fim.az

Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər

1-07-2022, 12:03

Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər


Məşhur Məmmədov,
Millət vəkili


Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas şərt irəli sürüb və Ermənistan onları qəbul edib.

Təəssüf ki, rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər, bu da hər iki ölkə üçün siyasi və iqtisadi cəhətdən əhəmiyyət daşıyar.

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Sevundirici haldır ki, bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

Yeni şəhərlərin baş planları ilə tanış olduqda məlum olur ki, şəhərlərdə və kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Cənab Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bir məsələyə xüsusi diqqət yetirmək istərdim ki, bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.

Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.

Bu da onu deməyə əsas verir ki, Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 87}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22