
Ötən həftə müğənnilik edən Ziba Osmanova (Osmanlı) "Changan" markalı avtomobillə qəza törədib. Müğənni Suraxanı rayon ərazisində, piada yolunu keçən 2 azyaşlını vurub. Xəstəxanaya yerləşdirilən azyaşlılardan biri əməliyyat olunub və vəziyyyətinin orta-ağır olduğu bildirilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən qəza törədən ifaçını hansı cəza gözləyir?
AzFakt.com məsələ ilə bağlı vəkil Eldəniz İsmayılovla əlaqə saxlayıb.
Vəkil bildirib ki, avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanması üçün əsasdır.
Həmçinin avtomobili idarə edən şəxsin təqsiri sübuta yetirildiyi halda həmin şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilir.
Qeyd edilən cinayəti törətmiş və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmiş şəxs üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər.
Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinin tələblərinə əsasən cinayətin azyaşlı şəxslərə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir və cəza təyin edilən zaman nəzərə alınır.