Главная > gundem, tehsil > Şər və Böhtan yazanlara TUTARLI CAVAB - Əyyub Əyyubov

Şər və Böhtan yazanlara TUTARLI CAVAB - Əyyub Əyyubov


13-11-2018, 13:21. Разместил: vasif
Şər və Böhtan yazanlara TUTARLI CAVAB - Əyyub Əyyubov


Azərbaycanda turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kolleci bu tədris ocağına rəhbərlik edən iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun diqqət və qayğısı sayəsində son illər daha böyük uğurlara imza atıb. Beynəlxalq təcrübədən də bəllidir ki, istənilən sahənin inkişafı üçün maddi-texniki təminat məsələlərinin uğurla həlli və intellektual, bacarıqlı kadr potensialının yetişdirilməsindən asılıdır. Ölkəmizdə belə nüfuzlu təhsil müəssisələrindən biri olan və tanınmış məzunları ilə hətta ali məktəblərlə rəqabət aparan Mingəçevir Turizm Kollecində tədris və təlim-tərbiyə işləri müasir dövrün ən yüksək tələbləri səviyyəsində qurulub.
Mingəçevirdə hamıya məlumdur ki, Əyyub Əyyubovun güclü idarəetmə bacarığı sayəsində kollec qısa vaxt ərzində böyük uğurlara imza atıb. Hörmətli professorun rəhbərliyi ilə Mingəçevir Turizm Kollecində tədrisin yüksək səviyyədə aparılması və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsi məqsədilə mühüm işlər görülür. Kollecin direktoru Əyyub Əyyubov təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi üçün bugünədək xeyli işlər görüb, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparıb. Təhsil ocağına yeni invertar avadanlıq və kompyuterlər gətirilib. Təhsil ocağının kollektivi hər il Bakıda keçirilən Beynəlxalq Turizm Sərgisində və digər mötəbər tədbirlərdə uğurla təmsil olunur. Kollec xarici ölkələrin təhsil ocaqları ilə əlaqələrini ildən-ilə genişləndirir.
Əyyub Əyyubovun böyük xidmətləri sayəsində hazırda 2000-ə yaxın tələbənin təhsil aldığı Mingəçevir Turizm Kollecində davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir. Müəllimlər həmin xarici təhsil ocaqlarında keçirilən tədbirlərdə iştirak edərək öz bilik və bacarıqlarını artırır, onların tədris metodları ilə tanış olur, beynəlxalq təcrübəyə yiyələnən müəllimlər öz biliklərini kollecdə yerli tələblərə tətbiq edirlər. Artıq 10 ildir ki, təhsil ocağında turizm və onun təşkili, mehmanxana işi və onun təşkili, bədən tərbiyəsi və idman, xarici dil, ibtidai təhsil, mühasibat uçotu və audit xidməti, turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili və dekorativ tətbiqi incəsənət və xalq sənəti ixtisasları üzrə kadrlar hazırlanır. Ölkəmizdə turizm sahəsində ixtisaslı kadrlara olan tələbatın artması nəzərə alınaraq növbəti tədris ilində kollecdə yeni ixtisasların yaradılması planlaşdırılır.
Son vaxtlar bəzi internet saytlarında Əyyub Əyyubovun xidməti fəaliyyətinə və şəxsi nüfuzuna, kollecin adına xələl gətirmək üçün əsası olmayan, yalan və böhtan xarakterli yazılar verilir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Əyyub Əyyubovun kollecə rəhbərlik etdiyi dövrdə gördüyü uğurlu işləri nəzərə almayan insanların niyyəti nədir görəsən? Onlar görmürlər ki, Əyyub Əyyubov ötən 10 il ərzində heç bir nöqsana yol vermədən təhsilimizin inkişafı üçün çalışıb. Bu gün Əyyub Əyyubov var gücü ilə çalışır ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin etimadını doğrultsun. O, çalışır ki, ölkəmizdə turizm sahəsi üzrə ixtisaslı və bacarıqlı kadrlar yetişsin. O, buna nail olsa da bəzi qara fikirli insanlar professor Əyyub Əyyubovun bu uğurlarını həzm edə bilmir, onu şantaj etməklə məşğul olurlar, onun barəsində bəzi “xəbər” saytlarında xoşagəlməz məlumatlar yayırlar. Şantajla məşğul olan insanlar düşünməlidir ki, yalan ayaq açar, amma yeriməz. Fakta əsaslanmayan yalan məlumatlar yayan şəxslər gec-tez ifşa olunacaq.
Əyyub Əyyubovun rəhbərliyi dövründə kollecin tələbələrindən qanunsuz şəkildə pul yığılması hallarının qarşısı alınıb, imtahanlar zamanı rüşvət kimi xoşa gəlməz halların baş verməməsi üçün tədbirlər görülüb. İmtahanların şəffaflığı hər zaman təmin olunub. Əyyub Əyyubovun diqqət və qayğısı sayəsində kollecin istedadlı tələbələri müxtəlif bilik yarışlarında, sərgilərdə, mötəbər konfranslarda iştirak edərək kolleci uğurla təmsil ediblər. Mingəçevir Turizm Kolleci nümunəvi təhsili müəssisəsi kimi respublikada tanınıb və daim onun ünvanına təşəkkür məktubları gəlib.


FIM.AZ
Вернуться назад