fim.az

Dövlətin iqtisadiyyatda rolunun artmasının müsbətləri və mənfiləri

28-02-2019, 12:13

Dövlətin iqtisadiyyatda rolunun artmasının müsbətləri və mənfiləri
















İqtisadçı-alim: “Publik hüquqi şəxslərin mənfəət vergisindən azad olunmasının izahı yoxdur”

Hazırda bütün dünyada dövlətin iqtisadiyyatda rolunun artması müşahidə edilir. Hər bir ölkədə bunu şərtləndirən amillər müxtəlifdir. Azərbaycan kimi ölkələrdə dövlətin iqtisadiyyatda rolunun yüksək olması bir sıra problemlərə yol açır.

Bu barədə Bakıda jurnalistlər üçün təşkil olunan “İqtisadi islahatlara jurnalist dəstəyi” adlı seminarda çıxış edən iqtisad elmləri doktoru, professor Rasim Həsənovun sözlərinə görə, bu problemlərdən ən başlıcası idarəetmədə effektivliyin azalmasıdır. Qeyd edək ki, ikigünlük seminarı Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (CİPE) maliyyə dəstəyi ilə təşkil edib.

İri dövlət müəssisələrindəki qeyri-effektiv idarəetmə nəticəsində xarici maliyyə-kredit təşkilatlarından dövlət zəmanəti ilə alınan kreditlərin qaytarılma yükü getdikcə daha çox büdcənin üzərinə düşməkdədir. Belə ki, 2019-cu ilin dövlət büdcəsində “Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi” üzrə xərclər 2 milyard 339,8 milyon manat, o cümlədən “Xarici dövlət borcu” üzrə 2 milyard 162,2 milyon manat vəsait ayrılıb: “Fiskal yükün belə artması büdcədən digər prioritet istiqamətlər üzrə ayırıla biləcək vəsaitlərin həcminin məhdudlaşması və ölkədə borc dayanıqsızlığının güclənməsi ilə nəticələnəcəkdir. Bu isə öz növbəsində, strateji hədəflərin reallaşması və cəmiyyətin rifahının yüksəlməsinə xidmət etməli olan dövlət fondlarının resurslarının daha rasional istifadəsini əngəlləyəcəkdir”.

01.10.2018-ci il tarixə özəlləşdirmə prosesində yaradılmış və hazırda səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus 140 səhmdar cəmiyyəti mövcud olub. Onların ümumilikdə nizamnamə kapitalı 170,0 milyon manat, dövlətə məxsus payların (səhmləri) həcmi 133,9 milyon manat təşkil edib. Həmin cəmiyyətlər tərəfindən dövlət büdcəsinə cəmi 2017-ci ildə 40,6 min manat, 2018-ci ilin 6 ayı ərzində 13,2 min manat dividend ödənilib, bu vəsaitlər özəlləşdirmədən əldə edilən vəsaitlərə daxil edilib.

Eyni zamanda 01.07.2018-ci il tarixə dövlət müəssisələrinin iştirakı ilə yaradılmış və nizamnamə kapitalında dövlətin payı olan 26 (bunlardan 15-ı özəlləşdirməyə açıq olan) birgə müəssisə mövcud olub ki, onların ümumilikdə 38,5 milyon manat həcmində nizamnamə kapitalında dövlətin payı 8,9 milyon manat təşkil edib. Bu müəssisələrdən büdcəyə heç bir divident daxil olmayıb.

2019-cu ilin dövlət büdcəsinin gəlirlərində “Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər”in payı – 3920.0 min manat, “Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar” – 8000.0 min manat, “Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar” – 8000.0 min manat – . cəmi 19.9 milyon manat nəzərdə tutulub.

R.Həsənov maraqlı bir məqama da diqqəti cəlb etdi. Belə ki, bu ilin dövlət büdcəsindən 19 publik hüquqi şəxsin idarə olunmasına 405,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Maraqlısı həm də budur ki, Vergi Məcəlləsində publik hüquqi şəxslər mənfəət vergisindən tamamən azad ediliblər: “Bu halda sual yaranır ki, kommersiya gəliri əldə edən publik hüquqi şəxslər niyə vergi ödəməsin ki?”

İqtisadçı-alim Azər Mehtiyev seminar iştirakçılarına “Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici birbaşa investisiyaların cəlb edilməsi məsələləri” barədə məlumat verdi. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə 2025-ci ilədək hökumətin nail olmağı qarşısına qoyduğu 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılması” (2015-ci ildə 2,6 faiz olub) müəyyən edilib. 2000-2017-ci illərdə ölkə iqtisadiyyatına qoyulmuş 77,8 milyard dollarlıq birbaşa xarici investisiyanın cəmi 19,9 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Son illərdə müxtəlif ölkələrdən Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa investisiyaların dinamikasına nəzər yetirdikdə məlum olur ki, 2016-cı ildə iki ölkədən belə investisiyalarda kəskin artım qeydə alınıb. Bunlardan biri Rusiya, digəri isə İsveçrədir. Maraqlıdır ki, heç bir rəsmi mənbədə bu ölkələrdən daxil olan investisiyalar barədə detallı məlumat əldə etmək mümkün deyil.

Xarici investorlar Azərbaycan barədə məlumatı bir neçə mənbədən əldə edə bilirlər. Müvafiq dövlət qurumlarının saytlarında ölkənin investisiya mühiti barədə detallı məlumatlara rast gəlmək mümkün deyil. İnvestorların ölkə haqqında ilkin təəssüratları müxtəlif beynəlxalq səviyyəli hesabat və reytinqlərdəki mövqe ilə formalaşır. Bunlar arasında Dünya Bankının “Doing Business” hesabatı, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi, The Heritage Foundation fondunun İqtisadi Azadlıq İndeksi, Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiyaya həssaslıq” indeksi, Avropa Palatasının “Biznes üçün ən yaxşı Avropa ölkələri-2018″ (Doing Business və Korrupsiyaya həssaslıq” indeksləri əsasında hazırlanır), Foreign Policy jurnalı və Amerika Sülh Fondunun (The Fund for Peace) hər il açıqladığı Dövlətlərin Kövrəklik İndeksi (Fragile States Index), Dünya Bankının Dövlət İdarəetməsinin Keyfiyyəti (Governance Matters) indeksi, Böyük Britaniyanın The Legatum Institute analitik mərkəzinin Legatum Tərəqqi İndeksi (The Legatum Prosperity Index) və sair var.

A.Mehtiyevin fikrincə, qeyri-neft sektoruna birbaşa xarici investisiyaları artırmaq üçün dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın artırılması və korrupsiyanın aradan qaldırılması; mülkiyyət hüququnun qorunmasının təmin edilməsi; müstəqil və ədalətli məhkəmə sisteminin qurulması; iqtisadi azadlıqların genişləndirilməsi; hüquqi və tənzimləyici mühitin yaxşılaşdırılması; xarici investisiyaların cəlb edilməsi üzrə hökumətin vahid siyasətinin hazırlanması və qəbul edilməsi; “Rəqabət Məcəlləsi”nin, “Xarici investitisiyaların qorunması haqqında” yeni qanunun qəbul edilməsi və sair addımlar atılmalıdır.

İqtisadçı-ekspert Qalib Toğrul isə seminar iştirakçılarına Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklər, onların müxtəlif sahibkarlıq subyektlərinə verdiyi üstünlüklər, yarada biləcəyi çətinliklər, sadə vətəndaşların, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinə təsirləri barədə məlumat verdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 276}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22