fim.az

Rəsmi Bakı xarici siyasətdə yeni müttəfiqlər və dostlar axtarır

21-09-2018, 11:11

Rəsmi Bakı xarici siyasətdə yeni müttəfiqlər və dostlar axtarır
















Əhəd Məmmədli: “Rəsmi Bakının apardığı beynəlxalq siyasəti doğru hesab edirəm”

Mayın 18-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar sammiti keçirilib. Sammitin səbəbi ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi və buna etiraz edən fələstinlilərə qarşı zorakılıq tətbiq olunmasıdır. Bilindiyi kimi, yürüş keçirən fələstinlilərə müdaxilə edən İsrail ordusu 60-dan çox fələstinli öldürüb, 3 min nəfər isə yaralanıb.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov Çində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Azərbaycanın müşahidəçi ölkə statusu alması ilə bağlı müraciətinə baxılacağını bildirib. ŞƏT-ə üzvlük məsələsinin gündəmə gəlməsi bir çox müzakirələr yaradıb.

Azərbaycan sanki xarici siyasətində yeni müttəfiqlər axtarışına çıxıb. Belə ki, hazırda rəsmi Bakının təkcə ŞƏT-ə üzvlük məsələsi müzakirə edilmir. Eyni zamanda Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatına daxil olub-olmamaqla bağlı müzakirələr də getdikcə artmaqdadır. Bununla yanaşı, Azərbaycan Avropa Birliyi ilə yeni münasibətləri rəsmi sənədlərlə möhkəmlətmək ərəfəsindədir, tərəflər arasında əməkdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar gedir. Rəsmi Bakı NATO ilə də yaxın əlaqələrə ciddi üstünlük verir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan bir-birinə zidd olan, yəni Rusiya və Qərbin təsirinin güclü olduğu qurumlara ya üzv olmağa, ya da bu qurumlarla yaxın əlaqələr qurmağa ciddi önəm verir.

Ekspertlər ölkə iqtidarının indiyə qədər yürütdüyü balanslı siyasəti bundan sonra da davam etdirməkdə israrlı olduğunu bildirirlər. Bu siyasətin Azərbaycan tipli ölkələr üçün ən doğru siyasət olduğu qeyd edilir.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli musavat.com-a Azərbaycanın çoxşaxəli siyasətini davam etdirdiyini bildirdi: “Bilirsiniz ki, hansısa ölkə bir təşkilatda yer almaq istəyirsə, bu hələ o demək deyil ki, həmin ölkə yer almaq istədiyi təşkilatın üzvləri ilə o andaca müttəfiq olacaq. Müttəfiqlik hər bir məsələdə sənin yanında olmaq deməkdir. Azərbaycanın da müttəfiqləri çox azdır. Bu müttəfiqlər sırasında nə NATO (Türkiyəni çıxmaq şərti ilə), nə də ŞƏT ölkələri var. Sadəcə, Azərbaycan çoxşaxəli beynəlxalq siyasətini davam etdirir. Çin, Hindistan Azərbaycan üçün maraq kəsb edən önəmli ölkələr olmalıdır. Nəzərə alsaq ki, ŞƏT-də Rusiya da var, buna da balanslaşdırılmış siyasətimizin davamı kimi baxmalıyıq. Ən əsas da indiki məqamda Rusiyanın yer aldığı təşkilatlara marağımızı göstərməliyik. Çünki çox həssas Qarabağ problemimizin bəlkə də həlletmə astanasındayıq. Azərbaycanın siyasəti ənənəvi balanslı siyasətin davamıdır. İndiki halda bu normal gedişatdır. Azərbaycanın sirkdə janqlyor kimi əlində bir neçə alət olsa, o qədər yaxşıdır. Dünya və regionda dəngələr dəyişir. Yeni güc mərkəzləri formalaşır. Azərbaycan da çalışır ki, ənənəvi güc mərkəzləri ilə yanaşı, yaranan yeni güc mərkəzlərində də yer alsın. Azərbaycan eyni anda Ankara, Moskva, Tehran, Təl-Əviv, Vaşinqton, London, Brüssellə yaxşı münasibətlər qurub. Eyni zamanda Bakının Pekin, Dehli, Tokio kimi Uzaq Şərqin gücləri ilə də əməkdaşlıq etməsini müsbət hal kimi dəyərləndirirəm. Azərbaycanın beynəlxalq siyasətini uğurlu hesab etmək olar. Unutmayaq ki, ərazilərimizin bir hissəsi 30 ilə yaxındır ki, işğal altındadır. Azərbaycan həmçinin bu cür siyasəti aparmağa məcburdur. Şişin və ya kababın yanması üçün Azərbaycan bir dövlət kimi qarşısına gərək böyük hədəflər qoysun, riskli xarici siyasət aparsın. Bunları etməyənə qədər Bakı üçün nə şiş, nə də kabab yanan deyil. Şişin və ya kababın yanmaması üçün Bakı heç risk edib torpaqlarını qaytarmır”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan torpaqlarını qaytarmaq naminə artıq müəyyən risklər almağa başlayıb:“Siyasət riski sevir, siyasətdə uğur qazanmaq istəyirsənsə, heç olmasa hərdən risk etməyi bacarmalısan. Azərbaycan həm ŞƏT-ə müşahidəçi üzv olacaq, həm Avropa İttifaqı ilə sənəd imzalayacaq, həm Rusiya ilə KTMT manevrlərini edəcək, həm də ehtiyac duysa Naxçıvanda Türkiyənin hərbi bazalarını quracaq, hamı da razı və məmnun qalacaq. Zatən Azərbaycan həmişə balanslı siyasət yürüdüb və bununla da müstəqilliyini qoruyub saxlaya bilib. Hələlik Azərbaycan bu cür siyasət sürməyə məcburdur. Bəlkə gələcəkdə daha tərəfli xarici siyasət yürütmək məqsədəuyğun olacaq. İndiki məqamda Azərbaycan üçün əsas ərazi bütövlüyünə qovuşmaqdır. Bu, əgər balanslaşdırılmış siyasətdən keçirsə, bunu edək, əgər yox, görsək ki, konkret tərəf tutmaqla torpaqlarımızı qaytara bilərik, konkret tərəfimizi bəlirləyək. Amma hələlik rəsmi Bakının apardığı beynəlxalq siyasəti doğru hesab edirəm. Fikrimcə, indiki halda bu siyasət davam etdirilməlidir. Lakin bu siyasətin yaxın zamanlarda nəticəsi ərazi bütövlüyümüzə qovuşmaq olmasa, onda artıq konkret tərəfli siyasət haqqında fikirləşmək olar”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 256}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22