fim.az

Erməni nazir rayonların qaytarılacağını istisna etmir — AÇIQLAMA

3-01-2019, 12:54

Erməni nazir rayonların qaytarılacağını istisna etmir — AÇIQLAMA















“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Madrid prinsipləri danışıqlar prosesinin söykəndiyi 3 prinsipə əsaslanır. Bu prinsiplərdən bizim üçün ən vacibi status və təhlükəsizlikdir”.
Bunu Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Zohrab Mnatsakanyan Ermənistanın İctimai televiziyasında yayımlanan “Reallıqda bu gün” verilişində deyib.

Ötən il Brüsseldə, Nyu-Yorkda və Milanda ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə azərbaycanlı həmkarı ilə keçirdiyi görüşləri xatırladan Mnatsakanyan, münaqişənin həllinə dair həmsədrlərin və rəsmi Bakının fikirlərini dinlədiklərini, həmçinin, İrəvandakı yeni rəhbərliyin də yanaşmasını qarşı tərəfin diqqətinə çatdırdığını deyib.

Erməni nazir bildirib ki, sülhü təşviq edən atmosferin yaradılması və hərbi ritorikadan imtina İrəvan üçün olduqca önəmlidir, çünki bu məsələlərin Qarabağın statusu və təhlükəsizliyi ilə birbaşa əlaqəsi var və Ermənistan bu iki prinsipdən əl çəkməyəcək.

Mnatsakanyanın sözlərinə görə, danışıqlarda ən çətin məsələ elə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi ətrafındadır. Lakin o, İrəvanın status məsələsində yenə də Qarabağın azərbaycanlı icmasının hüquqlarını nəzərə almadığını, yalnız separatçıların və öz mənafelərindən çıxış etdiklərini növbəti dəfə sübut edib.

“Bizim üçün ilk növbədə Qarabağın təhlükəsizliyi prioritetdir. Status isə - bu təhlükəsizliklə bağlı olan zəmanətdir. Status o deməkdir ki, “Qarabağ xalqı” bu statusu ya referendum, ya da başqa şəkildə özləri müvafiq formada müəyyənləşdirməlidir. Bunun necə baş verəcəyi isə danışıqlar prosesinin ən çətin məsələsidir” – Mnatsakanyan vurğulayıb.
Erməni nazir İrəvanın kompromisə gedərək işğal altındakı ətraf rayonların qaytarılması perspektivlərinə də toxunub. Lakin bu məsələdə olduqca ehtiyatlı danışmasına rəğmən, onun sözlərindən belə aydın olub ki, müvafiq təhlükəsizlik zəmanəti verilərsə, Ermənistanın yeni rəhbərliyi rayonların qaytarılmasını istisna etmir. Bununla belə, Mnatsakanyan yenə də destruktiv tələblərindən qalmayıb:

“Güzəştə gedilərək rayonların qaytarılmasından danışırlar. Güzəşt, yoxsa qarşılıqlı güzəştlər? Bizdən güzəşt tələb edənlər qarşı tərəfdən də bunu istəyirlərmi? Mən bu məsələyə toxunmaq istəmirəm, çünki hələ ki bütöv mənzərəni görməyə imkan verən şəraitin yarandığına dair əminlik yoxdur.”

Mnatsakanyan həmçinin, Naxçıvanla sərhəddə baş verənlərdən (Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyatlar keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Ordumuzun yeni mövqelərdə möhkəmlənməsi nəticəsində ermənilər bir neçə postu qoyub qaçıblar, digər postları isə bir müddət sonra boşaltmağa məcbur olublar. Strateji yüksəkliklərin əldə edilməsi Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət etməyimizə imkan verir) hədsiz narahat olduqlarını və bu barədə Minsk qrupu həmsədrlərilə yanaşı, KTMT-ni də məlumatlandırdıqlarını bildirib.

Mnatsakanyan Ermənistanın əvvəlki hakimiyyətinin Nikol Paşinyan hökumətini Dağlıq Qarabağ nizamlanması üzrə Sankt-Peterburq, Vyana və Cenevrə görüşlərində əldə olunan razılaşmalardan imtina etməkdə günahlandırması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu razılaşmalar gündəlikdən çıxarılmayıb:
“Lakin bizim üçün risklərin azalması paketinin bütövlüyü vacibdir. Sankt-Peterburq, Vyana və Cenevrədəki danışıqlarla paralel olaraq təmas xəttində gərginlik də davam edirdi. Amma Düşənbədə Ermənistan və Azərbaycan liderlərinin planlaşdırılmamış görüşü risklərin azaldılması istiqamətində çox vacib mərhələ oldu. Bu görüş nəticəsində atəşkəsin pozulması halları azaldı. İndi bizim əlimizdə konkret nəticə var və biz bundan məmnunuq”.(Azvision.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 373}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22