fim.az

Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib

18-02-2019, 13:16

Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib
















Fevralın 18-də rayon icra hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Qalib Əsgərov, Millət Vəkili Rəfael Hüseynov, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədirləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Qalib Əsgərov, Millət Vəkili Rəfael Hüseynov , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev parkına gələrək Ulu Öndərin xatirəsinə ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib. O, məruzəsində deyib: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı olaraq ölkəmiz inkişaf etmiş, ölkəmizdə genişmiqyaslı layihələr həyata keçirilmiş, sosial proqramlar reallaşdırılmış, xalqımız sabitlik və əminamanlıq şəraitində yaşamışdır. Ötən il ölkəmiz üçün çox uğurlu il olmaqla əlamətdar hadisələrlə zəngin olmuşdur. 2018-ci il 11 aprel tarixdə Prezident seçkilərində xalqımız yüksək etimad qazanmış siyasətin, hər bir vətəndaşın perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsinə səs verdilər.Azad, ədalətli və şəffaf keçirilən seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapdı. Keçirilən Prezident seçkilərində möhtərəm Prezidentimiz Cənab İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. İcazə verin Sizin adınızdan Hörmətli Prezidentimizə tarixi missiyasının yerinə yetirməsində uğurlar arzulayım. Ceyhun Cəfərov hesabat məruzəsində vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 11 yanvar 2019-cu il tarixli iclasında görülmüş işlər ətraflı təhlil edilmiş, 2018-ci ildə ölkə qarşısında duran bütün əsas vəzifələrin yerinə yetirildiyi bildirilmişdir. 2018-ci il ölkəmiz üçün uğurlu il olmuş, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla, sürətlə inkişaf etmiş, qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuş, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Cənab Prezident müşavirədə qeyd etmişdir ki, Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil inkişaf yolu ilə uğurla gedir və gedəcəkdir.Cənab Prezidentimiz öz çıxışında keçən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının başa çatdığını, beş illik proqramın artıqlaması ilə yerinə yetirildiyini, bölgələrdə infrastruktur layihələrin icra olunduğunu, yüz minlərlə iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradıldığını, kənd təsərrüfatı sahəsinin inkişaf etdiyini bildirərək, proqramın uğurla icra edildiyini və yenidən dördüncü proqramın qəbul ediləcəyini qeyd etdi. Müşavirədə Cənab Prezidentimiz bildirmişdir ki, üçünçü peykimizin orbitə buraxılması, “Cənub qaz dəhlizi”nin açılması, TANAP layihəsinin işə düşməsi, Ələt Beynəlxalq Ticarət Limanının fəaliyyətə başlaması ötən ilin mühüm uğurlarındandır. Möhtərəm Cənab Prezidentimiz bildirmişdir ki, keçən il ölkəmizdə ümumi daxili məhsulun artımı 1,4 faiz olmuşdur. Qeyri-neft sektorunun inkişafı 1,8 faiz təşkil etmiş, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artmışdır. İnflyasiya cəmi 2,3 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 9,2 faiz, kənd təsərrüfatı 4,6 faiz artmışdır. Ölkə iqtisadiyyatına 17,2 milyard dollar sərmayə qoyulmuşdur ki, bu sərmayənin 11 milyard manatı qeyri-neft sektoruna qoyulan sərmayədir. Valyuta ehtiyatlarımız artaraq 45 milyard dollara çatmışdır. Keçən il ölkəmizdə görülən işlər nəticəsində 118 min daimi iş yerləri açılmışdır.