fim.az

Vüsal Zamanov: Heydər Əliyev böyük tarixi şəxsiyyət, unudulmaz rəhbərdir

12-12-2022, 11:18

Vüsal Zamanov: Heydər Əliyev böyük tarixi şəxsiyyət, unudulmaz rəhbərdir


Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin direktoru Vüsal Zamanov - Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, Ulu Öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamış, Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilmişdir.

Vüsal Zamanov: Heydər Əliyev böyük tarixi şəxsiyyət, unudulmaz rəhbərdir


1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra həmin ildə də Naxçıvandan Azərbaycan Ali Sovetinə deputat seçildi. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini kimi böyük siyasi həyata yenidən başladı. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilən Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi. Heydər Əliyevin ətrafında yaradılan bu partiya onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ulu Öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu innovativ inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Məhz əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu ordu quruculuğu prosesinin cənab prezident tərəfindən uğurla davam etdirilməsi, xalqı bir ideya ətrafında birləşdirə bilmək siyasəti nəticəsində biz tarixi Zəfər çaldıq. 30 il ərzində işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad oldu və düşmən “Dəmir yumruğ”un dadını hiss elədi. Bu gün fəxrlə, inamla söz açdığımız Qarabağ artıq azaddır. Bu azadlığın qazanılması fonunda Heydər Əliyev dühasının parlaqlığı, Heydər Əliyev siyasətinin böyüklüyü bir daha diqqəti cəlb edir. İllər əvvəl onun əsasını qoyduğu hərbi məktəblər bu gün öz yetirmələri ilə yeni bir tarix yazır. O tarix yazılır ki. Onun ilk səhifəsi böyük tarixi şəxsiyyət olan Heydər Əliyevlə başlayır. O tarix yazılır ki, Ulu Öndərin milləti birləşdirən azərbaycançılıq ideologiyası həmin tarixin özəyidir.

Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 214}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22