəlib o dəqiqə cərimə yazırlar. Hansı ki, sərnişin dayanacağından 15 metr aralıda dayana bilərsən. Bu, qanunla tənzimlənir”.

Taksi sürücüsü Firdovsi Vəliyev bizimlə söhbətində belə deyir. Onun sözlərinə görə, BNA-nın nəqliyyat inspektorları narazılıq yaradır:

“Hazırda Qara Qarayev prospektində bəzi yerlərə kameralar quraşdırılıb. Bir gündə 2-3 dəfə eyni sürücüyə cərimə gəlir. Bu da narazılıq yaradır.

Əvvəl DYP yaxınlaşırdı, taksi şoferini ərazidən uzaqlaşdırırdı, daha cərimə yazmırdı, güzəştə gedirdi. Yeni nəqliyyat müfəttişləri isə elə deyəsən, Ziya Məmmədovun o vaxtkı qoçularıdır, təzədən peyda olublar. Biz taksi sürücüləriyik, çətinliklə işləyirik, hər gün çörək pulu çıxarmaq olmur, onlar da amansızcasına gəlib 20 manat cərimə yazırlar. Məsələn, bir saniyə aptekə girə bilmirsən. İndi nə dayanmaq, nə də durmaq olar. Taksi dayanacağını götürüblər, neçə dəfə müraciət elədik ki, dayanacaq qoyun. Amma qoymadılar, dedilər “hörmət” eləyin qoyaq”.

Metronun “Neftçilər” stansiyası yaxınlığında işləyən taksi sürücüsü Elsevər də deyir ki, əvvəl taksi dayanacağı var idi: “Onu gecə ilə götürdülər. Dəfələrlə müraciət elədik, xeyri olmadı. Burda 50 maşın var, gecə-gündüz növbəli işləyirik. Dayanacağın götürülməsini Siqnal İdarəsi Nəqliyyat Agentliyinin üstünə, onlar da qarşı tərəfi üstünə yıxır.

Bizim eşitdiyimizə görə belə iddialar var ki, təzə nəqliyyat müfəttişləri bəzi ərazilərdə “şirinlik” alıb taksilərə dayanmağa icazə verirlər.

Ümumiyyətlə, çox ədabazdırlar, özlərindən razıdırlar. Əllərində imkan olsa, sürücünü döyərlər. Necə ki, o vaxt Ziya Məmmədovun quldurları belə edirdilər. İndi də hərəsinin əlində bir planşetdir, çəkib cəriməni göndərirlər. Məsələn, Qara Qarayev prospektindən “8-ci kilometr” bazarına gedən istiqamətdə bir-iki yerdə kameralar quraşdırılıb, qayıdan yolda isə bir kamera da yoxdur. Nə var ki, həmin tərəfdə mağazalar çoxdur, onların bazarına mane olmasınlar. Maşınlar harada istəyir saxlayırlar, müştəriləri mağazaların qabağında düşürürlər.

Yəni bu sahədə xaos var. Taksi dayanacağı yarat, sonra dayanma-durmanı pozmayaq. Deyirlər ki, “şirinlik” verin, sonra dayanacaq məsələsini həll edək”.

Sürücülər deyirlər ki, 53 minə yaxın şofer cərimələnib: “Biz eşitmişik ki, bəzi yerlərdə taksilərdən “aylıq” yığmaq söhbətlərinə başlayıblar”.

O da var ki, bəzi sürücülər dayanma ilə durmanın fərqini bilmirlər. Əgər adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilibsə, dayanma hesab olunur.

Amma maşınınızı qadağa nişanının altında saxlayıb kimi və ya nəyisə gözləyirsinizsə, bu artıq dayanma deyil, durma sayılır. Sürücülərin əksəriyyəti qaydalara riayət etmir, avtomobillərini istədikləri yerdə saxlayırlar. Dayanma-durmanın qadağan olunduğu yerlərdə, məhz qadağanedici nişanın altında avtomobilləri iki, hətta üç cərgədə park edirlər. Bu da ciddi tıxac yaradır. Çünki avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi “Yol hərəkəti haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Ekspertlər isə bildirirlər ki, BNA əvvəlcə parklanma yerləri müəyyən etməli, bundan sonra dayanma-durmanı pozan sürücüləri cərimələməlidir. Şəhərdə isə parklanma ilə bağlı aləm bir-birinə dəyib.

BNA mətbuat xidməti rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, bu gün dayanma və durmanın qadağan edən nişanın təsir dairəsinə düşən ərazidə – birinci cərgədə saxlayıb sərnişin düşürən və ya iddia edildiyi kimi aptekə girib beş dəqiqəyə dərman alan sürücüyə qarşı inzibati tədbir görülmür: “Əgər sürücü aptekə girib çıxmaq bəhanəsi ilə nəqliyyat vasitəsini uzun müddət yolda saxlayırsa yolun ikinci, üçüncü cərgəsində saxlayıb hərəkətə maneə yaradırsa bu halda sürücüyə qarşı müvafiq tədbir görülür. Hətta şəhər mərkəzində sürücülərin müraciəti nəzərə alınaraq müəyyən yerlərdə dayanma və durmanı qadağan edən 3.27 nişanı durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edildi.

Eyni zamanda bir çox yerdə nişanların qüvvədə olması ilə bağlı vaxt müəyyənləşdi. Bu gün şəhər mərkəzində bir çox yerdə axşam saat 8-dən səhər 7:30-də birinci cərgədə parklanmaya icazə verilir. Yəni bildirmək istəyirəm ki, bizim əsas məqsədimiz yollarda hər hansı bir tənzimlənmə işləri apararkən belə elə addım atmalıyıq ki, bunun vətəndaşlara ola biləcək mənfi təsiri minimuma ensin”.

BNA sözçüsü qeyd etdi ki, ümumiyyətlə kameraların işə düşməsi sayəsində böyük əhali kütləsi bundan müsbət mənada faydalana bilib: “Yəni kameraların əhatə etdiyi küçələrdən keçən 70-dən artıq marşrut xəttinin faəliyyətində stabilləşmə müşahidə edilir.

Eyni zamanda bu tədbirlər sayəsində artıq insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük verir. Bu isə daha az nəqliyyat vasitəsinin şəhərə çıxması deməkdir. Sonda bu şəhərin ekologiysına müsbət təsir edir”.
Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Mədəniyyət