fim.az

Yaxın Şərq sünni-şiə savaşının bir addımlığında: İran və Səudiyyə…

1-04-2019, 10:12

Yaxın Şərq sünni-şiə savaşının bir addımlığında: İran və Səudiyyə…














ABŞ və İsrail “Ərəb NATO”sunu niyə yaratdı?

İkinci Dünya Müharibəsi bir daha göstərdi ki, neftə nəzarət edən ölkə dünyada dominant siyasi və iqtisadi mövqelərə sahib olacaq. Bu zəruriyyəti vaxtında duyan ABŞ və Böyük Britaniya hərəkətə keçdi. ABŞ Səudiyyə Ərəbistanındakı, Böyük Britaniya isə İrandakı neft yataqlarına nəzarət edirdi. Böyük Britaniya artıq əvvəlki imperiya gücünə sahib deyildi. ABŞ isə əksinə, getdikcə daha böyük sürətlə dünyanın super-dövlətinə çevrilirdi. Sovet İttifaqı “imperialist Amerikanın inkişafını ləngitmək” üçün uğursuz cəhdlər göstərirdi. Ancaq xeyri olmadı. Dünya neft ixracına nəzarət edən Amerika öz pul vahidi-dolları da duya valyutasına çevirə bildi…

1953-cü ildə İran xalqının seçdiyi hökumət neft sektorunu milliləşdirdi. Buna cavab olaraq, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) xalqın seçdiyi hökuməti iqtidardan uzaqlaşdırdı və Amerikaya bağlı olan şahın mövqeyini möhkəmləndirdi. Bu çevriliş Yaxın Şərqin tarixində silinməz iz buraxdı….

Yaxın Şərq sünni-şiə savaşının bir addımlığında: İran və Səudiyyə…


1979-cu ildə isə İranda İslam İnqilabı baş verdi və Şah Məhəmməd Rza Pəhləvi devrildi. Ayətullah əl-üzma Ruhullah Musəvi Xomeyni İranda islam respublikasının qurulduğunu elan etdi və İranda şiəlik dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Amerika ilə aşırı yaxınlıq İran şahını xalqın qəzəbinə gətirmişdi. Hətta 1977–ci ildə İran İslam İnqilabının əsas ideoloqlarından olan Əli Şəriətinin SAVAK tərəfindən öldürülməsi də prosesin qarşısını ala bilmədi. Qeyd edək ki, o, marksizmlə şiəliyi sintez etmiş ilahiyyatçı idi…

İranda şiəliyin dövlət siyasətinə çevrilməsi Yaxın Şərqdə məzhəb savaşına start verdi. Elə o vaxtdan da vəhhabi düşüncəsinin hökmran olduğu Səudiyyə Ərəbistanı ilə İran arasında Yaxın Şərqdə nüfuz savaşı başladı. O savaş indiyə kimi də davam edir. Bəzi təhlilçilər bu savaşı SSRİ ilə ABŞ arasında mövcud olmuş ”soyuq müharibə” ilə müqayisə edirlər.

Yaxın Şərq sünni-şiə savaşının bir addımlığında: İran və Səudiyyə…


2010-cu ilin dekabrında ərəb ölkələrində etiraz nümayişləri başladı. “Ərəb Baharı” adlanan etiraz dalğasını yönləndirmək üçün İran və Səudiyyə Ərəbistanı bütün imkanlarını səfərbər etdilər. Yəmən, Əlcəzair, İordaniya, Tunis… xüsusən, Misir və Suriya uğrunda mübarizə amansızlığı ilə seçilirdi. İran Misirdə prezident Hüsnü Mübarəkin devrilməsinə nail oldu. Məhəmməd Mursinin prezident seçilməsi də İranın maraqlarına uyğun idi. Ancaq sonda Səudiyyə Ərəbistanı öz istəyinə çatdı: Qərbin dəstəyi ilə Məhəmməd Mursini iqtidardan həbsxanaya göndərdi və general Əbdül Fəttah əs-Sisinin prezident seçilməsini təmin etdi.

