fim.az

Sürücülərin diqqətinə: Yol hərəkəti qaydalarında yeni incəlik meydana çıxıb

2-11-2018, 10:51

 Sürücülərin diqqətinə: Yol hərəkəti qaydalarında yeni incəlik meydana çıxıb















Bir müddət əvvəl sürücü barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzləndi. Yəni artıq sürücü barəsində tərtib edilən elektron sənəd elə birbaşa “elektron qərar” adlanacaq.

Həmin elektron qərar yalnız real vaxt rejimində tərtib edilməlidir. Yəni indi bəzi hallarda yol verildiyi kimi, kameranın qeydə aldığı məlumatı kompüterdə araşdıraraq bir neçə saat və ya gün sonra elektron protokol (bundan sonra qərar) tərtib etmək qadağan olunur. Real vaxt rejimində tərtib edilməyən qərar etibarsız və qanunsuz olacaq, sürücü buna görə məsuliyyətdən azad ediləcək.

Elektron qərar (əlavələri ilə) 1 gün ərzində sürücünün elektron kabinetinə yerləşdirilməzsə, sürücü bu qayda pozuntusuna görə məsuliyyətdən azad olunacaq. Sürücü onun barəsində tərtib olunan elektron qərardan 20 gün ərzində şikayət verə bilər.

Maraqlıdır, sürücü haqqında elektron qərar tərtib edilibsə, yol polisi əməkdaşı sürücü ilə canlı təmas qurmalı, sürücünü yolda saxlamalıdırmı?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılov Sputnik Azərbaycan-a deyib ki, elektron qərar tərtib edilsə belə, Yol Patrul Xidməti (YPX) əməkdaşı sürücüyə yaxınlaşıb, inzibati xətası barədə məlumat verə bilər: “Ancaq baxır, hansı qərardan söhbət gedir. Məsələn, sürücülük vəsiqəsinin müddəti bitə bilər və ya sürücülük vəsiqəsi əvəzinə müəyyən sənəd verilmiş ola bilər. Ya da texniki baxışla bağlı müəyyən problemlər ola bilər ki, belə hallarda YPX əməkdaşı sürücüyə yaxınlaşa bilər”.

“Amma bəzi hallar var ki, məsələn, qərarın birbaşa qaydada mərkəzi informasiya bankına ötürülməsi zamanı yol polisi sürücüyə yaxınlaşmamalıdır. Bu, əsasən, radara düşmə halları ilə bağlı olur” – deyə deputat bildirib.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, artıq ölkədə “elektron protokol” adlı anlayış yoxdur: “Belə ki, bir müddət əvvəl bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Elektron cihazlar, foto və video vasitəsilə xüsusi olaraq qeydə alınan bütün inzibati xətalar elektron qərar adlanır. Və bu qərar hər bir halda sürücüyə çatdırılmalıdır. Kağız daşıyıcı da sürücüyə çatdırılandan 20 gün müddətində sürücü hər hansı bir şikayət etmirsə, qərar qüvvəyə minir. Və müddət hesablanmağa başlayır”.

Muradlının sözlərinə görə, bu zaman sürücüyə 10 gün faiz gəlmədən ödəmə imkanı verilir: “Məsələn, sürücüyə 60 manat cərimə yazılıbsa, o, 10 gün müddətində 54 manat ödəməlidir. Bundan başqa, sürücüyə 1 ay müddətində yazılan cəriməni faizsiz olaraq ödəmə imkanı verilir. Sonrakı 1 ay ərzində ödənmədikdə, üzərinə faiz gəlməyə başlayır. Ümumilikdə, 2 ay müddətində ödənilmədikdə isə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar çıxarılır. Nəqliyyat vasitəsi dayandırılır və cərimə meydançasına aparılır”.

Ekspert onu da qeyd edib ki, əgər qərar sürücüyə kağız şəklində çatırılmayıbsa, YPX əməkdaşı avtomobili saxlayıb, elektron qərarları kağız şəklində çıxararaq sürücüyə təqdim edə bilər: “Həmçinin, yol polisi əməkdaşı hər hansı bir elektron qərarla bağlı sürücünü saxlaya, sürücüyə xəbərdarlıq edə bilər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 424}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22