fim.az

Yanacağın qiymətləri dəyişdi: bu bizə nə verəcək?

1-07-2024, 12:58

Yanacağın qiymətləri dəyişdi: bu bizə nə verəcək?


Azərbaycanda yanacağın qiymətləri dəyişir. Cəmiyyətdə birmənalı qarşılanmayan qiymət dəyişməsini zəruri edən, yəni onu şərtləndirən səbəblər hansılardır? Vətəndaşlarımız mütəxəssislərdən bu suallara əsaslandırılmış izahat almaq istəyirlər.

Öncə onu deyək ki, bu gün dünyanın enerji balansı sürətlə dəyişir, alternativ enerji istehsalı böyük sürətlə artır. Avropanın bəzi ölkələri indi özünün enerji tələbatının 50%-ə qədərini məhz alternativ mənbələrdən alınan enerji ilə təmin edə bilirlər. Biz indi dünyanın enerji təchizatında sürətlə baş verən inqilabi bir dönüşün başlanğıcındayıq. Son 10 ildə dünyada elektromobillərin istehsalı 140 dəfədən çox artıb. Bu gün dünyada 26 milyondan çox elektromobil istifadə olunur. Dünyanın bir çox ölkələrində və xüsusilə də Avropa ölkələrində avtomobil istehsalçıları 2035-ci ildən etibarən yanacaqla işləyən avtomobillərin istehsalını dayandırmaq barədə öhdəlik götürüblər.

3d8ecf09b753812309d6dd7d5fa7565a.jpg (671 KB)

Bütün bu sadaladıqlarımız fonunda Azərbaycanın dünyanın tutduğu yolla getməsi vacibliyi heç şübhə doğurmamalıdır. Bu gün ölkəmizdə və onun paytaxtı Bakıda benzinlə və xüsusilə də dizel yanacağı ilə işləyən avtomobillərin havaya buraxdığı tullantılar ekologiyanı çirkləndirən və insanların sağlamlığına ciddi zərbə vuran amillərdən biridir. Bakının yollarında hər gün əsasən dizel yanacağından istifadə edərək arxasınca qara tüstü buraxaraq hərəkət edən yüzlərlə avtomobilin ekologiyanı necə korladığını və hər birimizin sağlamlığına necə zərbə vurduğunun şahidi oluruq. Bu vəziyyətin əsaslı şəkildə aradan qaldırılması üçün ilkin mərhələdə Azərbaycan hökuməti yanacağın keyfiyyətinin yaxşılaşdırılması və onun Avro- 5 standartlarına çatdırılması istiqamətində addımlar atmaq qərarı verdi.

Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernizasiya işlərinin nəticəsində yerli bazarın benzinə olan tələbatı Avro-5 standartlarına uyğun təmin ediləcəkdir. Keyfiyyətli benzindən istifadə edən avtomobillər havaya daha az zəhərli qaz buraxacaq, avtomobillərin istismarı zamanı yaranan nasazlıqlar aradan qalxacaq və bütövlükdə yanacaq sərfi aşağı düşəcəkdir. Ən əsası isə bu, bölgədə yaşıl enerji istehsalının lokomotivinə çevrilməkdə olan, cari ilin noyabr ayında bəşəriyyəti ciddi narahat edən iqlim problemlərinin həlli yollarının axtarışını nəzərdə tutan dünyanın ən böyük tədbirinə - COP29-a ev sahibliyi edəcək ölkəmizin bu istiqamətdə müəyyən etdiyi kursa tam uyğun addımdır.

trend_cop29_loqo.jpg (121 KB)

Dizel yanacağı isə ekologiyanı daha çox korladığından, onun qiyməti ilə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addımdır. Bu yanacaq növünün qiymətinin benzinin qiymətinə yaxınlaşdırılmasını şərtləndirən bir əsas səbəb də odur ki, son zamanlar ekologiyanı daha çox çirkləndirən dizel yanacağı ilə işləyən avtomobillərin ölkəmizə idxalında artımlar müşahidə olunmaqdadır. Bu isə hökumətin ekoloji təmizliyin təmin edilməsi istiqamətində müəyyən etdiyi kursa uyğun olmayan bir ənənədir və onun aradan qaldırılması şərtdir. Nəzərə alaq ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində dizel yanacağının qiyməti benzinin qiymətindən yüksəkdir. Bu seçimin məqsədi də həmin yanacaq növündən istifadənin həcmini minimuma endirməkdir.

Bir başqa məsələ isə benzinin dünyanın ayrı-ayrı ölkələrindəki qiymətləri ilə bağlıdır. Araşdırmalar göstərir ki, kasıb ölkələrdə və neft hasil edən ölkələrdə bir qayda olaraq yanacağın qiymətləri daha ucuz, inkişaf etmiş ölkələrdə isə bu qiymətlər daha yüksəkdir. Bəs Azərbaycan yanacağın qiymətində edilən son dəyişikliklərdən sonra bu sırada hansı yerdə dayanacaqdır. Məlumat üçün bildirək ki, Aİ 92 markalı benzinin istehsalı və satışı dünyanın bir çox ölkələrində artıq çoxdan dayandırılıb. Yəni indi dünyada avtomobilər üçün daha çox Aİ 95 markalı benzindən istifadə olunur. Azərbaycanda bu markalı benzin istehsal edilmədiyindən, biz onu idxal edirdik.

84533692cf0360d4252134b579f4d968.jpg (162 KB)

İdxal isə baha başa gəldiyindən həmin benzinin 1 litrinin pərakəndə satış qiyməti 2 manat təşkil edirdi. Neft emal zavodunun yenidən qurulması ilə bu markadan olan benzinin yerli xammal hesabına istehsalı onun qiymətini 40 qəpik ucuzlaşdırmağa imkan verdi. Yaxın gələcəkdə Azərbaycanda daha çox avtomobillərin Aİ 95 benzinindən istifadə edəcəyini nəzərə alsaq, onun qiymətinin 20% ucuzlaşdırılmasını hökumətin benzinin qiymətlərinin insanlarımızın büdcəsinə uyğunlaşdırılması istiqamətində bir addımı kimi dəyərləndirə bilərik. Müqayisə üçün deyək ki, Aİ 95 markalı benzinin yeni qiyməti dünyanın əksər ölkələrində və hətta MDB məkanındakı ölkələrin çoxunda həmin markadan olan benzinin qiymətindən çox aşağıdır.

2178437fd871e5f69fb5325ef2e90087.jpg (37 KB)

Fikrət Yusifov,
İqtisad elmləri doktoru,
professor


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 37}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22