Eyni vaxtda Səudiyyə ilə İran Suriyada üz-üzə gəldi. Səudiyyə Ərəbistanı Bəşər Əsədi devirmək üçün ölkəni vətəndaş müharibəsinə sürüklədi. İranla yaxın münasibətdə olan Bəşər Əsəd Qərbin təzyiqləri qarşısında geri çəkilmək fikrində olmadığını açıqladı və 2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi xarakterizə etdi. Bildirdi ki, Qərbin onu devirmək cəhdindən çəkinmir.

Suriya uğrunda savaş buğun də davam edir. Ancaq bu cəbhədə İranın ciddi üstünlüklərə malik olması şübhəsizdir.

2011-ciildə Yəməndə başlayan vətəndaş müharibəsi indi də davam edir. Bu müharibənin də Səudiyyə Ərəbistanı ilə İran arasında olan düşmənçilikdən qaynaqlandığı kimsəyə sirr deyil. Hazırda Yəmən o gündədir ki, bu ölkədə 100 minlərlə insan aclıqdan və susuzluqdan əziyyət çəkir. İranın qızışdırıb irəli verdiyi husilərlə Səudiyyə Ərəbistanı arasında savaş davam edir…

Yaxın Şərq sünni-şiə savaşının bir addımlığında: İran və Səudiyyə…


İranla Səudiyyə Ərəbistanı göründüyü kimi, bu və ya digər ölkədə üz-üzə gəlirlər. Uzun illər ərzində həmin ölkələrdə öz mövqelərini möhkəmləndirmək uğrunda çaba göstərirlər. Bəs bu ölkələr hərb meydanında birbaşa üz-üzə gələ bilərmi? Bir sıra təhlilçilər bunun qaçılmaz olduğunu vurğulayır. Xüsusən, Donald Tramp Qərblə İran arasında bağlanmış nüvə anlaşmasından imtina etdikdən sonra vəziyyət xeyli mürəkkəbləşdi. İsrailin də pərdə arxasında yer aldığı “Ərəb NATO”su layihəsi ortaya çıxdı. Vaşinqton İrana qarşı regional güc formalaşdırmaq üçün belə bir addım atdı. Misir, İordaniya, Oman, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Qətər “Ərəb NATO”sunda yer aldı. Əslində Yaxın Şərqdə sünni və şiə ölkələri arasında onillərdir ki, proksi müharibələr gedir. İndi isə proksi müharibələrin arxasında dayanan Səudiyyə Ərəbistanı və İran birbaşa olaraq üz-üzə gələ bilər.

Yaxın Şərq sünni-şiə savaşının bir addımlığında: İran və Səudiyyə…


O da məlumdur ki, Səudiyyə Ərəbistanı hərbi büdcəsinə görə dünyada 3-cü yeri tutur. 2017-ci ildə Səudiyyə ABŞ ilə $110 milyardlıq silah müqaviləsi bağlayıb. Qeyd olunub ki, 10 il müddətində həmin xərclər $350 milyarda çata bilər…

Amerika 1980-ci ildən İranın silah almasına qarşı ciddi sanksiyalar tətbiq edib. Ona görə də İran müasir silahlardan xeyli kasaddır.

Rəsmi statistikaya görə, 2016-cı ildə İranın hərbi büdcəsi 12.3 milyard dollar olub. Səudiyyə Ərəbistanında isə bu göstərici 63.7 milyard dollar, bir il sonra isə 69.4 milyard dollar civarındadır. Ekspertlərin rəyinə görə, ümumilikdə İran ordusu Səudiyyə ordusundan xeyli güclüdür. Ancaq say etibarı ilə az olan Səudiyyə Ordusu təpədən dırnağa kimi ən müasir silahlarla təmin olunub.

