fim.az

Fuad Abbasova görə Rusiyaya nota verilməsinin faydası olacaqmı…

13-06-2019, 09:22

Fuad Abbasova görə Rusiyaya nota verilməsinin faydası olacaqmı…


Politoloq: “Moskvada bəzi dairələr iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışırlar”

“Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar”. Bu barədə APA-ya Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib. Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.

Bundan başqa, məlumat verilib ki, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.

Bəs notanın prosesə hansısa faydası ola bilərmi? Təsiri olarsa, müsbət, yoxsa mənfi təsiri ola bilər? Bu durum həm də Rusiya ilə Azərbaycan arasında müəyyən problemlərin olduğunun təzahürüdürmü?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Azərbaycan əlaqələri siyasi-iqtisadi və hərbi-texniki sahədə ümumi maraqlar kontekstində müəyyən dərəcə inkişaf dinamizminə malikdir: “Amma Moskvada bəzi dairələr iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışırlar və təəssüf ki, rəsmi Kreml bir çox hallarda anti-Azərbaycan şəbəkəsinin istəklərini yerinə yetirir. Bununla Azərbaycanı daimi təzyiq altında saxlamağa çalışırlar. Azərbaycan daima Rusiya ilə sıx dostluq və qarşılıqlı etimad mühitində əməkdaşlıqda maraqlıdır və çalışır ki, qarşı tərəf də buna sadiq olsun. Amma, biz bir çox hallarda bunu Rusiyadan görmürük. Rusiyada ictimai fəal Fuad Abbasova qarşı təzyiqlər və həbs edilməsi birbaşa Rusiya XİN tərəfindən idarə olunur və buradakı məlum şəbəkə çalışır ki, iki qonşu ölkə arasında siyasi ziddiyyətlər yaratsın. Moskvaya nota verilməsi onu deməyə əsas verir ki, görünür, prosesdə ciddi mətləblər var və bu, dövlət siyasəti çərçivəsində həyata keçirilir. Hesab edirəm ki, bu notanın verilməsi Azərbaycanın öz soydaşına sahib çıxması və Azərbaycana qarşı hər hansı bir təzyiq dilinin qəbul edilməməsini qarşı tərəfə çatdırmaqdır. Hesab edirəm ki, Azərbaycan-Rusiya əlaqələrində bu kimi məsələlər iki dövlət arasında ümumi əməkdaşlığa kölgə salmayacaq və Kreml Azərbaycana qarşı daha da duyarlı olmalıdır. Notanın müəyyən təsirləri, hər halda, ola bilər”.

Politoloq dedi ki, Rusiyada erməni lobbisi çalışır ki, azərbaycanlıların Rusiyada fəallığının qarşısını alsın. Təəssüf ki, bəzi diaspor qurumlarımız da bu işin içindədır. Erməni lobbisi və diasporu bundan sonra da azərbaycanlıların Rusiyada siyasi-ictimai fəaliyyətinin qarşısını almağa çalışacaq: “Fuad Abbasov olayı buna sübutdur. Rusiyada erməni lobbisi bir plana malikdir və Azərbaycan dövlət səviyyəsində çalışmalıdır ki, bu planları pozsun. Bunun yollarından biri də Rusiyada siyasi-ictimai xadimlərimizin önə çıxmasıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 253}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22