fim.az

Fikrət Yusifov: “Qeyri-neft sektorunda inkişaf sürəti qəbul edilmiş qərarlara adekvat deyil”

16-08-2018, 09:43

Fikrət Yusifov: “Qeyri-neft sektorunda inkişaf sürəti qəbul edilmiş qərarlara adekvat deyil”
















Post-neft dövrünün elan edildiyi 2015-ci ilin sonlarından hökumət real sektorun inkişafı üçün onlarla qərarlar qəbul etdi, iqtisadiyyatın inkişafının strateji yol xəritələri işlənib hazırlandı. Bütün bu addımlar 2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə azalmasının yaratdığı fəsadları aradan qaldırmağı hədəfləmişdi. Ölkə iqtisadiyyatının durumunu, onun neftdən asılılığının səviyyəsini səciyyələndirən hər kəs hökumətin bu addımlarının nə qədər doğru və zəruri olduğunu etiraf etdi.

Post-neft dövrünün elan edildiyi vaxtdan artıq 3 ilə yaxın bir vaxt ötür. Ötən dövr ərzində qəbul edilmiş qərarların hansı nəticələrə gətirib çıxardığını, və bu nəticələrin gözləntilərə nə qədər uyğun olub olmadığına nəzər salaq. Öncə onu demək lazımdır ki, ölkə prezidentinin bilavasitə təşəbbüsü ilə qəbul edilmiş bu qərarların hər biri iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin edə biləcək bir səviyyədədir. Bəs həmin qərarların icrası nə vəziyyətdədir? Mövcud durum onu deməyə əsas verir ki, bu sahədə işlər bir o qədər də ürəkaçan deyil. Prezidentin bütün qərarların icrasına şəxsən nəzarət etməsi fiziki cəhətdən mümkün deyil və əslində də o bütün qərarların icrasına bilavasitə nəzarət etməməlidir. Bu qərarların konkret icraçıları var və bu işə nəzarəti həyata keçirən hökumət aparatı mövcuddur.

Ötən son üç ilə yaxın dövr ərzində qeyri-neft sektorunun bütün sahələrində müsbət nəticələr əldə edilsədə, bu sahədən ixracın həcminin gözləninlən artımı baş verməyib. Bu isə real sektorun unkişaf səviyyəsini səciyyələndirən ən önəmli göstəricilərdən biridir və bəlkə də birincisidir. 2013-cü illə müqaisədə 2017-ci ildə xarici ticarət dövriyyəsi 43,6 milyard ABŞ dollarından 24,3 milyard dollara, ixracın həcmi isə 32,8 milyard dollardan 15,5 milyard dollara qədər azalıb. Bəlli məsələdir ki, xarici ticarət dövriyyəsinin və ixracın 5 ildə iki dəfəyə yaxın və bundan bir qədər qədər çox azalması dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşması nəticəsində baş verib. Lakin bu dövrdə qeyri-neft ixracının 1,8 milyard dollardan 1,5 milyard dollara - yəni 17 faizə qədər azalması anlaşılan deyil. Biz məsələ ilə bağlı mətbuat səhifələrində bir neçə dəfə çıxış etsək də hökumət rəsmlərindən bu azalmanın nə ilə izah olunduğunu izah edən olmadı.

Real sektorun əsas aparıcı sahəsindən biri aqrar sektordur. Dövlət başçısının qeyri-neft sektorunu inkişaf etdirmək və bu yolla ölkə iqtisadiyyatının və dövlət büdcəsinin neftdən asılılığını minimuma endirmək məqsədilə müəyyən etdiyi kursun tezliklə reallaşmasında aqrar sektorun rolu əvəzedilməzdir. Elə bu səbəbdəndir ki, prezident 2015-ci ili kənd təsərrüfatı ili elan etmişdi. Aqrar sektorun işinin daha düzgün təşkili bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadə edilməsindən birbaşa asılıdır. Söhbət vəsaitlərdən istifadə sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasından gedir. Dövlət aqrar sektorun inkişafı üçün milyardlarla manat vəsait ayırsa belə, əgər onun istifadə mexanizmi düzgün təşkil edilməsə və bu məsələdə şəffaflıq təmin olunmasa, ayrılan vəsaitlərin səmərəli istifadəsindən söhbət belə gedə bilməz.

Ötən beş il ərzində aqrar sektora büdcədən ayrılmış yüz milyonlarla vəsait müqabilində bu sahədə daha böyük nəticələr əldə edilməli idi . Lakin təəssüf ki, kənd təsərrüfatı nazirliyinin keçmiş rəhbəri ölkə başçısının ona göstərdiyi etimadı doğrulda bilmədi. Onun fəaliyyəti dövründə cəmiyyətdə aqrar sektora ayrılan dövlət vəsaitlərindən yarıtmaz istifadə edilməsi ilə bağlı informasiyalar dolaşmağa başladı və bu da əsassız deyildi. Elə bu səbəbdəndir ki, ölkə prezidenti bir neçə dəfə kənd təsərrüfatı nazirliyinin keçmiş rəhbərini dövlət vəsaitlərindən istifadə sahəsində qayda-qanun yaratmağa səslədi. Lakin çox təəssüf ki, bunda nəticə çıxarılmadı.

2015-ci ilin yanvar ayının 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev aqrar sektora dövlət büdcəsindən ayrılan subsidiyaların istifadəsi zamanı yol verilmiş neqativ hallarla bağlı kənd təsərrüfatı nazirliyinin rəhbərliyini kəskin tənqid edərək belə dedi: “Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”. Nəticə isə çıxarılmadı.

Real sektorun digər aparıcı sahəsi qeyri-neft sənayesidir. Bu sahədə görülən işlərdə və əldə olunan müsbət nəticələrdə İqtisadiyyat Nazirliyinin rolu kifayət qədər böyükdür. İnvestorlara, iş adamlarına fəaliyyət üçün yaradılmış münbit şərait və ən əsası isə İxracın və investisiyaların təşviqi ilə bağlı məsələlərin həllində şəffaflığın yüksək səviyyədə təmin edilməsi, qeyri-neft sənayesinin inkişafına münbit şərait yaradır. Son bir neçə ay ərzində İqtisadiyyat Nazirliyi rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup media nümayəndələri və mən də daxil olmaqla müstəqil iqtisadçı ekspertlər Neftçala Neftçala Sənaye Məhəlləsi və Balaxani Sənaye Parkı ilə tanış olduq. Yerlərdə belə sənaye zonalarının salınması tədqirə layiqdir. Bu sahənin durmadan genişləndirilməsi bugünün əsas məsələlərindən biri olmalıdır. Biz yaxın bir neçə ildə qeyri-neft sektorundan ixracımızın həcmini ən azı 4-5 milyard dollara qədər artırmalıyıq. Bu bir illik idxalımızın 50%-inə bərabər məbləğdir. Bunun üçün yerlərdə sənaye zonalarının salınması və emal müəssisələrinin yaradılması işinə böyük həcmdə vəsaitlər ayırmaq lazımdır. Neftin qiymətlərinin yüksəlməsi səbəbindən daxil olan valyuta gəlirlərinin ən azı 50%-ni bu məqsədə istifadə etmək lazımdır. Bu hesaba yerlərdə minlərlə müəssisələr yaradıla bilər. Bu isə öz növbəsində yeni iş yerləri, büdcəyə əlavə vəsaitlərin və ölkəyə xarici valyuta axnının əsaslı şəkildə artması və iqtisadiyyatın şaxələndirilməsi demək olacaqdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 435}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22