fim.az

Əliyev Şuşada bu riskə getdi, çünki gücü var - Başbuğ

9-07-2024, 16:00

Əliyev Şuşada bu riskə getdi, çünki gücü var - Başbuğ


Türk varlığı imperialistlərin, xaçlı dünyasının ən böyük qorxusu və düşmənidir. Hətta bu, onların ən məşhur eposları olan “Nibelunqlar haqqında nəğmə”də də öz əksini tapıb. Türk dünyasının birləşdiyini və bütün mənalarda güc mərkəzinə çevrildiyini təsəvvür edəndə az qala ağıllarını itirirlər. Ona görə də buna əngəl olmağın yollarını axtarırlar.

Bu sözləri Axar.az-a AB-nin Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin TDT-nin Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirakını qınaması haqqında danışan istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik Şimali Kipr Türk Cümhuriyyətinin Şuşadakı sammitə qatılmasına etiraz edənlərin öz keçmişlərinə nəzər yetirməli olduqlarını bildirib:

“Hadisələrin belə inkişafı onlar üçün böyük təhdiddir. Ona görə həm AB-nin baş diplomatı Jozep Borrell və AP-nin deputatı Natali Luazo belə reaksiya veriblər. Xüsusilə Luazonun Şimali Kipr Türk Cümhuriyyətinin sammitdə müşahidəçi statusu ilə Qarabağ şəhərində iştirakını “biabırçılıq” adlandırması hansı təfəkkürdə və əxlaqda insan olduqlarını gözlər önünə sərir. Qarabağ qədim türk yurdu və Azərbaycan torpağıdır. Azərbaycanın da öz suveren ərazisində sammitə ev sahibliyi etməsi ən təbii hüququdur. Kimi dəvət etməsi də öz səlahiyyətidir”.

Başbuğ türk dünyasının heç nədən çəkinmədən öz yoluna davam edəcəyini vurğulayıb:

“Təşkilata qarşı bu mövqe bizim bir olanda ortaya qoyduğumuz gücü göstərir. Cənab Ərsin Tatarın TDT-nin sammitinə dəvət olunması heç kimə sadə məsələ kimi gəlməsin. Bunu etməklə Türkiyə və Azərbaycan birlikdə dövlət qətiyyəti sərgiləyib, riskə gediblər. Yəni hazırda bu risklərə gedə biləcək gücümüz, qətiyyətimiz var. Proseslər qəhrəman oğullarımızın, Azərbaycan Ordumuzun Qarabağı düşmən tapdağından azad etməsi ilə sürətləndi. Sonra isə ortaq tariximizin ən önəmli müqavilələrindən biri olan Şuşa Bəyannaməsi imzalandı və digər qardaş ölkələrimiz Türkiyə ilə Azərbaycanın ətrafında birləşməyə başladı. İndi isə kimlərinsə açıqlamaları, qınamaları bizi yolumuzdan döndərə bilməz. Ox artıq yaydan çıxıb, geriyə yol yoxdur, nə olursa olsun, bir olmalı, güclənməliyik. Çünki gələcək dünyada var olmağımız, özümüzə layiq yer tutmağımız bundan asılıdır. Bu ailədən kənarda qalmaqla özünə hansısa yol tapacağını düşünmək isə xam xəyaldan başqa bir şey deyil. Cənab İlham Əliyevin də vurğuladığı kimi, kənarda heç kim bizi gözləmir və bunu aşkar şəkildə dilə gətirirlər. Ona görə də güclü olmaq üçün daha da yaxınlaşmalıyıq. Macarıstan və ŞKTR-in də etdiyi budur. Jozep Borrell və ya başqalarının açıqlaması isə buna əngəl ola bilməz. Çünki bizi birləşdirən yalnız iqtisadi maraqlar yox, həm də ortaq tariximiz və mənəvi dəyərlərimizdir. Bir də ortada qətiyyət, iradə və qarşımızda isə hamımızı gözəl gələcəyə aparan aydın hədəflərimiz var”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 133}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22