fim.az

Elçin Quliyev rusiyalı generalla görüşdü

28-11-2018, 11:26

Elçin Quliyev rusiyalı generalla görüşdü















Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2018-2019-cu illər üçün Tədbirlər Planına uyğun olaraq müvafiq fəaliyyətlər uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi general-mayor A.Xəlilovun dəvəti ilə cari ilin 27 noyabr tarixində Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Nəzarəti Depar-tamentinin rəisi general-polkovnik İqor Şmotkinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

28 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Rusiya nümayəndə heyəti qəbul edilib. Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri olan qaçaqmalçılıq fəaliyyətləri, qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin davam etdirilməsi, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında imzalanmış Sazişə uyğun olaraq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi irimiqyaslı infrastruktur layihənin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi aparılan ərazidə sərhəd qurumları tərəfindən etibarlı sərhəd nəzarətinin təmin edilməsi məsələləri üzrə qarşılıqlı əlaqələndirmənin yüksək səviyyədə olması qeyd edilib, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin təkmilləşdirilməsinin, vətəndaşların dövlət sərhədindən keçmə prosedurlarının daha da sadələşdirilməsi ilə yanaşı sərhəd təhlükəsizliyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında sərhəd nəzarətinin təşkili və xüsusiyyətləri ilə tanış olub, sərhəd nəzarəti bölmələrinin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə tətbiq olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Rusiya nümayəndələri müsbət təcrübə mübadiləsini aparmış, gələcək əlaqələrin perspektivlərini müzakirə etmiş və sərhəd nəzarəti bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə ediblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 129}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22