fim.az

"Vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur" - ŞƏRH EDİLDİ

21-02-2024, 11:09

"Vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur" - ŞƏRH EDİLDİ


"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib. Həmin gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Xankəndidə yerləşmiş 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirib. Hücum başladıqdan sonra orada yaşayan təxminən 2500-ə yaxın dinc əhali azərbaycanlıların nəzarətində olan yaxın ərazilərə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərib. Onların arasında qarlı-şaxtalı havada həyatını qurban verənlər də olmuşdu. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

"Vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur" - ŞƏRH EDİLDİ


Onun sözlərinə görə, bu, əsl soyqırım idi: "Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı işğalı zamanı təkcə dinc əhaliyə deyil, sosial məişət obyektləri, tarixi-dini abidələrimizə qarşı da qəddarlıq törədilib. Məktəblər, məzarlıqlar klublar, kitabxana və xəstəxanalar yerlə-yeksan edilib.

Bu misli görünməmiş hadisələrə Ulu Öndər Heydər Əliyevin dövründə siyasi qiymət verilib. Xocalı soyqırımı təkcə azərbaycanlılara yox, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Həmin tarixdən etibarən hər il Xocalı soyqırımı günü qeyd olunur. Bundan əlavə Ümummilli Liderin 1997-ci il 25 fevral sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da sükut dəqiqəsi elan olunub. Müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan "Xocalıya ədalət" kampaniyası sayəsində bu soyqırımın bütün dünyaya çatdırılması istiqamətində mühüm işlər görülüb. Əsasən, 2008-ci ildən daha geniş vüsət almış bu təbliğat nəticəsində 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Yüzminlərlə insan təbliğat kampaniyasına qoşulmuş, baş verən hadisələri daha dərindən öyrənmişdir. Eyni zamanda, Xocalı soyqırımı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, İordaniya, Pakistan, Sloveniya, Əfqanıstan, Meksika və s. kimi bir çox ölkələrdə Xocalı soyqırımının tanınması ilə bağlı sənədlər qəbul olunub. 2013-cü ildə Qahirədə İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransında qəbul olunmuş Kommunikendə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çalışmışlar".

Deputat sözlərinə davam edərək bildirib ki, bu hadisələr təbliğ olunsa da, II Qarabağ müharibəsinə qədər Ermənistan tərəf bu məsələyə məhəl qoymadığı üçün Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməyib: "Hətta erməni tərəfi BMT-nin torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar qəbul etdiyi 4 qətnamədən də imtina ediblər. Çox acınacaqlı haldır ki, bu soyqırımın törədilməsi, həmçinin qətnamənin icra olunmaması ilə bağlı Ermənistana qarşı heç bir tədbir görülməmişdi. Şükürlər olsun ki, Xocalı soyqırımında, vaxtilə işğal olunmuş digər ərazilərimizdə törədilmiş hadisələrdə canlarını qurban vermiş şəhidlərimizin qanı yerdə qalmadı. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalmış torpaqlarımızı azad etməklə yeni reallıqlar yaratdı. "Dəmir yumruq" qalib gəldi.

2023-cü il 19-20 sentyabr tarixlərində aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan təmizləndi. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda üçrəngli bayrağımızı ucaltdı. Azərbaycan xalqı artıq özünü qalib dövlətin qalib vətəndaşı kimi hiss etməyə başladı. Bu gün Xocalıda və digər bölgələrimizdə köçə hazırlıq işləri gedir. Bu da o deməkdir ki, Azərbaycan xalqı heç vaxt keçmişini unutmayacaq. Ənənəvi olaraq hər il fevralın 26-da minlərlə insan "Ana harayı" abidəsini ziyarət edir. Xocalı soyqırımının 30-cu ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdi. Bu yürüşdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirliklər, agentliklər və digər şirkət rəhbərləri, həmçinin siyasi partiyaların nümayəndələri iştirak edərək Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni unutmadıqlarını bir daha dünyaya bəyan etmişdilər. Bu gün də Azərbaycan Xocalı soyqırımı ilə əlaqədar təbliğat kampaniyasını davam etdirir. Bundan sonra da ermənilərin törətdikləri bu vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 173}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22