fim.az

Madrid səfərində olan deputatlar Abel Məhərrəmovla bağlı niyə susur? - Video

22-11-2018, 10:10

Madrid səfərində olan deputatlar Abel Məhərrəmovla bağlı niyə susur? - Video














BDU-nun çıxarılan rektoru Abel Məhərrəmovla ilə bərabər İspaniyada tədbirdə olan deputatların da töhmət aldığı xəbərləri dolaşır

Cahan.info yazır ki, həmin səfərdə Siyavuş Novruzov, Çingiz Qənizadə, Cavanşir Paşazadə və Hikmət Babaoğlu olublar.

Əgər təyyarədə sabiq rektor 2 ton çaxır aparıbsa, bundan deputatların necə xəbəri olmayıb?! Bu sual da verilir. Sosial şəbəkələr danışırlar ki, həmin deputatlar indiyə qədərə məsələ barədə susurlar və açıqlama vermirlər.

Jurnalist Əziz Rzazadə strateq.az-da yazıb ki, kiminsə şeytanlaması, xəbərçiliyi ilə BDU rektorunun sonunda vəzifəsi ilə vidalaşması ehtimalını kənara qoymur: “Amma gözümlə görmədiyim, qulaq şahidi olmadığım əhvalatın mövcud təfsirini şübhəyə almaq haqqım özümdə qalır.

Nəzərə alın, İspaniyada baş verdiyi iddia olunan hadisə barədə nə Anar Məhərrəmov, nə Əli Evsen, nə Allahşükür Paşazadə, nə də Abel Məhərrəmovun açıqlaması var. Yəqin ki, heç olmayacaq da.

2 ton şərabın qaçaqmalçılığı ilə bağlı söz sahibi hüquq-mühafizə orqanları ola bilər. Amma Gömrük Komitəsi, DSX, DTX, DİN və Baş Prokurorluğun bu məzmunda bəyanatları yoxdur.

Məncə, siyasi qeybət mayası unundan çox olan bu “kökə”ylə ictimai fikir, sadəcə, azdırılır. Çünki suallar həddən artıq çoxdur:

Madriddə konkret nə baş verib? Bəlkə, gənc səfir Anar Məhərrəmov ümumiyyətlə, qalmaqalın iştirakçısı deyil? Bəlkə, nə şeyx, nə də Əli Evsen “tamaşa”da rol almayıb?

Bəlkə, Abel Məhərrəmovun söz davasına çıxdığı ümumiyyətlə, başqa şəxs və ya şəxslər olub? Yalnız fərziyyələrə əsaslanıb düşünmək qalır: Abel Məhərrəmovun gözlənilmədən vəzifədən azad edilməsinə nə səbəb ola bilərdi?

Belə məlum olur ki, Madriddə təşkil olunan tədbirin təşkilatçısı iş adamı Əli Evsendir. “Dinlərarası dialoqun Sülh və Həmrəyliyə töhfə” adlı III Beynəlxalq Konfrans “Evsen Fondu” ilə İspaniyanın Ədliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (“Evsen Fondu”nun veb-səhifəsində Komitənin adı qeyd olunmayıb) və Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı sayəsində baş tutub. Azərbaycan İspaniyadakı səfirliyinin tədbirin təşkilinə birbaşa qatqısı yoxdur”-deyə jurnalist yazıb.

Cahan.info yazır ki, Ə.Rzazadə digər mətləblərə də toxunub. Onun sözlərinə görə, “Madrid sərgüzəştləri”ndə yüzdə-yüz həqiqət payı vardısa, bir sərəncamla kifayətlənilməməli, həm də Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov geri çağırılmalı, onun fövqəladə və səlahiyyətli səfir statusu ləğv olunmalı idi. Amma bu, baş vermədiyindən beyni digər gümanlar qurcalayır.

Sitat: “Abel Məhərrəmovun qeyri-etik davranışına yalnız konfrans iştirakçıları təsdiqləyə, yaxud inkar edə bilərlər. Hələ ki kimsədən səs çıxmır.

“Evsen Group”-un “Xəbərlər” bölməsindəki son 14 oktyabr açıqlamasında qeyd olunur: ““Dinlərarası dialoqun Sülh və Həmrəyliyə töhfə” adlı III Beynəlxalq Konfrans dünyanın müxtəlif qitələrindən 27 dən artıq ölkənin yüksək səviyyəli din adamları və siyasətçilərinin, o cümlədən İspaniyanın rəsmi qurumları, iş adamları, ali təhsil ocaqlarının rəhbərləri, müəllim və tələbə heyətləri, İspaniyada akkreditə olunmuş səfirlər başda olmaqla diplomatik korpus nümayəndələri, qeyri hökumət təşkilatları və s. qatılacağı tədbir olacaq.

Tədbirin birinci hissəsində hər üç dinə mənsub din xadimləri vahid masa ətrafında toplanaraq, öncə yaşadıqları ölkələrdə dini azlıq təşkil edən nümayəndələrinin fikirlərini, ehtiyac və problemlərini dinləyəcək, sonra isə onların yaşadıqları ölkələrin çoxluq təşkil edən nümayəndələri buna dair öz fikir mülahizələrini bildirəcəklər. Sonuc olaraq sözügedən din xadimləri tərəfindən hazırlanan Ortaq Bəyannamə tədbirin ikinci hissəsində siyasətçilərin diqqətinə təqdim ediləcək.

Onun sərxoş halda “BDU boyda tələbə ordusuna güvənərək siyasi gücə sahib olması” ilə qürrələnməsi iddiası – kulis söhbətidir.

Bunun şahidi varsa da, nümayəndə heyətinin tərkibindəki YAP-çı və ya bitərəf adı altında cibinə deputat mandatı qoyulan, yaxasına nişan taxılan şəxsdən başqa kimsə ola bilməz!

İndi həmin “mandat sahibi” dar çərçivədəki bu söhbəti kimə, necə çatdırıb, bu, tamam başqa və ciddi araşdırılası mövzudur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 168}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22