fim.az

Fateh bey: Qardaşlığın Zəfəri

9-12-2022, 13:11

Fateh bey: Qardaşlığın Zəfəri


Fateh bey - Azərbaycan və Türkiyə hərbçilərinin ölkəmizdə keçirdiyi “Qardaş yumruğu” birgə hərbi təlimləri birliyimizin növbəti bir nümunəsidir. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim cənub sərhədləri boyu əraziləri əhatə edib. Təlimlər Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sənədlərə əsasən təşkil olunur. Ötən il imzalanmış Şuşa Bəyannaməsində də hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq mühüm yer tutur.

Ümumiyyətlə, Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim güclənməkdədir.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər.

30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları, bütün toplumu Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. İqtidar və müxalifət partiyalarını təmsil etməsindən asılı olmayaraq bütün siyasi qüvvələr də Azərbaycanın yanında oldular. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyənin siyasi dəstəyi sayəsində bir çox dövlətlər qarışa bilmədi. Bu amil bizim qələbə qazanmağımıza çox böyük təsir göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu. Birliyimiz düşmənlərimizə göz dağı verdi. Dövlət başçıslarımız arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək zirvəsidir.

Azərbaycan və Türkiyənin budəfəki birgə hərbi təlimləri bütövlükdə regionda sabitliyə və təhlükəsizliyə xidmət edir. O da nəzərə alınmalıdır ki, Şuşa Bəyannaməsində Türkiyə və Azərbaycanın bir-birinə hərbi dəstəyi öz əksini tapır. Bəyannamədə vurğulanır ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Bu baxımdan, Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi dünyaya ünvanlanmış bir mesajdır. Yəni, Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü, şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarını daim qoruyacaq. Bunun üçün bütün zəruri addımlar atılacaq. Azərbaycan bütün qonşuları ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyir. Bununla belə, heç bir qüvvə dövlətimizi təhdid edə bilməz. Bəzi qonşular sərhədlərimizdə hərbi təlimlər keçirməklə bizi təhdid etməyə çalışdı. Amma İran kimi qonşular unutmamalıdır ki, bütün təhdidlərə qarşı Azərbaycan-Türkiyə birliyi var!

Yeri gəlmişkən, dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradının keçirilməsinin 2 ili tamam olur. Zəfər paradı da Azərbaycan-Türkiyə birliyinin təntənəsi idi. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, türk hərbçilərinin paradda keçidi qürurverici anlar idi. Zəfər paradı dünyaya birliyimizin mesajı olduğu kimi, birgə hərbi təlimlər də eynilə dünyaya, bizi təhdid etmək istəyənlərə ciddi mesajdır! Bu qüvvələr bu mesajlardan nəticə çıxarmalıdır!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 284}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22