fim.az

Ekspert: “Tarixi torpaqlarla bağlı mesaj Bakının yeni diplomatik hücum strategiyası kimi dəyərləndirilə bilər”

17-07-2021, 13:43

Ekspert: “Tarixi torpaqlarla bağlı mesaj Bakının yeni diplomatik hücum strategiyası kimi dəyərləndirilə bilər”


“Azərbaycan diplomatik müstəvidə yeni cəbhə aça bilər və bu zaman İrəvan mümkün alternativləri seçərkən mövcud riskləri nəzərə almalıdır”.

“Bunu siyasi ekspert Zaur İbrahimli Azərbaycan Prezidentinin 14 iyulda tarixi torpaqlalra bağlı verdiyi mesajı şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan diplomatiyası bir daha sülh təşəbbüslərindən imtina etməklə uzunmüddətli perspketivdə ermənilərin necə böyük risklərlə üzləşə biləcəklərini açıq şəkildə bəyan edir:

“Prezident İlham Əliyevin 14 iyulda şəhid ailələri və müharibə veteranları ilə görüşdə söylədiyi fikirlər Ermənsitanla münasibətlər, regionda davamlı sülhün əldə olunması üçün rəsmi Bakının siyasi-diplomatik təşəbbüsləri, gözləntilərinin təhlili üçün ipucları verdi. Dövlət başçısının yenidən, daha sərt formada Azərbaycanın tarixi torpaqlarının, Zəngəzur, İrəvan və Göyçənin ermənilərə verildiyini, azərbaycanlıların mütləq öz doğma yurdlarına qayıtmalı olduğunu bəyan etməsi Bakının yeni diplomatik hücum strategiyası kimi dəyərləndirilə bilər”- o qeyd edib.
Ekspert söyləyib ki, Prezident İlham Əliyevin 101 il əvvəl 1920-ci il noyabrın 30-da Azərbaycan xalqının iradəsi nəzərə alınmadan Qərbi Zəngəzurun Ermənistana verilməsinin xatırlatması zamanlama nöqteyi-nəzərindən təsadüf deyil:

“Son vaxtlar, qlobal proseslərdə tarixə qayıdışı müşahidə edirik. Rusiyada, Kremldə də bugünkü siyasi təşəbbüsləri tarixə istinadla əsaslandırırlar. Belə bir kontekstdə Prezident İlham Əliyevin tarixi Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı bəyanatları Bakının müdafiə taktikasına üstünlük verməyəcəyini göstərir.

Azərbaycan diplomatiyası Ermənistana, Rusiyaya tarixi faktları xatırlatmaqla ölkəmizin ermənilərə necə böyük güzəştlərə getdiyini yada salır. O da xatırladılır ki, Ermənsitan öz haqsız iddialarından əl çəkməsə, onun havadarları bu niyyətlərə dəstək verməkdə davam etsələr, Azərbaycan diplomatik müstəvidə yeni cəbhə açacaq. Tarixi təcrübə göstərir ki, tarixi şərtlər azacıq dəyişən kimi diplomatik cəbhənin hərbi cəbhəyə dönüşməsi an məsələsi olur və ermənilər gərək bunu unutmasınlar. Azərbaycan diplomatiyası onu da nəzərə çatdırır ki, Ermənistan üçün “Domokl qılıncı” hazırdır və İrəvanın sülh sazişindən, kommunikasiyaların açılması vədlərindən geri çəkilməsi onun üçün yeni təhdidlər yaradır. İrəvan mümükün alternativləri seçərkən mövcud riskləri nəzərə almalıdır.
Ermənistan üçün isə çox böyük risklər var. Əgər Azərbaycanla konstruktiv məcrada müzakirələr başlamazsa Bakının sərt, barışmaz mövqeyi ilə üz-üzə qalacaq. Azərbaycan üçün bu mübarizəni davam etdirmək çətin deyil və son 28 ildə ölkəmiz bunu sübut edib. Bundan sonra da Azərbaycan bu istiqamətdə bütün gücünü ortaya qoyacaq. Ermənistan üçün isə bu çox ağır yükdür, onu inkişafdan saxlayır və forpost olaraq qalmağa məhkum edir. Ermənsitanda keçirilən 20 iyun seçkilərinin nəticəsi və İkinci Qarabağ müharibəsi göstərdi ki, şovinist elitadan fərqli olaraq erməni cəmiyyəti bu yükün ağırlığını dərk etməyə başlayıb. Yalnız xarici sponsorların dəstəyi bu çətinlikləri aradan qaldırmaq mümkün deyil və ermənilər yenə geosiyasi alət rolunda qalmaqda davam edəcəklər.

Ermənistan sülh təşəbbüslərini cavabsız qoysa, artıq Qərbi Zəngəzur, Göyçə və İrəvan məsələsi gündəliyə gələcək. Azərbaycan diplomatiyası bir daha sülh təşəbbüslərindən imtina etməklə uzunmüddətli perspketivdə ermənilərin necə böyük risklərlə üzləşə biləcəklərini açıq şəkildə bəyan edir.

İkinci Qarabağ Müharibəsi bir daha göstərdi ki, ermənilər üçün tərəqqi yolu Azərbaycana qarşı iddialardan əl çəkib, dinc birgəyaşayışdan keçir. Ermənilərin Cənubi Qafqazda tarixin təbii axarını dəyişmək, xəyali alternativlər yaratmaq planlarının az da olsa gerçəkləşmək potensialı yoxdur. Nə ermənilərin, nə müttəfiqlərinin bu potensialı var. Cənubi Qafqazın hazırkı şəkillənməsi son 300 ilin məhsuludur və tarix nöqteyi-nəzərindən çox az zaman kəsiyidir. Tarixi şəraitin azacıq dəyişməsi mövcud konfiqurasiyanı tamamilə dəyişir. Nadir şahın dövründən başlayaraq bunu müşahidə edirik. Əgər ermənilər yenə xəyali planlarına üstünlük versələr, növbəti mərhələdə daha böyük məğlubiyyətlərə düçar olmaları qaçılmazdır. Azərbaycan diplomatiyası istər iqtisadi rayonların yeni bölgüsündə, istər də Azərbaycan Prezidentinin bəyanatlarında tarixə istinad edərək erməniləri xəbərdar etməyə çalışır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 90}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400