fim.az

Kirayə yolla satılan evlər: qiymətlər niyə bahadır?

21-01-2020, 14:54

Kirayə yolla satılan evlər: qiymətlər niyə bahadır?


Ötən gündən etibarən kirayə yolla satılacaq evlərin siyahısı açıqlanıb. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Diqqət çəkən məqamlardan biri də, mənzillərin qiymətinin Bakının ərazisindən asılı olmayaraq, eyni olmasıdır.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məsələ ilə bağlı Axar.az-a açıqlamasında bu qiymətləri təyin edən qurumun İpoteka və Kredit Zəmanəti Fondu olduğunu bildirib. Eksper qeyd edib ki, Bakının fərqli yerlərində qiymətlər eyni ola bilməz və bu, absurd yanaşmadır:

“Göstərilən qiymətlər ilkin məlumatlardır və nisbi xarakter daşıyır. İpoteka fondundan qeyd ediblər ki, qarşıdakı günlərdə, hətta ola bilsin sabah yekun qiymətlərlə bağlı məlumat veriləcək. Biz də gözləyirik ki, qiymətlərlə bağlı dəyişikliklər olacaq. Çünki Bakının fərqli yerlərində qiymətlər eyni ola bilməz. Qiymətlərin bazar qiymətlərindən yuxarı olması isə başadüşülən haldır. Çünki İpoteka Fondu aldığı mənzilləri yerləşdirdiyi istiqrazlar hesabına maliyələşdirir. Bu, bir növ İpoteka Fondunun xərçidir. Yenə də düşünürük ki, qiymətlərdə dəyişikliklər olacaq və xüsusən də Bakıətrafı mənzillərdə bu dəyişim əhəmiyyətli dərəcədə hiss olunacaq”.

Qeyd edək ki, sözügedən mənzillərin ilkin qiyməti açıqlanıb və ərazidən asılı olmayaraq 1 850 manat civarındadır. Məsələn, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 350}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22