fim.az

“Onunla görüşməyə gedəndə məni də aparırdı ki…” – Günelin suçlandığı qətl işində əsas şahid dindirildi

2-12-2019, 09:53

“Onunla görüşməyə gedəndə məni də aparırdı ki…” – Günelin suçlandığı qətl işində əsas şahid dindirildi


Qəsdən adam öldürməkdə təqsirli bilinən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. O, qeyri-rəsmi münasibətdə olduğu şəxsi qətlə yetirməkdə suçlanır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclası yenə də gərginliklə başlayıb. Mərhumun ailə üzvləri Günel Qasımovanın ünvanına sərt ifadələr səsləndiriblər.

Prosesdə mərhumun ailə üzvlərinin vəkilinin vəsatəti əsasında məhkəməyə çağırılan Nicat Abışov şahid qismində ifadə verib.

O deyib ki, mərhum anasının xalası oğludur:

“Rəhmətliklə münasibətimiz yaxşı idi. Yaş fərqimiz çox idi, amma qardaş kimi idik. Bu qadınla görüşəndə həmişə ailəsində problem olurdu. Ramiz Günellə görüşməyə gedəndə məni də özü ilə aparırdı ki, yoldaşı zəng edəndə mənimlə olduğunu desin.

Neçə dəfə Günelin qaldığı evə getmişik. Nabranda bir yerdə yeyib-içmişik. Bir dəfə də bir yerdə oturanda içki də içmişdilər. Günel içkili idi. Ramizə dedi ki, biz birlikdə yaşayaq. Ramiz isə dedi ki, birlikdə yaşamağımız ömür boyu mümkün deyil. Mübahisə edəndə Günel qışqırmağa başladı. Dava-dalaş olanda Günelin oğlu da orda idi. Uşağı oradan mən apardım”.

Nicat Abışov suallara cavab verən zaman deyib ki, Ramizin ailəsi bu münasibətdən xəbər tutub: “Ramizin bacısı, yoldaşı deyirdi ki, onları Günelin evinə aparım. Amma mən bunu edə bilməzdim. Çünki Günel Ramizi ölümlə hədələyirdi. Ramiz də deyirdi ki, əgər evdəkilərə desəm, söz-söhbət olsa, Günel onu öldürəcək. Günel mənim yanımda da Ramizi ölümlə hədələyib”.

Prokuror Nicat Abışova sual verib ki, Günelin Ramizi ölümlə hədələməsi barədə niyə polisə məlumat verməyib?

Nicat söyləyib ki, bunu ona görə etməyib ki, Ramizin ailəsində problem yaranmasını istəməyib.

Daha sonra prokuror şahidə sual verib ki, Ramiz öldükdən sonra niyə bu haqda polisə deməyib?

Şahid qeyd edib ki, həmin ərəfədə Ramizin ölümündən sarsıntı keçirib: “Polis məni dindirmədi. Mən də çox sarsıntı keçirmişdim. Sonra da anam ağır xəstəlikdən vəfat etdi”.

Nicat Abışov mərhumun Güneldən borc alması barədə də suala cavab verib. Deyib ki, Ramiz heç vaxt, heç kimdən borc almayıb.

Məhkəmədə Abşeron Rayon Polis İdarəsinin əməliyyatçısı Əli Almazov ifadə verib.

Polis əməkdaşı cinayət hadisəsi baş verən zaman həyata keçirdikləri əməliyyatın təfərrüatlarından danışıb.

Bildirib ki, hadisə yerinə gələn zaman yerdə uzanan şəxsin sinəsində bıçaq izi görüblər:

“Bu hadisənin qətl olması qənaətinə gəldik. Ətrafa baxış keçirdik. Meyitin yanında mobil telefon tapdıq. Telefonun mərhuma məxsus olduğunu düşündük. Bu zaman telefona zəng gəldi. Mən telefonu açıb telefon sahibinin yaralandığını bildirdim. Məlum oldu ki, zəng edən həmin şəxsin xanımıdır”.

Əli Almazov deyib ki, mərhumun həyat yoldaşı ilə danışan zaman ondan kimdən şübhələndiyini soruşub: “Həyat yoldaşı dedi ki, Günel adlı şəxslə qeyri-rəsmi münasibətdə olub. O, mərhumun Güneldən alacağının olduğunu, buna görə də öldürülə biləcəyini dedi. Biz də səhər Güneli polisə dəvət etdik. Ona mərhum Ramizin öldüyünü demədik. Bildirdik ki, Ramiz ondan şikayət edib və pulunu tələb edir. Günel əvvəlcə dedi ki, Ramizi 1 aydır görmür. Sonra Günel yola salındı və biz araşdırmalarımızı davam etdirdik. Kamera görüntüləri çıxarılan zaman Günelin hadisə yerinə yaxın ərazidə olduğu müəyyən edildi. Başqa bir görüntüdə isə mərhumla birlikdə yol getdiyini aşkar etdik. Bununla bağlı Güneli yenidən polisə dəvət etdik. Ona niyə yalan danışdığını deyib, kamera görüntülərini göstərdi. Günel fikrini dəyişdi və həmin gün Ramizlə görüşdüyünü təsdiqlədi. Bildirdi ki, 20 dəqiqədən sonra oradan ayrılıb. Daha sonra onun bəzi dediklərində də ziddiyətlər olduğu məlum oldu. Günel “Tale Yolları” restoranının yanından dönərək taksiyə mindiyini dedi. Amma kamera görüntüləri bunun da əksini göstərdi. Məlum oldu ki, o, restoranın qarşısından düz hərəkət edərək yoluna davam edib. Başqa bir kamera görüntüsündə Günelin yolu qaçaraq yox, iti addımlarla keçərək geri qayıtdığını müşahidə etdik”.

Suallara cavab verən polis əməkdaşı deyib ki, Günel davranışları ilə onları aldatmağa çalışıb: “Özünü elə apardı ki, guya Ramizin ölməsindən xəbəri yoxdur. Biz də bunu demirdik. Mən 30 ildir şübhəli şəxs dindirirəm. Belə qənaətə gəldim ki, o, qətli törədib. Mən ona Ramizin öldüyünü deyəndə özünü narahat olmuş kimi göstərdi”.

Polis əməkdaşının dediklərinə Günel Qasımova etiraz edib. Bildirib ki, saxlanılan zaman ona təzyiq edilib:

“Mən hadisə günü haradan keçdiyimi, harada olduğumu özüm demişəm. Kameralar olan yerləri, mağazaları mən göstərmişəm. Yazılıb ki, guya uğurlu əməliyyatla aşkarlayıblar. Mən qətl törətməmişəm”.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Günel Qasımova qətl törətməsinə etiraf etmir, özünü günahkar bilmir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 289}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22