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2018-ci il ərazində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul 9,3 faiz artaraq 408 milyon 11 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 69,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 17,8 faizi sənayedə, 11,5 faizi inşaat kompleksində, 39,9 faizi isə kənd təsərrüfatı sahəsində, ümumi məhsul buraxılışının 30,8 faizi isə xidmət sahəsində, o cümlədən 29,4 faizi ticarət və ictimai iaşə, 1,2 faizi nəqliyyat, 0,2 faizi isə rabitə sahəsində olmuşdur.Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ildə 912 nəfər işlə təmin olunmuşdur ki, bundan 867 nəfəri daimi, 45 nəfəri isə müvəqqəti işlə təmin olunanlardır.Cənab Prezidentimizin tapşırığına əsasən, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ildə 325 nəfər ictimai işlərə cəlb olunmuşlar. Hər il olduğu kimi hesabat ilində “Əmək yarmarkası” keçirilmiş, yarmarkada 32 müəssisədən 281 boş iş yeri təqdim olunmuş, 82 nəfər daimi işlə təmin olunmuşdur. Cənab Prezidentimizin diqqət mərkəzində saxladığı məsələlərdən biri olan əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar rayonumuzda özünəməşğulluq proqramına 128 nəfər cəlb olunmuş, 125 nəfərin öz biznes ideyalarına uyğun olaraq biznes planları Dövlət Məşğulluq Xidmətinin komissiyası qarşısında uğurla müdafiə edərək məğbul qiymət almış, artıq onlardan 111 nəfəri aktivlərlə təmin olunmuş, biznes fəaliyyətinə başlamış, hazırda aktivlərin verilməsi işi davam etdirilir.Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır.Respublika Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonda sahibkarlığın inkişafı üçün 2018-ci ildə rayonun 6 sahibkarına 1 milyon 52 min manat məbləğində kredit verilmiş və nəticədə 141 yeni iş yeri yaradılmışdır.2018-ci il ərzində əhaliyə 87,075 min manat pullu xidmət göstərilmişdir ki, bunun da 7,2 faizi və ya 6417,0 manatı dövlət, 92,8 faizi və ya 80658,2 min manatı isə qeyri dövlət sektorunun payına düşür. 2018-ci il üçün rayon büdcəsi mədaxil və məxaric üzrə 6 milyon 182 min manat təsdiq edilmişdir ki, yerli gəlirlər planı 6 milyon 329 min manat təşkil etmişdir. Yerli gəlirlər planı ümumilikdə 102,4 faiz yerinə yetirilmişdir.Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 72,5 mln manatlıq və ya ötən ildən 4,2 faiz artıq sənaye məhsulu istehsal edilmişdir. Özəl sektorun sənaye məhsulunun istesalında çəkisi 91,1 faiz olmuşdur. Rayon üzrə orta aylıq pensiyanın məbləği 190,30 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 195,35 manat olmuşdur.Hesabat dövründə rayon üzrə 4346 nəfərə sosial müavinət, təqaüd, kompensasiya və digər sosial ödənişlər üzrə müavinətlərin ödənişi aparılmışdır. Məlum olduğu kimi Ölkə rəhbəri rayon icra hakimiyyəti başçılarının qarşısında rayona yatırılan investisiyaların artırılmasına diqqət yetirilməsinə dair tapşırıq vermişdir. Rayonumuzda sahibkarlara yaradılmış münbit şərait nəticəsində 2018-ci ildə Kürdəmir rayonu üzrə cəlb edilmiş özəl investisiya layihələrinin ümumi dəyəri 156 milyon 110 min manat təşkil etmiş, bundan 2018-ci ildə 34 milyon 480 min manat vəsait xərclənmişdir.Sərmayələr əsasən səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir. Layihələr istixanaların tikilməsi, aqroparkların salınması, nar bağlarının genişləndirilməsi, hotelçilik və istehsal müəssisələrinin yaradılması ilə əlaqədar olmuşdur. 2018-ci ildə rayonda tikinti, quruculuq və abadlıq işləri aparılmış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2018-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 8 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına şəhərin İslam Məmmədov küçəsində yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 3852 m2 dam örtüyü dəyişdirilmiş, 3422 m2 sahədə suvaq işləri aparılmış, 18,2 m2 plastik pəncərə, 24 m2 dəmir qapı quraşdırılmış, 120 m2 sahədə keramika, 144 m2 sahədə isə ağlay üzlüklü material vurulmuş, daxili və xaici divar səthləri 3810 m2 sahədə emulsiya ilə rənglənmişdir. Eyni zamanda 2018-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına şəhərin Aran qəsəbəsində 2 ədəd 3 mərtəbəli ictimai yaşayış binasının 2070 m2 sahədə dam örtüyü dəyişdirilmişdir.Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ayrılmış vəsait hesabına şəhərin 26 saylı dəmir yolu binasında təmir işləri aparılmış, binanın 900 m2 dam örtüyü dəyişdirilmiş, şəhər 7 saylı uşaq bağçası körpələr evində isə 44 m2 taxta pəncərələr metal-plastik pəncərələrlə, 24 m2 taxta qapılar metal-plastik qapılarla əvəz edilmiş, 205 m2 sahədə daxili divarlar, 300 m2 sahədə isə tavan emulsiya ilə rənglənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin və 2018-ci il 30 mart tarixli sərəncamı ilə “Xalça istehsalı emalatxanası”nın tikintisinə başlanılmışdır. “ASAN xidmət” mərkəzində restoran, yeməkxana, çay evi və “ASAN xidmət”in əsas binasının 2 mərtəbəsinin dəmir-beton hissələri tamamlanmış, 3-cü mərtəbəsinin dəmir-beton hissələrinin qəlbləri quraşdırılmış, montaj və aralıq divar qatlarının hörgü işlərinə başlanılmışdır. 2 ədəd 170 tonluq su anbarı və qazanxana binası tikilmişdir. TİR avtomobiləri üçün dayanacaq sahəsi çınqıl qarışığı verilməklə kipləşdirilmişdir. “Xalça istehsalı emalatxanası”nın tikinti işləri başa çatdırılmış, hazırda ərazidə abadlaşdırma və son tamamlanma işləri aparılır.“Azpetrol” yanacaq doldurma məntəqəsi və motel binasının tikintisində əsas dəmir-beton işləri tamamlanmış, arakəsmə divarlarının tikintisinə başlanılmışdır. Ərazidə yanacaq çənləri üçün yeraltı çən parkı və su hovuzları tikilmiş, əraziyə drenaj xətləri çəkilmiş və quyuları qoyulmuşdur. Ərazi doldurucu çınqıl materialı ilə doldurularaq kipləşdirilmişdir.Dövlət Proqramının icrası ilə əlaqədar 2018-ci ildə 21 saylı Yol İstismarı MMC “Azərbaycan Avtomobil Yolları” ASC-nin xətti ilə yerli əhəmiyyətli Mollakənd-Axtaçı-Öyləqulu, Kürdəmir-Xırdapay-Qağacılı, Cəyli, Topalhəsənli avtomobil yollarında 11713 m2 sahədə asfalt beton qarışığı ilə çala təmiri işləri aparılmış və hazırda təmir işləri davam etdirilir.Yerli əhəmiyyətli kənd yollarının 184911 m2 sahəsində yolun çökmüş yerlərinə çınqıl tökülmüş, avtoqreyderlə hamarlanmışdır.Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı ilə əlaqədar hazırda rayonun Pirili-Muradxan - Sor-Sor avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir, avtomobil yolunda 54712 m3 həcmində torpaq işləri tamamlanmış, 20 sm qalınlıqda 370.000 m2 alt layı, 16 sm qalınlıqda isə 357.300 m2 üst layı karxana çınqılı tökülərək avtoqreyderlə hamarlanmış, ağır katok vasitəsi ilə kimpəşdirilmişdir.Pirili-Muradxan-Sor-Sor avtomobil yolunda 7 sm qalınlıqda 198.000 m2 iri dənəli asfalt örtüyünün alt layı və 198.000 m2 sahəyə isə 5 sm qalınlıqda asfaltın üst layına xırda dənəli asfalt örtüyü vurulmuşdur. Hazırda həmin yolda çiyinlərin 12 sm qalınlıqda optimal qum çınqıl materialı ilə bərkidilməsi işləri görülür və yol nişanlarının, məlumat verici lövhələrin quraşdırılması üçün hazırlıq işlərinə başlanılmışdır. Ölkə rəhbərinin sərəncamı ilə ilkin olaraq ayrılmış vəsait hesabına rayonun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 25400 m3 torpaq işləri görülmüş, əsasın alt layının 20 sm qalınlıqda 270000 m2 sahəyə karxana çınqıl materialı və 12 sm qalınlıqda 121320 m2 sahədə isə optimal qum çınqıl materialı tökülərək avtoqreyderlə hamarlanmış və ağır katokla kipləşdirilmişdir. Bu işlərin davam etdirilməsi üçün Ölkə rəhbərinin 25 yanvar 2019-cu il tarixli sərəncamı ilə əlavə olaraq 8,8 milyon manat vəsait ayrılmışdır.
