fim.az

Vəzir Həsənov: “Haqq-ədalət güc, iradə, siyasət, birlik hesabına zəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

18-01-2021, 11:31

Vəzir Həsənov: “Haqq-ədalət güc, iradə, siyasət, birlik hesabına zəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”


Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov - 2020-ci ilin sentyabrı ilə noyabrı arasında olan 44 gün Azərbaycan tarixinin ən əlamətdar tarixi hadisələrindən birinə çevrildi. Məhz bu 44 gün ərzində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı düşmən işğalından azad edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi 21-ci əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi”. Bu şərəfli tarixin kulminasiyası noyabrın 8-də Azərbaycanın qədim Şuşa şəhərinin işğaldan azad olunmasında öz əksini tapdı.

2010-cu il noyabrın birində Bakıda Dövlət Bayrağı Meydanının açılışı zamanı Prezident İlham Əliyev bir gün Azərbaycan bayrağının işğal edilmiş torpaqlarda, Şuşada da dalğalandırılacağını demişdi. O öz sözünü tutdu və 2021-ci ilin 14 yanvarında prezident Azərbaycan bayrağını Şuşada dalğalandırdı. Prezidentin ailəsi ilə birlikdə Şuşaya səfəri təbii ki, olduqca əlamətdar hadisədir. Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, Azərbaycan prezidenti Azərbaycanın bu qədim incisinə səfər edir. Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşanın Azərbaycan üçün əhəmiyyətli tarixi önəmi olan obyektlərinə, Bülbülün ev muzeyi, Aşağı və Yuxarı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Cıdır düzü, Vaqifin türbəsini ziyarətləri, bəlkə də xalq üçün hələ də sürreal olan məqamı – Qarabağ və Şuşanın yenidən Azərbaycan tərkibinə qaytarıldığının qeyd-şərtsiz sübutu oldu. Prezident cənab İlham Əliyev torpaqlarımız işğaldan azad edildikdən sonra Bülbülün, Üzeyir Hacıbəyovun, Natəvanın büstlərinin yenidən Şuşada əbədiləşdiriləcəyini demişdi. Bu sözlər də, təbii ki, reallıqda öz əksini tapıb. Azərbaycanın bu görkəmli şəxsiyyətlərinin büstləri əvvəlki yerlərində bərqərar olub. Cənab İlham Əliyev bu barədə çıxışında qeyd edib “Dahi şəxsiyyətlərimizin büstləri bizim qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür”. Bu, İlham Əliyevin prezident, Azərbaycan Respublikasının Ali Baş Komandanı kimi ilk açılış işləri olsa da, o 1982-ci ilin 14 yanvarında Heydər Əliyevin təşəbbüsü ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Və o yenə eyni gündə, 39 il sonra, eyni şəhərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti, qələbənin rəhbəri və strateqi kimi dayanmışdı. Əlində 39 il əvvəl Vaqif məqbərəsinin açılışında çəkilən foto ilə birlikdə. Prezident təəssüratlarını bu sözlərlə ifadə edib: “ Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir”.Bu il Şuşada Vaqifin Poeziya Günləri və “Xarı bülbül” festivalı keçiriləcək, beynəlxalq muğam festivalı baş tutacaq. İşğaldan azad olunmuş torpaqlarda bərpa işlərinin aparılması prioritet məsələdir. Şuşanın bərpası üçün baş plan hazırlanır. Bütün binalar təftiş edilir.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı statusu yenidən bərpa olunacaq, abidələrin əsl siması özlərinə qaytarılacaq. 2021-ci ilin 14 yanvarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının təməlləri qoyulub. Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq. Ərazilərin bərpası ilə bağlı prezident deyib: “Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Qarabağdakı quruculuq işlərində Heydər Əliyevin ənənələrini görməmək mümkün deyil. Məhz onun SSRİ zamanı rəhbərliyi dövründə, 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi. Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi Molla Pənah Vaqifin şərəfinə məqbərənin tikintisində də özünü göstərib. Şuşanı və bütövlükdə işğal olunmuş torpaqları düşməndən azad edən igidlərin, əsgərlər, şəhid və qazilərin şücaətini xüsusilə vurğulamaq lazımdır. Bütün şəhid ailələrinə qayğı göstərilir. Onların ailələri üçün müavinətlər 300 manatdan 500 manata qaldırılıb və ailələri diqqət mərkəzində saxlanılır, yaralı hərbçilərə qayğı göstərilir, əlil olmuş hərbçilərin reabilitasiyası aparılır, onların müasir protezlərlə təmin olunmasına nəzarət edilir.

İkinci Qarabağ müharibəsində Qələbə münasibətilə yeni orden və medallar təsis edilərək Prezident tərəfindən müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçilər təltif edilib. Cənab İlham Əliyev şəhidlər haqqında deyib: “Bu müharibəni şəhidlərimizin canı, qanı hesabına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq”. Qarşıda gediləcək yol uzun, bərpa ediləcək dağıntılar çoxdur. Bütün xalq olaraq həmrəyliklə qazandığımız qələbənin davamında bütün xalq olaraq quruculuq əzmimiz var. Prezident cənab İlham Əliyevin sözləri ilə bitirmək istərdim: “Haqq-ədalət güc, iradə, siyasət, birlik hesabına zəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 150}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331