fim.az

Prezident: Deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır — VİDEO

24-12-2019, 08:53

Prezident: Deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır — VİDEO


Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində növbədənkənar parlament seçkiləri ilə bağlı sualı cavablandırarkən deyib.

Dövlət başçısının sözlərinə görə, onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırmalıdırlar:

“Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir. Əlbəttə, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi öz namizədlərini müdafiə edəcək. Bu da təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, çox ədalətli sistemdir.
Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən deyirəm. Çünki mən birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm var idi və dairədə çox fəal idim. 2000-ci ildə isə mən artıq Yeni Azərbaycan Partiyasının bir nömrəli namizədi kimi qeydə alındım və seçiləndən sonra elə bil ki, mənim dairəm yox idi və bu, imkan vermirdi ki, mən hansısa bir dairəyə xüsusi diqqət göstərim.

Ona görə öz təcrübəmdən deyirəm ki, majoritar sistem seçicilər üçün ən uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun. Azərbaycan xalqı hər şeyi yaxşı bilir, atalar sözüdür, xalqın gözü tərəzidir. Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 290}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22