Yaxın Şərq sünni-şiə savaşının bir addımlığında: İran və Səudiyyə…


Bundan başqa, Səudiyyə Ərəbistanının Ərəb Dünyasında və İslam aləmində (məsələn, Pakistan) ciddi dayaqları var. Səudiyyə Ərəbistanının ABŞ və Avropa Birliyi ilə də ciddi ilişkiləri mövcuddur. İran isə bu mənada xeyli yalqız görünür. Düzdür, Livan, İraq, Yəmən, Suriya İranın yanında yer alır. Ancaq varlı Körfəz ölkələri ilə müharibə aparmaq üçün bu güc kifayət deyil…

O da məlumdur ki, İran ordusunun quruda savaş aparmaq təcrübəsi Səudiyyə ordusundan qat-qat üstündür. İran-İraq müharibəsi də bu ölkəyə ciddi hərbi təcrübə qazandırıb. Bir faktı xatırladaq, Səudiyyə Ərəbistanı Yəməndə husilərlə savaşda ciddi itkilərlə üzləşdi. Quruda bu savaşı uduzan Səudiyyə husilərin mövqeyini havadan bombalamaqla vəziyyətdən çıxa bildi…

Mütəxəssislər ona da əmindir ki, İran Səudiyyə Ərəbistanı ilə müharibəyə başlasa Yaxın Şərq aşkar şəkildə iki yerə bölünəcək. Olası sünni-şiə savaşında ABŞ və müttəfiqləri Səudiyyənin yanında yer alacaqlar. Bu isə İran üçün son dərəcə təhlükəli nəticələr ortaya qoya bilər…

Bəzi təhlilçilər vurğulayır ki, jurnalist Camal Qaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda son dərəcə qəddar qətli ABŞ-ın Ərəb ölkələrinin əli ilə İrana qarşı başlamaq istədiyi müharibəni təxirə saldı. İsrailin istəyi ilə həyata keçməli olan bu müharibənin tamamilə gündəmdən çıxdığını düşünmək isə sədəlövhlük olardı…

Baxın, 2017-ciilin iyununda kral Salmanın fərmanı ilə 31 yaşlı şahzadə Məhəmməd bin Salman vəliəhd təyin olundu. Bu gün, o, ərəb dünyasının ən güclü ölkəsinə rəhbərlik etməkdən sadəcə bir ürək döyüntüsü uzaqlıqdadır. O, vəliəhd təyin olunmamışdan bir az öncə verdiyi müsahibədə belə demişdi: “Bilirik ki, biz İranın əsas hədəfiyik. Biz gözləməyəcəyik ki, İran gəlib Səudiyyə Ərəbistanı ərazisində müharibə aparsın, biz elə edəcəyik ki, həmin müharibə İranın ərazisində baş versin, Səudiyyə Ərəbistanının yox”.

Prezident Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun da fikrinə diqqət edək: “Amerikanın elan etdiyi siyasət Tehrandakı molla rejiminin axırına çıxmalıdır. Bu rejimin müsbətə doğru dəyişilmək şansı yoxdur, ona görə də rejim bütövlükdə dəyişməlidir. Bu, yeganə həll variantıdır… Ona görə də 2019-cu ilə qədər biz Tehranda rejim dəyişikliyinin təntənəli şəkildə bayram edilməsinin şahidi olacağıq”…

Göründüyü kimi, ABŞ ən azı İranda şiəliyə söykənən teokratik dövlət idarəçiliyini dəyişməkdə israrlıdır. İqtisadi sanksiyalardan dolayı ciddi sarsıntı keçirən İran iqtisadiyyatı tənəzzül içindədir. Maddi durumu pisləşən İran xalqı tez-tez küçələrə axışaraq ölkə rəhbərliyinə etiraz edir. Bu prosesin hansı sonluqla yekunlaşacağı isə qeyri-müəyyəndir. Təbii ki, yaşayış səviyyəsi son dərəcə aşağı olan bir ölkənin irimiqyaslı müharibəyə başlamaq ehtimalı son dərəcə aşağıdır. İranla Səudiyyə arasında müharibə yalnız ABŞ-ın qərarı və İsrailin xeyir-duası ilə rəsmi əl-Riyad tərəfindən başlaya bilər…(musavat.com)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 390}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22