2018-ci ildə Bakı-Ələt-Qazax avtomobil yolundan Şilyan, Qarasu və Muğanlı kəndlərinə giriş yollarına geriyə dönmə keçidləri qoyulmuş və lazımi yol nişanları ilə təmin edilmişdir.Dövlət Proqramının icrası ilə əlaqədar 2018-ci ildə Kürdəmir şəhərinin Əfqan Abdullayev, Vidadi, M.Ə.Sabir, Cavanşir, Koroğlu küçələrində, Aran qəsəbəsi ərazisində və Heydər Əliyev prospekti boyunca dalan küçələrinə 20643 m2 asfalt örtüyü vurulmuşdur. Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2018-ci ili uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir çox güzəştlər müəyyən edilmişdir. Belə ki, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir. Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğu nəzərə alınaraq bu sahənin ciddi inkişaf etdirilməsi qarşımıza mühüm vəzifə kimi qoyulmuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə 2018-ci ildə rayonumuzda pambıq əkini ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur.Müqavilələr bağlanmış, zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 5030 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Məhsul yığımı dövründə 3000 nəfərə yaxın işçi qüvvəsi, 14 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 6763,2 ton pambıq tədarük olunmuşdur. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 6000 nəfərdən çox işçi qüvvəsi cəlb edilmişdir. 2019-cu ildə 2785 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilmiş, pambıq əkini üçün əlverişli sahələr seçilmiş, pambıqçılarla tədarükçülər arasında müqavilələr bağlanması təşkil olunmuş, pambıq əkini üçün donduqma şumu qaldırılmış, hazırda arat işləri aparılır. Rayonumuzda 2018-ci ildə 20 ton 400 kq barama istehsal edilmişdir. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə hesabat dövründə 126 min ədəd tut (çəkil) tingi əkilmişdir. Ümumilikdə rayon üzrə 238500 ədəd ting əkilmişdir. Bu il 25 tondan çox barama istehsalı üçün lazımi təşkilatı və təsərrüfat tədbirləri görülür, yeni kümxanalar hazırlanır.Onu da bildirim ki, Ölkə Rəhbərinin rayonumuza diqqəti nəticəsində uzun müddət kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə və yüksək nəticələr əldə etdiyinə görə Cənab Prezidentimizin müvafiq sərəncamı ilə Osmanova Sevil İdris qızı 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir. Rayon ərazisində əkin dövriyyəsinə qatılması üçün 20 min hektar əkinə yararlı münbit torpaq sahələri seçilmiş, həmin sahələrin suvarma suyu ilə təmin edilməsi üçün layihələr və smeta sənədləri hazırlanmış, bu torpaqların əkin kateqoriyasına keçirilməsi üçün aidiyyatı mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır. 14573 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmiş, bu torpaqları istifadə edən 5 aqropark yaradılmış, hazırda həmin ərazilərdə suvarma şəbəkələrinin təmiri və tikintisi işləri aparılır, digər infrastruktur layihələri həyata keçirilir. Ötən il rayonda heyvandarlıq sahəsində göstəricilər əvvəlki illərə nisbətən xeyli artmışdır. Dövlət Proqramına əsasən rayonda məhsuldar cins heyvanların sayı artırılaraq 2050 başa çatdırılmışdır. 2018-ci ildə rayonda 1720 baş inək süni mayalandırılmış, 1230 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Hazırda iri buynuzlu mal qaranın sayı 64776 başı, qoyun keçilərin sayı 136379 başı, quşların sayı isə 371 min 538 başı ötmüşdür. 