Abdin Fərzəliyevin Abşerondakı özbaşınalıqları davam edir

Bir il öncə Nərimanov rayonundan Abşeron rayonuna keçirilən icra başçısı Abdin Fərzəliyev gəlişi ilə hansısa bir inkişafa, yeniliyə, dəyişikliklərə nail olmadı. O, Nərimanov rayonundan gətirdiyi köhnə üsul–idarəçiliyi hazırda Abşeron rayonunda davam etdirir.
"Patriot.az" xəbər verir ki, gah yaşıllıq salınması, bir-iki küçəyə asfalt döşənməsi xəbərləri ilə gündəmə gələn, görülən bu kiçik işləri gözə soxaraq özünü reklam edən Abdin Fərzəliyev əslində qol qoyduğu böyük özbaşınalıqları ört-basdır etməyə çalışır. İcra başçısı fikirləşir ki, bu yolla yuxarı orqanların xoşuna gələcək. Amma Abşeron rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq sistemini qüvvədə saxlayan icra başçısı Abdin Fərzəliyev keçmiş həmkarı İradə Gülməmmədovanın qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir.
Habelə, ötən bir il ərzində mətbuatda yayımlanan xəbərlər də icra başçısının fəaliyyətinin neqativ olduğunu sübut edir. Məlum olur ki, Abdin Fərzəliyev rayonda indiyədək hər hansı ciddi islahatlat aparmayıb, əksinə onun barədə əhali arasında narazılıqlar xeyli artıb. Misal üçün mətbautda faktlarla yazılıb ki, Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan məcburi köçkünlər binadan çıxarılıb, yaşadıqları tikili və ərazi rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb.
Başqa bir xəbərdə deyilir ki, Masazır və digər ərazilərdə torpaq satışı da, ev tikintisi rüşvət alınması da necə var davam edir. Sadəcə, indi 3 min yox, 5 min rüşvət tələb olunur.
Abdin Fərzəliyev rayonda torpaqların satılması, müxtəlif yerlərdə qanunsuz obyektlərin, yaşayış binalarının tikilməsi üçün sahibkarlardan küllü miqdarda rüşvətin toplanılması işini rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Nurlan Həsənova tapşırıb. O, Nurlan Həsənovu özü ilə Nərimanov rayonundan Abşeron rayonuna pul yığan adamı, yəni "qara kassa"sı kimi gətirib və bütün ixtiyarı da ona verib. Nurlanın əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir. Nurlan Həsənov ayrı-ayrı şəxslər üçün saxta sənədlər hazırlayaraq qanunsuz obyektlərin tikilməsinə şərait yaradır, nəticədə insanların dövlətdən narazılığına səbəb səbəb olur.
Abdin Fərzəliyevin sahibkarlara qarşı olan tələbi rayonun idarə və müəssisələrinə də tətbiq olunmaqdadır. Son bir ildə rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsi Abdin müəllimin “alverinə” xeyli müsbət təsir göstərib.
Ümumiyyətlə, Abdin Fərzəliyevin Abşerondakı özbaşınalıqları haqda çoxlu sayda məlumat var. Biz yalnız bir qismini açıqlayırıq, mövzunu davam etdirəcəyik. Abşeron rayon İcra Hakimiyyətinin də bu barədə mövqeyini dərc etməyə hazırıq.
Patriot.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 416}
OXŞAR XƏBƏRLƏR