fim.az

Keşiş Baqrat hakimiyyətə gələ bilər? - NƏ BAŞ VERİR

29-05-2024, 14:22

Keşiş Baqrat hakimiyyətə gələ bilər? - NƏ BAŞ VERİR


"Keşiş Baqrat Qalstanyanın aksiyaları Nikol Paşinyanın 2018-ci ildə başlatdığı prosesdən fərqlənir".

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli "Cebhe.info"-ya açıqlamasında deyib. O bildirib ki, həmin vaxt Ermənistanda ictimai sifariş var idi:

"İnsanlar korrupsiya, ölkəni uçuruma yuvarlamaq və səbəbsiz əsgər ölümləri məsələlərinə görə "Qarabağ klanı"ndan bezmişdi. Üstəlik, Ermənistanda hər il Qarabağdakı keçmiş qondarma rejimə 300 milyondan çox vəsait ayrılırdı. Onlara büdcədən sonuncu ayrılan vəsait isə 411 milyon idi. Bu isə Ermənistan büdcəsi üçün kifayət qədər böyük yük idi. Həmçinin, ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması, əhalinin kütləvi şəkildə Ermənistanı tərk etməsi kimi məsələlər Nikol Paşinyanın başlatdığı etirazlar üçün bir növ sosial sifariş idi".

Lakin həmsöhbətimiz qeyd edib ki, keşiş Baqratın aksiyalarında məqsəd başqadır:

"Bu, Serj Sarkisyan, Robert Köçəryan, kilsə və erməni diasporu tərəfindən hazırlanan revanşist hərəkatdır. Onların başlatdığı hərəkat sosial sifariş deyil. Üstəlik, aksiyalara gələn əhali sayı da kifayət qədər azdır. Məsələn, keşiş Baqratın İrəvana ilk çatdığı gün aksiyada iştirak edənlərin sayı 26 min idi. 26 min nəfər isə 2,5 milyon əhalisi olan Ermənistanda hakimiyyəti dəyişmək üçün yetərli say və qüvvə deyil. Əhali də hazırda keşişə etimad göstərmir və onun hakimiyyətə gəlməsini istəmir. Çünki ermənilər kilsəsinin yüzillərdir onlardan vasitə kimi istifadə etdiyini görürlər".

Bakir Həsənbəyli hesab edir ki, keşiş Baqrat hakimiyyətə gələ bilməz:

"Məncə, proseslər onun hakimiyyətə gəlməsi ilə nəticələnməyəcək. Bu mümkün deyil. Birincisi, Ermənistan Konstitusiyası dinin dövlətdən ayrı olduğunu açıq şəkildə göstərir. Keşişin vəzifəsindən və ya kilsə qarşısındakı öhdəliyindən imtina etməsi onun iqtidara gələcəyi demək deyil. İkincisi, Baqrat Qalstanyanın baş nazir postuna namizəd olacağı da real görünmür. Çünki onun namizədliyinin təsdiq olunması hakim partiyanın minimum 18 deputatının səsi lazımdır. Bunun olması isə absurd olar".

Sədr müavini vurğulayıb ki, hazırda Nikol Paşinyan rəqibsizdir:

"Keşiş Baqrat da onun rəqibi ola bilməz. Paşinyanın rəqibinin olmaması isə erməni ictimaiyyətinin faciəsidir. Min illərlə tarixi olduğunu iddia edən bir toplum bu gün qarşısına öz qanunlarına belə hörmət etməyən bir keşişi çıxarır. Bu da erməni milləti üçün dəhşətli faciədir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 127}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22