fim.az

Prezident açılışa qatıldı

8-02-2022, 12:41

Prezident açılışa qatıldı


Prezident İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verib. İlham Əliyev yarımstansiyanı işə salıb.

“Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “Qobu” Elektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.
Yarımstansiyanın ərazisində yeni idarəetmə mərkəzi tikilib. Burada yeni əks-qəza avtomatikası sistemi yaradılıb, yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistem mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq, yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.

Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr məsafədə yeni yol çəkilib və daxili yollar salınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 185}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22