fim.az

Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"

21-05-2024, 09:17

Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"


"İran ekspert icması Prezident İbrahim Rəisinin, XİN başçısı Hüseyn Əmir-Abdullahianın, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhmətinin, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşimin ölümü ilə nəticələnən helikopter qəzasının üç versiyasını nəzərdən keçirir".

Bunu iranlı analitik, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) baş müəllimi Əhməd Vahşiteh Oxu.Az-a deyib:

Onun sözlərinə görə, qəzaya səbəb kimi müzakirə olunan ilk qeyri-rəsmi ssenari əlverişsiz hava şəraiti, dumandır:

- Amma dumanlı havada helikopterlər adətən istismar edilməməlidir, əgər uçmalıdırsa da bu, duman zonasının üstündən olmalıdır. Bundan əlavə, digər iki helikopter təyinat yerinə çatıb. Yəni suallar var.

İkinci qeyri-rəsmi, lakin gözlənilən versiya İsrailin iştirakıdır. İddialara görə, israillilər radara müdaxilə ediblər. Burada yenə sual çıxır - üç helikopter uçurdu, ancaq təkcə biri qəzaya uğrayıb.

Üçüncü qeyri-rəsmi variant daxili məsələdir. Bildiyiniz kimi, İbrahim Rəisi çoxları tərəfindən İranın ali lideri Əli Xameneinin varisi hesab olunurdu və buna heç də hamı tərəfindən sevilmirdi.

- Mərhum İbrahim Rəisinin vəzifələrini yeni prezident seçkisinə qədər İranın birinci vitse-prezidenti Məhəmməd Moxber yerinə yetirəcək. Seçki isə 50 gün ərzində keçiriləcək, onun təşkili ilə xüsusi şura məşğul olacaq. İranın növbəti prezidenti olmaq şansı kimdə daha çoxdur?

- Böyük ehtimalla parlamentin hazırkı sədri, mühafizəkar Məhəmməd Bağer Qalibafın. Onunla yalnız digər mühafizəkarlar, o cümlədən Məhəmməd Moxber rəqabət apara bilər. İslahatçıların heç bir şansı yoxdur.

- Dediyiniz kimi, böyük ehtimalla mühafizəkarlardan seçiləcək yeni prezidentin dövründə Azərbaycanla İran arasında münasibətlər necə olacaq?

- Hesab edirəm ki, heç nə əsaslı şəkildə dəyişməyəcək, çünki İbrahim Rəisi də mühafizəkar idi. Mühafizəkarlar İran parlamentində çoxluq təşkil edir. Beləliklə, Azərbaycanla İran arasında münasibətlər korlanmayacaq, əksinə inkişaf edəcək. Həm Bakı, həm də Tehran Azərbaycan-İran münasibətlərini korlamaq fikrində deyil. Biz gördük ki, Azərbaycan İran prezidentinin helikopterinin sərt eniş xəbərinə, daha sonra prezident Rəisinin ölümü ilə bağlı təsdiqlənmiş məlumatlara necə tez reaksiya verdi, dərdə şərik oldu. Yaxşı qonşuluq münasibətləri təhlükəsizliyin mühüm elementidir. Hesab edirəm ki, Bakı da, Tehran da belə düşünür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 100}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22