ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Hazırki mərhələdə ABŞ ilkin olaraq Ermənistana çətin relyef şəraiti olan yerlərdə istifadə etmək üçün hərbi təcili tibbi yardım maşınları göndərməyi planlaşdırır. Fikrimcə, burada əsas məqsəd siyasi şoudur.
Bu sözləri Axar.az-a ABŞ-ın Ermənistana söz verdiyi hərbi yardım haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Siyasi şərhçi hansısa hərbi texnikaların Ermənistana göndərilməsinin heç nəyi həll etmədiyini, tam inteqrasiya üçün xeyli müddətin tələb olunduğunu vurğulayıb:
“Müqayisə üçün qeyd edim ki, Ukraynaya milyardlarla dollar yardımın ayrılmasına, silah-sursat və hərbi texnikanın göndərilməsinə baxmayaraq, istənilən nəticə əldə edilmir. Çünki Ukrayna ordusu NATO sisteminə tam keçməyib. Ermənistan ordusu isə onillər ərzində tamamilə Rusiya silah-sursatına, hərbi texnikasına və sisteminə inteqrasiya edilib. Yəni ABŞ yaxın gələcəkdə Ermənistana hansısa hərbi texnika göndərsə belə, bunun inteqrasiyası çox çətin olacaq. Bəhs etdiyimiz uyğunlaşmanın tam həyata keçirilməsi üçün minimum 10-15 il vaxt lazımdır. Məsələn, Azərbaycan Ordusunda NATO standartlarına keçid artıq 20 ilə yaxındır ki, başlayıb və proses davam edir. Bunun da bəhrəsini, üstünlüyünü biz 44 günlük müharibə və sonra keçirilən antiterror əməliyyatlarında gördük. Buraya peşəkar kadr hazırlığı, hərbi sahədə əsaslı şəkildə islahatlar, alınan texnika və silah-sursatın mövcud sistemə, güc strukturlarına uyğunlaşdırılması və s. daxildir. ABŞ-ın Ermənistandakı səfirinin dəstək açıqlaması isə yalnız ideoloji və təbliğat, eyni zamanda göstəriş məqsədi daşıyır. Əsas sual doğuran məsələ Vaşinqtonun İrəvandan cüzi sayda hərbi maşın və ya zirehli texnikanın qarşılığında nə tələb edəcəyidir. Cavab isə aydındır, ABŞ Ermənistandan Rusiyaya qarşı ikinci cəbhə açmasını istəyəcək. İndi Paşinyan və komandası bunun nəticələrini oturub diqqətlə fikirləşməli, götür-qoy etməlidir. Ölkəmiz üçün isə burada heç bir təhdid yoxdur, problem Ermənistan və Rusiya arasındadır”.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn bir neçə gün öncə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini, hərbi müşavirlərin, eyni zamanda zirehli təcili tibbi yardım maşınlarının göndərilməsi üzərində iş aparıldığını deyib.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti