fim.az

Bakıda insanlara "toy tutan" toy qiymətləri - 110 və 250 AZN-lik menyular...

25-10-2022, 15:30

Bakıda insanlara "toy tutan" toy qiymətləri - 110 və 250 AZN-lik menyular...


Məhərrəmlik ayının sona çatması ilə ölkənin “toy bazarı”nda xüsusi canlanma müşahidə olunur. Hazırda əksər şadlıq saraylarında ən yaxın həftə sonları üçün boş yerlər demək olar ki, yoxdur. Bəs görəsən artan tələbat və hər sahədə müşahidə olunan bahalaşma toy etmək istəyənlərə nə cür təsir göstərir?

Baku.ws saytı mövzu ilə bağlı araşdırma aparıb.

Əlaqə saxladığımız restoranlar içində qiymət artımı olduğunu qəbul edənlər də var, “Təki toy olsun” deyib əvvəlki qiymətdə qaldıqlarını iddia edənlər də...

Gəlin ümumi vəziyyətə birgə nəzər salaq:

Şadlıq sarayları

342947

Şad günlərin keçiriləcəyi məkanlarda qiymətlər minimum 33 manatdan başlayır. Bu rəqəmlərin 110, 240 və 250 manata qədər gedib çıxdığı restoranlar da var. Onların bəziləri müştərilərə menyu qiymətinə daxil, müsiqi, videoçəkiliş, bəy-gəlin maşını təklif edir. Lakin bunun üçün qonaqların sayı qoyulan minimum həddi keçməlidir (Məs. 300 nəfər). Hətta, qonaqların sayı çox olarsa qiymətlərdə endirimlərin edilə biləcəyi dolayı yolla çatdıranlar da oldu. Şadlıq evləri qiymət artımını yağın, ətin və istehlak səbətinə daxil olan qida məhsulların bahalaşması ilə əlaqələndirdilər.

Şad günlərin təşkil edildiyi məkanlardakı vəziyətlə tanış olduq. İndi isə keçid alaq gəlin namizədlərin 1 gün üçün çəkəcəyi xərcə…

Gəlinlik paltarları

342948


Hazırda əksər moda evlərində gəlinliklərin kirayə qiyməti 150-800 manat arasında dəyişir. Bu da paltarların materialı və modelindən asılıdır. Mağazalardan BAKU.WS-ə deyildi ki, son vaxtlar qiymətlərdə nəzərəçarpacaq dəyişiklik daha doğrusu bahalaşma demək olar ki yoxdur.

Bəzi gəlinlik mağazalarında isə qiymətlər 10 min manata qədər gedib çıxır. Mağaza rəsmisi bildirir ki, bəzi parçaların 1 metri 200 manatdır. Haqlı olaraq ondan hazırlanan geyimin xərci 2000 manata qədər yüksəlir. Hətta bəzi gəlinlər özəl günlərini büllur daş-qaşla bəzədilmiş gəlinliklə taclandırmaq istəyir ki, belə olan halda da 10 min manatlıq gəlinlik ərsəyə gəlir.

Məlumdur ki, gəlinin işi gəlinliklə də bitmir. Bu özəl gündə ona saç bəzədilməsi, makiyaj, hələ bir də tac lazım olur. Təkcə tacların kirayə qiyməti mağazaya görə 50, 70, 100 hətta 150-200 manata qədər dəyişir.

Gəlin bəzədilməsi üçün saç və makiyaj da öz növbəsində 200, 500 hətta 700 manatlıq paketlər şəklində müştərilərə təklif edilir.

342949

Milli adət ənənələrimizin olmazsa olmazı bəzək-düzəkli xonçalara gəldikdə isə onların kirayə qiymətləri necə deyərlər od tutub yanır.

Belə ki, xonça dəstlərinin 10 ədədi bəzi yerlərdə 50 manatdırsa, bir çox mağazada bu rəqəm 350 manatdır. Burada söhbət alış qiymətindən yox, kirayədən gedir. Güzgü və şamdanlarda bu qiymətlər 70-250 manat arasındadır.

342950

Xonça mağazaları hər nə qədər qiymətlərin dəyişmədiyini desələr də alıcılar bu rəqəmlərin ötən illərlə müqayisədə xeyli artdığını iddia edirlər.

Apardığımız araşdırmanın nəticəsi olaraq belə qənaətə gəldik ki, pandemiya toy etmək istəyənlərin təkcə vaxt və səbrlərini sınağa çəkmədi. İndi onlara yeni qiymətlərlə sözün əsl mənasında "toy tutur".

Müqayisə üçün deyək ki, illər əvvəl toy etmək istəyənlərə 25-30 manata menyu təklif olunurdusa indi ortalama qiymət 40-45 manatdır. Hazırkı qiymətə təklif edilən yeməklərin müştəriləri nə dərəcədə qane edib-etmədiyi də sual altındadır. Elə bu amil xonça və aksesuarda özünü biruzə verir. Kəllə qəndin kəllə çarxa çıxan qiymətini isə heç yada salmayaq. Araşdırmamızdan aydın oldu ki, ailə həyatı qurmaq xərcləri ən azı 1,5 - 2 dəfəyədək artıb. Ona görə də əliniz cibinizdə olsun.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 207}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22