2018-ci ildə diri çəkidə 9267 ton ət, 43265 ton süd, 20 milyon 960 min ədəd yumurta, 274 ton yun istehsal edilmişdir. Əksər göstəricilər üzrə heyvandarlıq məhsullarının istehsalında artım əldə edilmişdir.Heyvanlarda xüsusi təhlükəli qara yara, nodulyar dermatit, çiçək və brüselyoz xəstəliklərinin qarşısını almaq üçün profilaktiki peyvəndləmə tədbirləri aparılmış, epizotik tədbirlər başa çatdırılmışdır.
Taxıl yığımı mütəşəkkil aparılmış, biçinə 150-dək kombayn cəlb edilmiş, 45028 hektar sahənin taxılı optimal müddətdə minimum itkilərlə yığılmış, 136417 ton dən götürülmüşdür. Hər hektardan 30,3 sentner məhsul alınmışdır. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülmüş, 6262 ton qarğıdalı dəni istehsal olunmuşdur.Bu il 7000 tondan çox toxumluq taxıl ayrılmışdır ki, bunun da 4000 tondan çoxunu yüksək reproduksiyalı toxum təşkil edir. Rayonda 3422 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 1500 hektarı intensiv üsulla əkilmiş, 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur.Rayonda arıçılığa maraq ilbəil artmaqdadır. Bu il 4 mindən çox arı ailəsi saxlayanlar qeydə alınmış, 40 ton bal istehsal edilərək rayon daxilində və respublikanın ayrı-ayrı rayonlarında satışa çıxarılmış, eyni zamanda Bakı şəhərində keçirilən bal sərgisində nümayış etdirilmişdir.Rayonun sahibkarları və şirkətləri tərəfindən Türkiyəyə 355 ton pambıq mahlıcı, Gürcüstana 485 ton kəpək, İrana 14226 ton, İsrailə 39 ton, Gürcüstana 60 ton, Hindistana 28 ton biyan kökü; Rusiyaya 1235 ton, Ukraynaya 630 ton, Belarusiyaya 92 ton, Gürcüstana 110 ton nar; Rusiyaya 62 ton nar şirəsi, Ukraynaya 114 ton, Rusiyaya 115 ton xurma; Belarusiyaya və Qazaxıstana 996 ton kartof, İraqa 122 ton arpa; Rusiyaya 18 ton pomidor, Ukraynaya 47 ton sarımsaq, Gürcüstana isə 22 ton yemiş ixrac edilmişdir.Üzümçülük məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılmış, 2821 ton üzüm istehsal olunmuşdur.Görülmüş tədbirlər nəticəsində ötən il 15842 ton kartof, 22523 ton tərəvəz, 54295 ton bostan, 89 ton yerfındığı, 1247 ton şəkər çuğunduru, 285 ton günəbaxan, 77 ton soya, 29777 ton nar, ümumilikdə 33807 ton giləmeyvə və meyvə istehsal edilmişdir.Rayonumuzda yetişdirilən kənd təsərrüfatı məhsulları hesabına Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına ötən il yerli sahibkarlarımız tərəfindən 15 çeşiddə 1000 tondan çox kənd təsərrüfatı məhsulları göndərilmiş, göndərilmiş məhsullar bazar qiymətindən 25-30% aşağı qiymətlə satılmışdır.Rayonda Aqrolizinq ASC-nin Kürdəmir filialında 164 traktor və digər kənd təsərrüfatı maşın və mexanizmləri mövcuddur. Filialda 39 müasir kombayn vardır ki, bunlardan 29-u taxıl, 10-u isə pambıq yığan kombaynlardır. Kənd təsərrüfatına xidmət edən suvarma sistemləri idarələrinin də maddi texniki bazası möhkəmləndirilmiş onlar müasir, yüksək manevr qabiliyyətli yerqazan texnikalarla təchiz olunmuşdur.İndi rayonun texnika parkında 402 ədəd şum traktoru, 70 ədəd ekskovator, 14 ədəd pambıq yığan, 54 ədəd taxılbiçən, 29 ədəd yemyığan kombayn, 99 traktor yedəyi, 60 ədəd asma və qoşqular mövcuddur.
Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, suvarma sistemlərinin təmiri və bərpası sahəsində xeyli işlər görülmüşdür. 2018-ci ildə 990 km kanal və 245 km dren şəbəkəsi lildən təmizlənmiş, 265 hidrotexniki qurğu, 18 nasos kompleksi, 5,4 km beton kanal əsaslı təmir olunmuşdur.Bu il əkinlərin və eləcə də pambıq sahələrinin vaxtında su ilə təmin olunması məqsədi ilə aidiyyatı təşkilatlar öz qüvvələrini səfərbər etməli, əkinlərə xidmət edəcək kanalların təmizlənməsi, bərpası işlərinə ciddi yanaşmalı, pambıq sahələrinin vaxtında suvarılmasına nail olmalıdırlar.Rayonun Şilyan massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar layihədə nəzərdə tutulmuş tədbirlərin 60 faizi görülmüşdür. Rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı və xidmət müəssisələrinin bu sahədə fəaliyyətləri rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən olmuşdur.Ötən il rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsi, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunması işləri həyata keçirilmişdir.Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2018-ci ildə 35/10 kv-luq Pirili Şirvan yarımstansiyalarında 35 və 10 kv-luq yağ açarları cari təmir edilmiş, 36 ədəd 10/0,4 kv-luq transformator cari təmir edilmiş, 4500 litr yağ əlavə olunmuş, 3500 metr məsafədə xətlərə toxunan yaşıl kütlələr təmizlənmişdir.Şəhər ərazisində, Atakişili, Sor-Sor, Muradxan, Şilyan, Ərəbqubalı, Çöl Ərəb, Çərtəyəz və Qoçulu kəndlərində 52000 metr açıq naqilllər SİP kabellə əvəz olunmuş, 2551 abonentin sayğacları müasir tipli sayğaclarla əvəz edilmişdir. 1300 ədəd yararsız ağac dayaqlar dəmir və dəmir-beton dayaqlarla əvəz olunmuşdur.Hazırda şəhər ərazisində və Ərəbqubalı kəndində yenidənqurma işləri davam etdirilir.Rayon üzrə sərf olunan elektrik enerjisinin dəyəri 3902890 manat olduğu halda əhalidən 3557754 manat vəsait toplanılmışdır. İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin yığımı 2018-ci ildə əhali sektoru üzrə 91,2 % təmin edilmişdir. Dövlət Proqramına uyğun olaraq il ərzində təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşması işi davam etdirilmişdir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 59 yaşayış məntəqəsi qazla təmin edilmişdir ki, bu da abonentlərin 98,2 faizini təşkil edir. 3 yaşayış məntəqəsinin Qarabucaq qəsəbə, Qarabucaq və Qurdbayram kəndlərinin qazlaşdırılması 2019-cu ildə nəzərdə tutulur. 2018-ci ildə şəhərə gələn mərkəzi su xəttində, şəhərin küçə və prospektlərinin su xətlərində təmir işləri görülmüş, su sızmalarının qarşısı alınmışdır. 2018-ci ildə 25010 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, abonentlərdən su pulunun yığım məbləği 690084 manat təşkil etmiş, 200 qeyri-əhali abonentinə xidmət göstərilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən rayonun Axtaçı-Qarabucaq, Qoçulu, Garıs-Əyribənd və Bağman kəndlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə modul tipli su təmizləyici qurğuların quraşdırılması işi başa çatdırılmış və istifadəyə verilmişdir.Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.2018-ci ildə rayon Kommunal Müəssisələri Kombinatı və rayon Mənzil İstismarı sahəsi tərəfindən şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılmasında səylə çalışmış, ərazilərdə olan məişət tullantılarının mütəmadi götürülməsi təmin olunmuşdur. Rayonda kağız, karton və plastik tullantıların çeşidlənərək yığılması və təkrar emala verilməsi layihəsinin həyata keçirilməsi məqsədi ilə 12 ton kağız, karton və plastik tullantılar yığılmış və 10 ton 361 kq təhvil verilmişdir. Rayon Yaşıllaşdırma sahəsi yaşıllıqların qorunması və becərilməsi istiqamətində bir sıra işlər görmüş, park və prospektlərdə olan qurumuş ağaclar çıxarılmış, yeni ağaclarla əvəz olunmuş, qurumuş qazon sahələri yenidən bellənmiş, mineral gübrələr verilmiş, yeni qazon ot toxumu səpilmiş və vaxtlı-vaxtında suvarılması həyata keçirilmişdir. Bayraq meydanına və digər park və prospektlərə ərazilərin bütün yaşıllıq sahələrinə gül kolları və ağaclar əkilmişdir.Rayonumuzda təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində bəzi işlər görülmüşdür. 2018-ci il ərzində həyata keçirilmiş ağacəkmə kompaniyası zamanı rayonumuzda 25 mindən çox ağac və gül kolları əkilmiş, 2019-cu ildə də bu kompaniya davam etdirilməkdədir. 2018-ci ildə telefona olan tələbatla əlaqədar əhaliyə 451 ədəd telefon xətti çəkilmiş, 31 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə verilmişdir.Əhalinin genişzolaqlı internet xidmətinə olan təlabatını ödəmək məqsədi ilə yeni avadanlıqar quraşdırılmış, hazırda Aztelekom.net avadanlıqlarının tutumu 3672, interner abunəçilərinin sayı isə 3242 nəfərdir. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur. 2018-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 906 nəfər məzundan 453 nəfəri ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə vermiş, onlardan 251 nəfəri ali təhsil müəssisələrinə, 101 nəfəri isə orta ixtisas müəssisələrinə qəbul olunmuşlar. Qəbul olunmuşların 23 nəfəri 500 baldan, 8 nəfəri isə 600 baldan çox nəticə göstərmişlər. Sevindirici hal kimi qeyd etməliyəm ki, ötən il Ölkə Rəhbərinin sərəncamları ilə şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva “Əməkdar müəllim”, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova isə “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Kürdəmir Peşə Liseyində 134 nəfər şagird təhsil alır. Rayonumuzun iqtisadi çoğrafi mühiti nəzərə alınaraq “Üzüm ustası”, “Pambıqçı”, “Əl elektrik qaynaqçısı”, “Traktorçu-maşinist” qrupları fəaliyyət göstərir, 2018-2019-cu tədris ilində əlavə “Xalçaçı” qrupu açılmışdır. Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi və keyfiyyəti yüksəlmişdir. 2018-ci ildə Ölkə Prezidentinin tapşırığına əsasən 100116 nəfər tibbi müayinədən keçirilmişdir. Onlardan 90383 nəfəri sağlam olmuş, 9260 nəfəri ambulator, 336 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 182 nəfər Bakı şəhərinə müayinə və müalicə üçün göndərilmiş, 7 nəfər cərrahiyyə əməliyyatı olunmuşdur.
Rayonda əhalinin asudə vaxtının daha səmərəli təşkili məqsədi ilə rayonun “Gənc Heydərçilər”, Heydər Əliyev və Qələbə parklarında, Bayraq meydanında əhalinin istirahətlərinin səmərəli keçirilməsi istiqamətində rəngarəng tədbirlər keçirilmiş, bütün dövlət bayramları təntənə ilə qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsini öyrənirik” adlı tədris kursu, kompüter və ingilis dili kursları, milli rəqs, rəsm, poeziya, dizayner, heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərir. Mərkəzdə Cənab Prezidentimiz İlham Əliyevin xarici və daxili siyasətini təbliğ edən qruplar yaradılmışdır. Təbliğat qrupları vaxtaşırı olaraq ayrı-ayrı idarə və müəssisələrdə, kəndlərdə, ictimaiyyətin toplandığı yerlərdə Möhtərəm Prezidentimizin xarici səfərlərini, fərman və sərəncamlarını, bölgələrə etdiyi səfərlərini, dövlətimizin yürütdüyü daxili və xarici siyasəti, həmçinin rayonumuzda gedən quruculuq və abadlıq işləri haqqında məlumatları ictimaiyyətə çatdırır. 2018-ci ildə mütəmadi olaraq rayon gənclərinin asudə vaxtının təşkili məqsədi ilə yeniyetmələr və gənclər arasında bilik yarışları, idmanın voleybol, şahmat, futbol, güləş və sairə növləri üzrə idman yarışları təşkil olunmuşdur.Gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi bayram əhval ruhiyyəsində təşkil olunmuş, rayon ictimaiyyəti nümayəndələrinin bayram və tarixi günlərdə, eləcə də “Açıq qapı” günlərində hərbi hissələrə səfərləri, mədəniyyət işçilərinin konsert proqramları təşkil edilmişdir.2018-ci ilin Möhtərəm Prezidentimiz tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda “Şərqdə ilk demokratik cümhuriyyət”, “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ilidir”, Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” və digər mövzulara həsr olunmuş tədbirlər keçirilmişdir. Bu ili də Prezidentimiz “Nəsimi ili” elan etmişdir. Odur ki, aidiyyatı şöbələr tədbirlər planı hazırlamalı, geniş və məzmunlu tədbirlərin keçirilməsini təmin etməlidirlər.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə Qurban bayramı münasibəti ilə 1115 ədəd qurban payı verimişdir. Rayonumuzda 12 Qarabağ müharibəsi əlili üçün tikintisinə başlanılmış fərdi yaşayış evlərində son tamamlama işləri görülür və yaxın günlərdə evlər əlillərin istifadəsinə veriləcəkdir. Bu il isə əlavə 10 nəfər Qarabağ müharibəsi əlili və 14 nəfər Şəhid ailələri üçün fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmuşdur.
Məruzə ətrafında çıxış edən Maliyyə idarəsinin rəisi Ayaz Cəbrayılov, DSMF-nun Kürdəmir rayon şöbəsinin müdiri Elçin Abasov , “SM AGRO” MMC-nin layihə rəhbəri Orxan İsfaliyev , Ağsu Regional Qaz İstismarı İdarəsinin Kürdəmir Qaz İstismarı Sahəsinin rəisi Elsevər İslamov 2018-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı danışmışlar.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Qalib Əsgərov və Millət Vəkili Rəfael Hüseynov çıxış ediblər.
Tədbirdə rayonda 2018-ci il üzrə kənd təsərrüfatı məhsullarının istehsalında yüksək əmək nailiyyətləri əldə etmiş bir qrup kənd təsərrüfatı istehsalçısına Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Fəxri Fərmanlar təqdim edildi.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə hesabat yığıncağı iştirakçıları adından müraciəti oxundu.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2019-cu ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.

Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 747}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22