fim.az

Bakı meriyası bağçalarda yoxlamalara başlayır - Cəzalananlar olacaq...

14-12-2018, 13:48

Bakı meriyası bağçalarda yoxlamalara başlayır - Cəzalananlar olacaq...














Ölkəmizdə təhsil sahəsindəki problemlərin əsası hələ məktəbəqədər müəssisələrdə qoyulur. Məhz bu səbəbdən də “Uşaqlar bağçadan universitetə qədər rüşvət müqabilində təhsil alır” deyimi hakimdir. Təhsilə kompleks yanaşmanın uğuru təmin edən əsas faktor olduğu nəzərə alınaraq bu sahədəki problemlərin həllinə də elə bu təhsilin ilk pilləsindən-uşaq bağçalarından başlamaq lazımdır. İndiki şəraitdə xüsusilə paytaxt Bakıda bu sahədə mövcud durum konkret tədbirləri zəruri edir.

Söhbət məktəbəqədər müəssisəyə qəbulda yaranan problemlərdən başlamış ərzaq təminatı, təlim-tərbiyənin keyfiyyəti, tam dövlət himayəsində olan bu müəssisələrdə valideynlərdən tələb olunan qeyri-rəsmi ödənişlərin artıq kilişələmiş “bağça pulu” kimi təqdimatından gedir. Problemlər kifayət qədərdir və uzun yaranma tarixinə malik olduğundan həlli qısa müddətdə mümkün görünmür.

“Cümhuriyət”in əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti yaxın zamanlarda bütün bu problemlərin öyrənilməsi və aradan qaldırılmasına yönəlik kompleks tədbirlərə başlayacaq. Uşaq bağçalarında yoxlamalara start veriləcək, qanunun tələblərini pozan müəssisə rəhbərləri barədə cəza tədbirləri də gözlənilir. Mənbənin məlumatna görə, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) bugünlərdə keçirilən paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunan seminar-müşavirə bu yolda atılan ilk addımdır. Xatırladaq ki, sədrliyini Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayevin etdiyi müşavirədə mövcud problemlər sadalanıb, real vəziyyəti əks etdirən təqdimat olub. Uşaq bağçalarına qəbulla bağlı yaranan problemin kökündə ilk növbədə yer çatışmazlığı dayanır ki, bu, uzun illərdir həllini tapmır. Hətta əgər Bakının məktəbəqədər tərbiyə müəssisələrinin şəbəkəsi bütün gücü ilə işləmiş olsaydı belə, paytaxtdakı azyaşlıların ancaq 50 faizini təmin etmiş olardı. Nəzərə alsaq ki, bəzi uşaq bağçalarında hələ də məcburi köçkünlər, aidiyyəti olmayan müəssisələr yerləşdirilib o zaman qəbulla bağlı yaranan problemi həll etməyin kökü həm də bu vəziyyətin düzəldilməsindən keçir. “Hazırda Bakıda 720 məcburi köçkün ailəsi bağçalarda yerləşdirilib. Həmin bağçaların qeydiyyatı aparılıb, müvafiq işlər tədbirlər görüləcək. Yaxın vaxtlarda bu məsələ həllini tapacaq”.

Müəssisə rəhbərləri məhz yerin olmadığını əsas gətirərək valideynlərdən qəbul üçün qeyri-rəsmi ödəniş tələb edir, özəl bağçalarda qiymətlərin həddən artıq yüksək olması valideynləri daha münasib “aylığı” olan bağçalara istiqamətləndirir. Hər kəs yaxşı bilir ki, uşaq bağçalarında valideynlər aylıq minimum 20-30 manat ödəyir və bu bir çox hallarda rəsmi ödəniş kimi təqdim olunur.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev sözügedən müşavirədə dövlət bağçalarında valideynlərdən aylıq ödənişlərin alınmasına münasibət bildirərək bu məsələyə son qoyub:

“Bakı Şəhər İcra Hakimiyyətinə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı müəyyən şikayətlər daxil olur. Vətəndaşlar müəssisəyə müraciət edirlər və bəzi hallarda qərəzli şəkildə “yer yoxdur” cavabı alırlar. Elektron formata keçdikdən sonra bunun qarşısı alınacaq, bu sahədə tam şəffaflıq olacaq. Yəni, vətəndaşlar elektron qaydada müraciət edəcəklər, uşaqlar növbəlilik əsasında qəbul olunacaqlar. Şəffaflığı inzibati üsullarla təmin etmək olmur. Ona görə də elektron formanın tətbiqi məqsədəuyğun hesab edilir”.

Elektron formanın tətbiqi 1-ci siniflərə şagird qəbulunda artıq sınaqdan keçirilib və müəyəyn nəticələr versə də, problemləri də az deyil. Bununla belə, valideynlər müəssisə rəhbərləri ilə birbaşa təmasdan azad olmaqla xüsusilə ərazi prinsipi əsas götürülərək 1-ci siniflərə şagird qəbulunu həyata keçriə bilirlər. Bu baxımdan, elektron formanın bağçalara qəbulda da mövcud problemin həllində rolu ola bilər. Amma sistemin tam gücündə işləməsi üçün ilk növbədə bağçalarda yer çatışmazlığı həllini tapmalıdır. Bunu isə həm yeni müəssisələrin tikintisi, həm də müəssisələrdəki mövcud qrupların hamısının uşaqlaırn ixtiyarına verilməsi ilə təmin etmək olar. Xüsusilə Bakının mərkəzində bağça tikintisi üçün ərazinin olmadığı dəfələrlə yüksək səviyyədə vurğulanıb. Həm BŞİH, həm də Təhsil Nazirliyinin əvvəlki rəhbərliyi dönəmində problemin məhz bu səbəbdən həllinin mümkün olmadığı deyilib. Hərçənd ki, Bakıda hər cür tikinti, restoran, “göydələn”, alış-veriş mərkəzi, əyləncə mərkəzi, hətta mərasim evləri üçün yer tapılıb, bircə uşaq bağçasından başqa. İndi bakıda qanunsuz tikintilərlə mübarizənin başladığını, ilk belə işartıların göründüyünü göz önünə gətirərək bu problemin də həllinə ümid yaranıb. Məhz yer çatışmazlığı problemi həllini tapdıqdan sonra müdirlərin rüşvətə yol açan və bəzən də haqq qazandıran bəhanəsi kəsiləcək. Amma bu uzun müddət tələb etdiyindən hələlik BŞİH prosesə yoxlamalarla başlayır. Növbəti mərhələlər məhz bu yoxlamalarda üzə çıxacaq vəziyyətin qiymətləndirilməsindən sonra mümkün olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 348}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22